AZ

Əliyevin bu eyhamı sonadək araşdırılmalıdır- Minalar...

Image

Rauf Zeyni: “Bu qədər minanın Azərbaycan ərazisinə hansı yollarla gətirildiyi, bu cinayətə kimlərin dəstək verdiyi ciddi araşdırılmalıdır”

“Müharibədən sonra onlar (ermənilər – red.) yüzlərlə minanı məhz təmas xətti olacaq yerlərdə basdırıblar, yəni separatçı qüvvələrlə Azərbaycanın Silahı Qüvvələri arasında olan yerlərdə. O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Biz Rusiya sülhməramlılarını və Türkiyə monitorinq missiyasının üzvlərini dəvət etdik, həmin minaları onlara göstərdik. Bu onu göstərir ki, erməni terroru davam edir”.

Bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.

Həmin minaların İkinci Qarabağ müharibəsindən sonra Qarabağa necə daşınması ilə bağlı sualın açıq qaldığını bildirən dövlət başçısı qeyd edib: “Minaların təxminən bir milyona yaxın olduğunu zənn edirik. Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər. Lakin o xəritələrin də dəqiqliyi tam deyil”.

“Prezident çıxışında bir daha konkret ünvan göstərib vurğuladı ki, bölgə üçün təhlükə mənbəyi olan bu minalar Ermənistanda istehsal olunub”

Prezidentin açıqladığı bu faktın beynəlxalq səviyyədə araşdırılmalı olduğunu deyən Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan ermənilərin mina terroru ilə bağlı bütün faktları açıqlayıb, bu məsələ geniş səviyyədə müzakirə olunub, amma hələ beynəlxalq aləm Ermənistanın, ermənilərin bu cinayətlərinə reaksiya bildirməyib. “Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq mina problemini vurğulayır. Ermənilər tərəfindən illər uzunu ərazilərimizə minalar “əkilib”. Ermənilər Azərbaycan ərazisinə bir milyona yaxın mina basdırıb, amma mina xəritələrini vermir. Nəticədə vətəndaşlarımız, mülkü şəxslər ermənilərin mina terrorunun qurbanı olurlar. Heç şübhəsiz, bu qədər minanın Azərbaycan ərazisinə hansı yollarla gətirildiyi, bu cinayətə kimlərin dəstək verdiyi ciddi araşdırmalıdır. Faktiki olaraq, vaxtilə Qarabağda mövcud olan separatçıları maliyələşdirən ölkələr, beynəlxalq təşkilatlar olub. Xatırlayıram ki, 2009-cu ildə ABŞ-ın separatçılara 18 milyon dollar yardım göstərməsinə Milli QHT Forumu olaraq etiraz bildirmişdik və bəyanat vermişdik. ABŞ Dövlət Departamenti səfirlik vasitəsilə bizə cavab vermişdi ki, biz bu vəsaiti veririk pulu beynəlxalq QHT təşkilatı ifadə edir, guya vəsait separatçılara birbaşa verilmirdi.  Onlar deyirdilər ki, o vaxt  o vəsaiti guya minaların təmizlənməsi, su, təhsil və sağlamlıq üçün  veriblər. Biz o vaxt qeyd etmişdik ki, bu vəsait separatizmin güclənməsinə, ərazidə minaların basdırılmasına, narkotik bitkilər əkilməsinə sərf edilə bilər, bu vəsaiti onlara vermək olmaz. Demək istəyirəm ki, ermənilər 2020-ci ilə qədər də minalar basdırıb. 2020-ci ildə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra erməni separatçıları bəzi hallarda etiraf edirdilər ki, minalar basdırıblar. Nəticədə minlərlə insanın həyatı təhlükəyə düşüb”-deyə qeyd edən R.Zeyni dedi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə dekabrın 6-da Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçirilib və Bakıda start götürən forum Ağdamda davam edib. O vurğuladı ki,  2020-ci ildən bugünə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olub. 

R.Zeyni əlavə etdi ki, beynəlxalq aləm bu hala biganə qalmalı deyil. Bu məsuliyyəti ermənilərin daşıdığını deyən ekspert hesab edir ki, onlar da bu məsuliyyətdən yayınmaq üçün bir çox ərazilərə basdırdıqları minaların   xəritələrinin əllərində olmadığını deyirlər. “Bütün hallarda, beynəlxalq aləm Ermənistanın mina cinayətləri ilə bağlı mövqe bildirməlidir” - deyən R.Zeyni qeyd etdi ki, minaların çoxluğu, əlimizdə müvafiq xəritələrin olmaması səbəbindən azad ərazilərdə insanlar üçün təhlükə hələ də qalır. “Minaları necə gəldi basdırıblar. Bu da Azərbaycan və bütün region üçün təhlükəlidir. Ona görə də cənab Prezident çıxışında bir daha konkret ünvan göstərib vurğuladı ki, bölgə üçün təhlükə mənbəyi olan bu minalar Ermənistanda istehsal olunub. Ermənistanda istehsal olunan minalara görə isə bu ölkə məsuliyyət daşıyır. Aidiyyəti beynəlxalq təşkilatlar nəhayət ki, addım atmalıdır”-deyə R.Zeyni bildirdi.  

Leyla QARAXANLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
baki-xeber.com

10Mənbələr