• Şikayət et

Federasiya rəsmisi Tokio 2020-dəki uğursuzluqdan danışdı: "Pandemiya..."

"Komandanın qarşısına konkret sayda medal tələbi qoyulmamışdı. Amma ən azından Rio 2016-nın nəticəsinin təkrarlanmasına ümid edirdik".

Bunu Fanat.Az-a Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.

Millimizin Tokio 2020-də uğursuz çıxışı ilə bağlı açıqlama verən qurum rəsmisi, pandemiyanın və püşkün təsirini ön plana çəkib:

"Rio Olimpiadasından ötən beş il ərzində komanda lazım olan hər şeylə təmin edilib. Cüdoçulara yüksək səviyyəli təlim-məşq toplanışlarında, Qran Pri, Böyük Dəbilqə turnirlərində davamlı iştirak imkanı yaradılıb. Komandamızın üzvləri dövrü turnirlərdə, dünya və Avropa çempionatlarında ümidləri doğruldublar. Bu nəticələri və rekord heyətə əsaslanıb, cüdoçularmızın Tokioda Riodan da yüksək nəticələr qazanacağına inanırdıq. Amma gözləntilərimiz hələ ki doğrulmur. Çıxışını başa vuran idmançıların bir neçəsi medal ümidimiz idi.

Bugünəqədərki uğursuz çıxışda pandemiyanın təsiri hiss olunur. Yığma üzvləri bir müddət məşqsiz qaldılar. Sonradan müəyyən hazırlıqlar olsa da, bu, istənilən effekti vermədi. Yığmanın bir neçə üzvü də koronavirusa yoluxmuşdu. Rüstəm Orucov uzun müddət məşqsiz, yarışsız qaldı. Həmçinin Məmmədəli, Kəramət, Orxan infeksiyaya yoluxma səbəbindən geri düşdülər. Üstəlik, püşk də yaxşı gətirmədi. Rüstəm Orucov Ono ilə 1/4-də yox, yarımfinalda qarşılaşsaydı, bürünc şansı daha çox olardı".

 

 

Növbəti günlərdə çıxış edəcək 3 cüdoçunun hamısından medal gözləndiyini bildirən Babanlı, Tokioda qeydə alınan nəticələr barədə hesabat veriləcəyini qeyd edib: "Hesabat xarakterli toplantı olacaq. Ancaq məşqçilər heyətinin gələcək taleyi ilə bağlı heç nə deyə bilmərəm. Qarşıdakı iki gündə medal gözləntilərimiz var. Ümid edirik ki, nəhayət, Tokioda bayrağımız dalğalanacaq".

Qeyd edək ki, ölkəmiz Tokio 2020-yə 9 cüdoçu(7 kişi, 2 qadın) ilə qatılıb. Bu günə qədər tatami üzərinə çıxan 6 cüdoçumuzun hamısı yarışı medalsız başa vurub. Ən yaxşı göstəriciyə Olimpiya komandamızın bayraqdarı Rüstəm Orucov imza atıb (5-ci yer). Sabah Zelim Kotsoyev(100 kq), iyulun 30-da isə Uşanqi Kokauri(+100 kq) və qadınların +78 kiloqram çəki dərəcəsində yer alan İrina Kindzerska mübarizəyə qoşulacaq. Cüdo yarışlarına iyulun 31-də qarışıq komanda yarışı ilə yekun vurulacaq. Azərbaycan komanda yarışında təmsil olunmayacaq.

Sahib Əsədbəyli

Mənbə:
0
1773
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar