• Şikayət et

Ramiz Alıyev: “ Biz öz torpaqlarımızda monitorinq aparırıq və ermənilər beynəlxalq birliyi aldada bilməyəcək”

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsi üçün Xocalı rayonuna səfər edib. Xatırladaq ki, bir neçə gün öncə danışıqların birinci mərhələsi baş tutmuşdu. Əvvəlcə Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr aparılsa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlılarının Qərargahında danışıqlar davam edib. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul edib, monitorinqlərin aparılması razılaşdırılıb. Hazırda nümayəndə heyəti bu istiqamətdə əlavə danışıqların aparılmasını davam etdirir və monitorinqlərin ən yaxın zamanda baş tutması nəzərdə tutulur.

Nümayəndə heyətinin Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub. Bu barədə İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında qeyd edilir ki, görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. “Görüş konstruktiv ruhda keçib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək”,- deyə məlumatda vurğulanır. Görüşdə iştirak edən İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə müsahibəsində deyib ki, Rusiya sülhməramlılarına monitorinqin keçirilməsi ilə bağlı hazırlanan yol xəritəsinə dair təkliflər verilib. “Ümid edirik ki, sabahdan işlərimizi davam etdirəcəyik”,- deyə o qeyd edib.

"Azerforum" xəbər verir ki, məsələ ilə bağlı "Yeni Azərbaycan" qəzetinə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlərin qarşısının alınması diqqət mərkəzindədir. Onun sözlərinə görə, rəsmi Bakının bu addımı çox doğrudur. Çünki müəyyən beynəlxalq dairələr, o cümlədən separatçılar Qarabağ üzərindən spekulyasiya etməyə çalışırlar. Amma dövlətimiz müvafiq qurumların təmsilçilərindən ibarət nümayəndə heyəti göndərməklə bu torpağın sahibi olduğunu bir daha təsdiqlədi.

Politoloq qeyd edib ki, Ermənistan və Qarabağdakı separatçı rejim 30 il ərzində işğal altında olan torpaqlarımızda ekoloji terror törədiblər: “İşğal altında olmuş ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Qızıl yataqlarının, dağ-mədən sənayesinin işlənməsində xarici şirkətlər iştirak ediblər. Dövlətimiz tərəfindən həmin şirkətlərlə bağlı hüquqi tədbirlər görüləcək, onlar beynəlxalq məhkəmələrə veriləcək. Bu istiqamətdə işlər gedir”.

R.Alıyev söyləyib ki, ermənilər tərəfindən ekologiyaya və təbiətə qarşı törədilən həmin ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır. Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Yəni bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Rusiya sülhməramlıların məsuliyyət zonasında olan ərazilərimizdə monitorinqin aparılmasının nəzərdə tutulması da bu prosesin tərkib hissəsidir. “Azərbaycanın dövlət qurumlarının Qarabağda ekoloji vəziyyət və qızıl, dağ-mədən yataqları ilə bağlı monitorinqlərə başlayacağına dair xəbərlər Ermənistanı və Qarabağ separatçılarını ciddi təşvişə salıb. Onlar bu məsələni siyasiləşdirməyə çalışırlar. Guya Azərbaycanın Laçın dəhlizini bağladığını və digər cəfəng iddialar səsləndirirlər. Məqsəd isə beynəlxalq birliyi aldatmaqdır. Amma bütün bunların heç bir faydası yoxdur. İlk növbədə, ona görə ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Eyni zamanda, biz öz torpaqlarımıza getmək üçün heç kimdən icazə almamalıyıq. Problem var və bu problemi araşdırmaq üçün müvafiq qurumlar Qarabağda monitorinq aparacaqlar”, - deyə politoloq söyləyib.

Mənbə:
0
855
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar