Kadırov niyə yüksək vəzifələrə qohumlarını təyin edir? - Qəribə CAVAB
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, onun yüksək vəzifələrdə çalışan qohumları tutduqları vəzifələrə layiq olmaq üçün onlarla dəfə çox işləməli olurlar.
Bu barədə o, teleqram kanalında yazıb.
"Mənim qohumlarım hər hansı qurumda, hansı vəzifədə olursa olsun, onlar on dəfə çox çalışırlar. Çünki onlar sübut etməlidirlər ki, mənim sayəmdə deyil, mənə rəğmən işləyirlər. Kimə güvənirəm, onu da təyin edirəm", - Kadırov qeyd edibş.
O, həmçinin bildirib ki, Çeçenistanda qanun hər şeydən üstündür. Kadırovun sözlərinə görə, o, işçilərin işində nəticələri və fədakarlığı yüksək qiymətləndirir./Publika
Dünyada bir milyarda yaxın insan "Apple" şirkətinə pul ödəyir
"Apple" pullu xidmətlərinin auditoriyasının 935 milyon nəfərə çatdığını açıqlayıb.
Bu barədə "TechCrunch" məlumat yayıb.
Ödənişlər "iCloud", "Apple Music", "Apple TV+", "Apple Arcade", "Apple News+", "Apple Fitness+", "Apple One" və "Apple Pay" abunəçiləri tərəfindən həyata keçirilir.
Ötən ilin maliyyə ilinin birinci rübündə 20,8 milyard dollar gəlir əldə edib. Bu, 2021-ci ilin eyni dövründə şirkət 19,5 milyard dollar qeydə aldığı üçün illik müqayisədə 6% artım deməkdir. "iPhone" istehsalçısı həmçinin "Business Essentials", "AppleCare", "Tap to Pay" və "Apple Financial Services" kimi müəssisə xidmətləri təqdim edir.
"Apple" həmçinin qeyd edib ki, il ərzində "App Store" abunəçilərinin artımı on faiz təşkil edib. Bulud və ödəniş xidmətləri abunələr arasında əsas gəlir mənbəyinə çevrilib. Şirkət hər bir xidmət növündən əldə etdiyi dəqiq gəliri açıqlamayıb.
Bu ölkə də çip savaşına qoşulur
Yaponiya yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılması sahəsində ABŞ-ın Pekinə tətbiq etdiyi məhdudiyyətlərə qoşulmaq niyyətindədir.
Bu barədə bu gün "Kyodo" agentliyi məlumat yayıb.
Sənəddə Pekinin mümkün cavab addımlarından yayınmaq üçün birbaşa Çinin adı çəkilmir. Layihənin yaxın günlərdə təqdim ediləcəyi və yapon şirkətləri ilə məsləhətləşmələrin aparılacağı bildirilib.
Yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılmasının yazda qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, Vaşinqton 2022-ci ilin oktyabrında Çinin çip istehsalına mane olmaq üçün yarımkeçiricilərin ixracını məhdudlaşdırıb. Lakin ABŞ yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar sahəsində dünyada şirkətləri aparıcı mövqe tutan Yaponiya və Niderlandın Çinə ixracının davam edəcəyi təqdirdə məhdudiyyətlərin effektiv olmayacağından ehtiyat edir. Buna görə də ABŞ Yaponiya və Niderlandın bu ixrac məhdudiyyətlərinə qoşulmasını istəyib./Lent
Azərbaycanlı aşpaza 5 min dollar verildi
Dünyanın 53 ölkəsindən kulinarın qatıldığı 9-cu Beynəlxalq "Gənc Aşpaz Olimpiadası"na yekun vurulub. Olimpiadada iştirak edən Azərbaycan təmsilçisi Emil Zeynalzadə qızıl kuboka və 5000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Taylandlı iştirakçı Patiphon Lertsurakitti gümüş kubok və 3000 ABŞ dolları məbləğində pul mükafatı ilə ikinci yeri tutub. Hindistanlı Naureen Shaikh isə bürünc və 2000 ABŞ dolları məbləğində pul mükafatı ilə üçüncü yerdə qərarlaşıb.
Filana qalan 10 ölkə arasında İngiltərə, Fransa, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, ABŞ da olub.
Qeyd edək ki, "Gənc Aşpaz Olimpiadası 2023" Böyük Britaniyanın Beynəlxalq Qonaqpərvərlik Şurası və Beynəlxalq Otel İdarəetmə İnstitutunun birgə təşəbbüsü ilə keçirilir./AzVision
Saxta və keyfiyyətsiz dərmanlar ölkəyə necə gəlir? - ARAŞDIRMA
Keyfiyyətsiz dərman problemi qanayan yaramızdır. Yəqin hər kəs dəfələrlə müalicə vaxtı dərmanların təsirinin az olması problemi ilə rastlaşıb. Dərmanlarla bağlı nə qiymətdə bəxtimiz gətirib, nə də keyfiyyətdə. "Əsas sağlamlıqdır" deyib, məcbur olub alırıq, təəssüf ki, faydasını ödənişinə uyğun görmürük. Dərdimizə dərman tapmaq üçün ya xaricdən sifariş etməliyik, ya da qiymətləri 4-5 dəfə baha olan "alman" apteklərinə üz tutmalıyıq. Hətta iş o həddə çatıb ki, həkimlər də resept yazanda əgər müalicənin təsirini tez görmək istəyiriksə, bizi sözügedən bahalı əczaxanalara, xaricdəki dost-tanışlarımızdan kömək istəməyə yönləndirirlər.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Keyfiyyətsiz dərmanlarla bağlı dəfələrlə yazsaq da, dərdimizə dərman tapmırıq ki, tapmırıq. Hətta iş o həddə çatıb ki, xarici dərman istehsalçılarından biri Azərbaycanda dərmanlarının saxta olması ilə bağlı əhaliyə müraciət edir. Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkəti bu yaxınlarda açıqlama yayaraq bildirib ki, "Ozempik" preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, "Ozempik" 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur. Yəni Danimarka istehsalı adı ilə apteklərdə satılan bu dərman əslində saxtadır.
Sual olunur: bu faktdan sonra xarici ölkələrdən gələn dərmanların həmin ölkələrin istehsalı olduğuna necə inanaq?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycana rəsmi yolla idxal edilən bütün dərman vasitələri Analitik Ekspertiza Mərkəzində (AEM) laborator analizdən keçir və sənədlərinin uyğunluğu yoxlanılır. Qurumun açıqlamasına görə, vətəndaşlar dərman vasitəsi alan zaman onun saxta olmasını çox sadə yolla müəyyən edə bilərlər:
"AEM-in idxalına icazə verdiyi bütün dərman vasitələrinin qutusunun içərisində mütləq qaydada Azərbaycan dilində içlik və qutusunun üzərinə vurulmuş nəzarət markası olur. Əgər vətəndaşlar dərman vasitəsi alarkən qeyd etdiyimiz iki haldan heç biri və ya hər hansı biri olmazsa, deməli, bu dərman vasitəsi ölkəyə rəsmi şəkildə idxal edilməyib. Vətəndaşlarımız yuxarıda qeyd olunan hallarla və ya keyfiyyətsiz dərman vasitəsi ilə rastlaşarlarsa, o zaman aptekin ünvanı, dərman vasitəsini alındığını sübut edən kassa çeki ilə birgə AEM-in "Bir pəncərə" sisteminə müraciət etməklə, mərkəzin "qaynar xətt"inə zəng edərək, www.pharma.az saytı vasitəsi ilə müraciət edərək, yaxud AEM-in sosial şəbəkə səhifələri vasitəsi ilə bu barədə məlumat verə bilərlər".
Qurum vurğulayır ki, ölkəyə gətirilən saxta dərman vasitələrinin aşkar olunmasında vətəndaş dəstəyi önəmlidir:
"AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin əməkdaşları il ərzində əczaçılıq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə planlı və plandan kənar yoxlamalar həyata keçirir. Lakin ölkəyə gətirilən saxta dərman vasitələrinin aşkar olunmasında ictimai nəzarətin olması və vətəndaşların dəstəyi çox önəmlidir".
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Danimarka dərman istehsalçısının yaydığı açıqlamaya inanmadığını bildirib:
"Ozempik" şəkər əleyhinə dərman preparatı kimi istifadə olunur, tərkibi insulindir. Lakin son dövrlər Azərbaycanda "Ozempik"dən arıqlamaq məqsədilə istifadə edənlərin sayı artdı. Bu dərman əvvəlcə çox az gətirlmişdi. Satılıb bitəndən sonra isə gətirilməsində problem yarandı. Bundan sonra bəzi güclü şirkətlər həmin dərman preparatının Türkiyə variantını qanunsuz yolla ölkəyə gətirdilər. Əslində saxta deyil, amma dövlət qeydiyyatından keçirilmədən birbaşa Türkiyədən Azərbaycana gətirilir. Şirkət də Danimarka istehsalının deyil, Türkiyə istehsalının meydana gəlməsini gördükdə, həmin dərman bazarına öz təsir imkanlarını saxlamaq üçün əhaliyə müraciət etdi. Düşünürəm ki, bu məlumat ona görə yayılıb ki, qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlara inamsızlıq yaransın".
Mütəxəssisin sözlərinə görə, məhz bu dərman vasitəsini saxtalaşdırmaq mümkün deyil:
"Bu dərman ampula formasındadır. Birdəfəlik dozalarla şəkər xəstələri istifadə edirlər. Bu formaların saxtalaşdırlması üçün ümumiyyətlə texnoloji imkanlar yoxdur. Əgər bu imkanlar olsaydı, onda Azərbaycan rəsmi qeydiyyatdan keçib özü onun istehsalına başlayardı. Bunun üçün milyonlarla vəsait lazımdır. Danimarka şirkəti bazarda öz monopolist imkanlarını qoruyub saxlamaq üçün bu müraciəti yaydı".
Mütəxəssis vurğulayıb ki, bu dərmanları xaricdə saxtalaşdırıb gətirirlərsə, burada gömrük orqanları məsuliyyət daşıyır:
"Yox, əgər gömrük orqanlarında problem yoxdursa, dərmanlar ölkəyə gətirilərkən bütün qaydalara riayət olunursa, onda Analitik Ekspertiza Mərkəzi onlardan nümunələr götürüb analiz etməlidir. Uyğunsuzluq müşahidə edəcəksə, sertifikat verməməlidir. Kimsə özü üçün istifadəyə gətiribsə, buna artıq qanun icazə verir. Məsələn, bir fərd özü üçün 5 dərman gətirib, 3-nü satırsa, bu "Dərman vasitələri haqqında" qanunun 6-cı maddəsi ilə uyğunluq təşkil edir. Yəni bəlli miqdarda istifadə üçün gətirilməsinə qadağa yoxdur".
Dərmanların keyfiyyətsizliyi məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayıb ki, keyfiyyəti azaltmağın da yolları var:
"Keyfiyyətin göstəricisi dozadır. Yəni dərman preparatının üzərində əsas təsiredici molekulun dozası yazılır. Hər bir dərman preparatı ölkəyə daxil olduqdan sonra qeydiyyatdan keçir və göstəriciləri öz əksini tapır, keyfiyyət sertifikatı verilir. Əgər əsas təsir edən kimyəvi maddənin miqdarı azalıbsa, buna sertifikat verən qurum cinayət məsuliyyəti daşıyır. İkinci təsir amili odur ki, özəl şirkət gedir əsasən Asiya ölkələrindən bir zavod tapır, deyir ki, onun tərkibinə daxil edəcəyin əsas maddələrin dozasını azalt, məbləğini məndən ucuz al, amma baha sənədləşdir. Bu, "sövdələşmə" əsasında baş verə bilər. Həmin partiya ölkəyə rahatlıqla daxil olur. Bu zaman həm dərmanı gətirən, həm analiz edən, həm də istehsal edən korrupsiyanın elementinə çevrilir. Adətən xarici ölkə zavodları belə sövdələşməyə getmir. Elə bir hal mümkündürsə, deməli, işbazlarımız o zavodlara da yol tapa bilirlər".
Hindistanda minlərlə kişi həbs edildi: Qadınlar etiraza qalxdılar
Hindistanın Assam ştatında polis 2000-dən çox kişini həbs edib.
Kütləvi reydlər zamanı yetkinlik yaşına çatmayan qızlarla nikaha girən 2169 kişi saxlanılıb.
Bu barədə ştatın polis rəisi Qyanendru Pratap Sinqx məlumat verib.
"İndiyədək biz polis tərəfindən qeydə alınmış 4074 hadisə əsasında 2169 nəfəri həbs etmişik", - deyə o qeyd edib.
Buna baxmayaraq, saxlanılanların arvadları asayiş keşikçilərinin bu qərarından narazılıq ediblər. Onlardan biri kiçik uşağı ilə birlikdə etiraza qalxıb və deyib ki, onlar çətinliklə dolanmalarına baxmayaraq, xoşbəxt olublar.
"Həyat yoldaşım həbs olunubsa, bəs indi bizim dolanışığımızı kim təmin edəcək?", - deyə o hiddətlənib.
Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb
Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb.
Ekspertlər Rusiya sakinlərinin fevral tətillərində hansı ölkələrə gedəcəklərini açıqlayıblar. Mütəxəssislərin sözlərinə görə, fevralın 22-dən 26-a qədər Rusiyadan xaricə səyahətlər təxminən 14% təşkil edəcək.
Rusiyalı turistlərin bu ay ən çox Türkiyəyə səfər edəcəyi gözlənilir. Siyahıda Azərbaycan üçüncü yerdədir.
Yaxın xaric ölkələr arasında Özbəkistan, Qazaxıstan, Belarus və Qırğızıstan da siyahıya düşüb. Uzaq istiqamətlərdən Birləşmiş Ərəb Əmirlikləri, Tailand və İsrail qeyd olunur.
Bakıda dəm qazından zəhərlənən iki azyaşlı xilas edildi - VİDEO
Bakıda dəm qazından zəhərlənən iki azyaşlını xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzildə vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə iki nəfər azyaşlı bağlı qapı arxasında qalıb və heç bir çağırışlara cavab vermirlər.
Xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlardan istifadə etməklə giriş qapısı açılaraq mənzilə daxil olunub. Mənzilə baxış keçirilərkən iki azyaşlının huşsuz vəziyyətdə köməyə ehtiyacının yaranması müəyyən edilib.
Xilasedicilər tərəfindən dərhal ilkin yardım göstərilərək azyaşlılar həyati təhlükəli vəziyyətdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
İlkin ehtimala görə hadisəyə səbəb dəm qazı zəhərlənməsi olub.
"Neftçi"nin futbolçusu yenidən zədələndi
"Neftçi"nin futbolçusu Rəhman Hacıyev yenidən zədələnib.
Bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziya kanalına açıqlaması zamanı deyib.
O bildirib ki, sol baldır əzələsindəki zədəsini sağaldaraq fərdi məşqlərə başlayan 30 yaşlı yarımmüdafiəçinin məşq zamanı sağ baldır əzələsində dartılma əmələ gəlib. Hacıyevin təxminən 2-3 gündən sonra individual hərəkətlərə başlaması planlaşdırılır.
"Neftçi"nin digər zədəli futbolçuları Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.
Hindistan Rusiyaya görə Qərbin sanksiyalarından yayınmaq üçün valyutalarını "dəyişiblər"
Hindistan şirkətləri Rusiya neftinə ödəniş üçün valyutalarını "dəyişiblər".
O da vurğulanıb ki, Hindistan neft emalı müəssisələri Rusiya neftini əsasən Dubay treyderlərindən, o cümlədən "Everest Energy" və Rusiyanın "Lukoil" neft şirkətinin bölməsi olan "Litasco"dan alır.
Hindistanın Rusiyaya qarşı sanksiyaları tanımamasına baxmayaraq, ölkənin bankları və maliyyə qurumları Qərbin Rusiyaya qarşı gördüyü digər məhdudlaşdırıcı tədbirləri pozmamaq üçün klirinq ödənişlərinə ehtiyatla yanaşır.
Özünü aldatma yoxsa, psixoloji problem: Özündən başqa hamıya oxşayanlar
Elə bir dövrdə yaşayırıq ki, kim realdır, kim saxta - bəlli deyil. Son vaxtlar bu istiqamətdə bir problem də yaranıb. Bəzən sosial şəbəkələrdə şəkillərdən gördüyümüz şəxsləri canlı görəndə tanıya bilmirik. Səbəb isə axır vaxtlar dəbə düşən filtrlərdir. Əvvəllər makiyajın insanları dəyişdiyini deyirdilərsə, indi dəyişmək funksiyasını filtrlər əvəz edir. Bu ənənə uzun illərdir mövcud olsa da, son vaxtlar ifrat dərəcədə artıb. İnsanlar bu proqramlarla özlərini arıqlada, kökəldə, makiyaj edə və hətta saç düzümünü, geyimlərini də dəyişə bilərlər. "Snapchat" kimi effekt verən proqramlarla yanaşı, artıq sosial şəbəkələrin özlərində də insanları inanılmaz dərəcədə dəyişən filtrlər dəbdədir.
Bəs əslində insanları buna sövq edən nədir? Bu, insanların özünü aldatması deyilmi? Yoxsa burada bir psixoloji problem var?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Psixoloq Vəfa Əkbərin fikrincə, estetik gözəlliyə və filtrə önəm verən insanların əksəriyyəti özgüvən problemindən əziyyət çəkir:
"Öz potensiallarına bələd deyillər və olanlarını da ortaya çıxara bilmirlər. Özlərini təqdimatda çətinlik çəkdikləri üçün gözəllik etalonu ön plana keçir. İnsanların dəbə uyğun gözəllik anlayışı nədirsə, ona uymağa çalışırlar. Biri var gözəllik üçün etdiyimiz bəzək-düzək, kiçik toxunuşlar, bir də var öz obrazımızdan çıxmaq. Bəzən filtrlərdən istifadə edənlər öz obrazlarından tamamilə çıxırlar. Belə olduğu təqdirdə özlərini daha rahat, komfortlu hiss edirlər".
V.Əkbər hesab edir ki, insanlar psixoloji pozuntular yaranmasın deyə, özlərini olduqları kimi qəbul etməlidirlər:
"Daim diqqət cəlb etmək, psixoloji özünəvurğunluq narsistliyə, isterik nevroza gətirib çıxara bilər. Bu hallardan qurtulmaq üçün birinci növbədə özlərini dərk etməli, xüsusi bacarıq və istedadlarını ortaya çıxararaq, ətraflarına sağlam münasibət qura biləcəkləri insanlar yığaraq, mənfi xüsusiyyətlərini korreksiya edib, müsbətləri ortaya çıxarmalıdırlar. Belə edərlərsə, özlərindən daha çox məmnun qala bilərlər".
Bloqer Səma Abıyeva isə filtrdən istifadə edənləri qınamır. Onların səhv və ya düz etdiklərini isə şəxsi məsələləri hesab edir:
"Bloqer olaraq mən də filtrlərə rast gəlirəm. Bəzən öz üzərimdə də tətbiq edir, necə göründüyümə baxıram. Amma heç vaxt üzümdəki görüntünün dəyişməsinə səbəb olacaq filtrdən istifadə etmirəm. Filtr mənim üçün sadəcə yolgöstərən ola bilər. Ondan istifadə edib xarici görünüşümlə bağlı hansısa istiqamətə yönələ bilərəm. Filtr real görüntümdə gözümün altındakı qaralığı və yaxud sızanaqları qapadır, daha yaxşı görünürəmsə, realda da buna nail olmağa çalışaram. Yəni reallıqda da filtrdəki kimi görünüm deyə, üzərimdə işləyə bilərəm. Məsələn, gözaltı qaralıq üçün yaxşı yata, çoxlu su içə, dərimə düzgün qulluq edə, şəkəri rasionumdan çıxara bilərəm. Kosmetoloqdan məsləhət alaram ki, filtrdəki kimi olmaq üçün nə edim".
Amma S.Abıyevanın hamı onun kimi etməlidir deyə bir düşüncəsi yoxdur:
"Mən xarici görünüşümdə total dəyişikliyə həvəsli deyiləm. Əgər bir insan dodaq ölçüsünü bəyənmirsə, filtrlə böyüdəndə, ona xoş gəlirsə, kosmetoloq ifrata getmədən onu istədiyi ölçüyə gətirə bilər. Amma kosmetoloqda dolğu etdirib üstündən filtrləyirsə, real görüntüsündən kəskin fərqlənən cizgilərə sahib olursa, artıq bu məsələni özü üçün siqnal kimi görməlidir. Özünə sual verməlidir ki, özüm olmaqdan qorxurammı? Mütəxəssisdən məsləhət ala, bu haqda məqalələr oxuya bilər".
Sosioloq Aynur Hacıyeva da hesab edir ki, insanların şəkillərini filtrlərlə dəyişdirmələrinin səbəbləri müxtəlifdir:
"Səbəblərdən biri özgüvənin aşağı olmasıdır. Görünüşlərində heç bir problem olmasa belə, özlərini olduqları kimi qəbul etməyə çəkinirlər. Digər bir səbəb - effektlə şəkil çəkən proqramlar əlçatan, can qurtarandır. Ona görə istifadəsi geniş yayılıb".
A.Hacıyeva hesab edir ki, bu aldatma oyunu insanların öz seçimidir:
"Sadəcə onu bilməlidirlər ki, özlərini şəkillərdə qəbul etməyə necə çətinlik çəkirlərsə, insanlar da onları real görüntüləri ilə qəbul etməkdə çətinlik çəkirlər. Çalışmalıyıq özümüzü olduğumuz kimi qəbul edək və digərlərinə də elə qəbul etdirək".
Premyer Liqa: "Zirə" və "Qəbələ" hərəyə 1 xalla kifayətləniblər
Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Turnir cədvəlində "qonşu" olan "Zirə" və "Qəbələ" birincilərin meydanında üz-üzə gəliblər.
UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib sayılan komandaların dueli bol qollu alınıb. "Qəbələ" Rafael Utziqin erkən qolu (2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik topunu vurublar. Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.
Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib. Ancaq matçda son nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1 xalla kifayətləniblər.
Hazırda "Zirə" 32 xalla turnir cədvəlinin dördüncü, "Qəbələ" isə 27 xalla beşinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz"lə "Qarabağ" heç-heçə (1:1) ediblər. Bu gün "Neftçi" – "Sumqayıt", fevralın 6-da isə "Şamaxı" – "Turan Tovuz" və "Sabah" – "Səbail" görüşləri keçiriləcək.
Britaniyalı səyyah: "Azərbaycan xalqı çox güclü xalqdır"
"Dünəndən Qarabağdayıq, Şuşaya səfər etdik, burada baş verənlərlə tanış olduq. Bu bölgənin gözəl təbiəti var. Bu gün isə Kəlbəcərdə olduq, oranın dağları çox gözəldir".
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah Dez Vayt söyləyib.
Qarabağda şahidi olduğu dağıntılara toxunan səyyah qeyd edib ki, Azərbaycan xalqı çox güclü xalqdır:
"Burada görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı bu ərazilərdəki hər şeyi bərpa edəcək və həyat öz axarına düşəcək".
İranda həbs olunan etirazçılar əfv olundu
İran hakimiyyəti ölkədə etirazçılar da daxil olmaqla, on minlərlə məhbusu əfv edib.
İRNA agentliyinin məlumatına görə, əfv İslam İnqilabının qələbəsinin 44-cü ildönümü və Rəcəb ayının şərəfinə həyata keçirilib.
Bildirilib ki, əfv təklifilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Ejei çıxış edib.
Qeyd olunur ki, əcnəbilərin xeyrinə casusluqda ittiham olunanlar, eləcə də qətl törədənlər və ya ictimai binaların dağıdılması və yandırılmasında iştirak edənlər amnistiyaya düşməyəcək.
Britaniyalı səyyah: "Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur"
Azərbaycan keyfiyyətli şəkildə şəhərlərini yenidən qurur.
Bunu Böyük Britaniyadan olan səyyah Vilyam Qilkrast deyib.
V.Qilkrast vurğulayıb ki, yenidənqurma işlərinin davam etdiyini, evlərini tərk etmək məcburiyyətində qalan insanların tezliklə evlərinə qayıda biləcəyini görmək sevindirici haldır.
O, işğaldan azad edilmiş torpaqlardakı mənzərəyə də heyran olduğunu bildirib.
Keyn "Tottenhem"in rekordçusu oldu
Hücumçu Harri Keyn Premyer Liqada "Mançester Siti" ilə ev oyununda "Tottenhem"in 267-ci qolunu vuraraq, 1966-cı il dünya çempionu Cimmi Qrivsin klub rekordunu üstələyib.
Keyn 15-ci dəqiqədə hesabı açıb.
29 yaşlı forvard 2011-ci ildən London klubunda çıxış edir. O, komandanın heyətində 415 oyun keçirib. Üç dəfə İngiltərə çempionatının bombardiri olan futbolçu bu mövsüm 16 qol vurub. Ümumilikdə Keyn İngiltərə çempionatlarında 200-cü qolunu vurub. O, İngiltərə ilə 2021 Avropa Çempionatının gümüş mükafatçısıdır, Ueyn Runi ilə (hər birində 53 qol) milli komandada vurulan qollara görə birinci yeri bölüşdürür.
Qeyd edək ki, Qrivs 1961-1970-ci illərdə "Tottenhem"də oynayıb, komandanın tərkibində iki dəfə İngiltərə Kubokunu və Super Kubokunu qazanıb və bir dəfə Kubok Kubokunun qalibi olub. Qrivz 1966-cı ildə dünya çempionu, 1968-ci ildə isə Avropa çempionatının bürünc mükafatçısı olub.
Niderlandlı səyyah: "Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər görürlər"
"Bu, mənim Azərbaycana ilk səfərimdir. İki gün ərzində burada bir çox şeyin şahidi oldum. Qarabağ bölgəsi çox gözəldir. Buraya gəldiyim və bu əraziləri gördüyüm üçün çox şadam".
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan niderlandlı səyyah Hilo Terhorst ifadə edib.
Azad olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirildiyini, binaların yenidən qurulduğunu vurğulayan səyyah deyib:
"Buradakı hər şey yeni səviyyəyə doğru irəliləyir. Azərbaycanlılar bu ərazilərin bərpası üçün böyük işlər görürlər. Azərbaycana yenidən səfər etmək niyyətindəyəm, çünki Bakını da görmək istəyirəm".
Şəmkirdə toyda mübahisə düşüb, 2 nəfər bıçaqlanıb
Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.
Hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.
Mərasimdə düşən mübahisə zamanı 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, 1993-cü il təvəllüdlü Məmməd Məmmədli isə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub
Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub.
"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, "Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.
Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.
Putin və Lukaşenko telefonda danışdı: Növbəti görüş...
Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə bağlı "Pul Pervogo" teleqram kanalı məlumat yayıb.
Dövlət başçıları yaxın vaxtda keçiriləcək görüşün tarixini dəqiqləşdiriblər. Görüşn əsas məqsədi prezidentlərin əvvəllər verdiyi tapşırıqların iki hökumət tərəfindən icrasına nəzarət etmək olacaq. Bu, ilk növbədə idxalın əvəzlənməsi sahəsi və bütün istiqamətlər üzrə anti-sanksiya əməkdaşlığına şamil olunur.
Eyni zamanda, prezidentlər Ali Dövlət Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə ediblər.
"Ali Dövlət Şurasının iclasına hazırlıq müzakirə edilib. İttifaq dövlətinin Nazirlər Şurasının iclasının fevral ayına təyin edilməsi ilə əlaqədar olaraq, Ali Dövlət Şurasının aprel-may aylarında keçirilməsi nəzərdə tutulub. Görüşdə, gözlənildiyi kimi, mövcud sazişlər rəsmiləşdiriləcək, müvafiq sənədlər imzalanacaq", - teleqram kanalı bildirib.
Lukaşenko və Putin Belarus və Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün İttifaq dövləti çərçivəsində gələcək fəaliyyətləri də müzakirə ediblər./Report
Bəxtiyar Hacıyevin qardaşı danışdı: "Vəziyyəti ağırdır"
İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 28 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.
Fevralın 5-də Bəxtiyar Hacıyev təcridxanadan ailəsinə telefonla zəng edib.
Fəalın qardaşı Vüqar Hacıyev "Turan" agentliyinin müxbirinə deyib ki, səhhəti əvvəlki kimi ağır və kritik olaraq qalır.
"Səsi çox zəif idi. O dedi ki, dünən tibb elmləri doktoru Adil Qeybullanın iştirakı ilə 5 saat ərzində ətraflı müayinə ediblər. Adil Qeybulla onun səhhətini qeyri-kafi qiymətləndirib. Mən ondan xahiş etdim ki, günlər keçdikcə səhhəti daha da pisləşir, aclığı dayandırsın. O razılaşmadı və sonadək aclığı davam etdirəcəyini bildirdi."
Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində saxlanılır.
"O, Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsini istəyir. Çünki təcridxananın tibb-sanitar hissəsində o qədər də yüksək tibbi xidmət göstərilmir. Amma dünən həkim müayinəsindən sonra tibb müəssisəsinə köçürülməsi məqsədə müvafiq hesab olunmayıb",-o qeyd edib.
Dünən, fevralın 4-də Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib.
"Onun səhhəti aclıq aksiyasına uyğundur. Aclığının 27-ci sutkasıdır. Çəki itirib, halsızdır. Başgicəllənmələri, baş ağrıları, mədə ağrıları var, gəzməyində çətinlik çəkir, ümumi zəifliyi var. Bədəndə su itkisi olduğuna görə, adekvat qaydada bədənin sanki quruması baş verir. Çəki itirilməsinə səbəb olan əsas amillərdən biri budur. Əlbəttə lazımi tədbirlər görülməlidir ki, onun bu vəziyyəti dərinləşməsin. Amma komunakabellidir, huşu aydındır".
Həkim bildirib ki, Bəxtiyar Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi hələ gündəlikdə deyil.
"Onun huşu aydındır. Mən onun səhhətini nəzarətə götürmək fikrindəyəm. Lazım olan tədbirlər hələ təcridxananın tibb-sanitar hissəsində həyata keçiriləcək".
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 28 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib./Musavat