<p>"Biz hər il Bakıda analoji problemləri yaşayırıq. Bunun bir səbəbi Bakıya tez-tez qar yağmamasıdır". Bu sözləri Paralel.az -a açıqlamasında millət vəkili Razi Nurullayev paytaxtda qar yağmasından sonra yaşanan çətinliklərlə bağlı danışarkən deyib. O bildirib ki, bizim idarə və müəssisələr, dövlət qurumları da qarlı havada vəziyyəti necə idarə etməyi bilmirlər: "Paytaxtda qar az düşür deyə, hətta sürücülərimiz belə, qarlı havada maşın sürməyi bacarmırlar. Göydən elə bir-iki damcı yağış və ya qar düşəndə, şəhərdə tıxac başlayır, avtomobillər sürüşür və s. Çünki heç kimin qış təkəri yoxdur. Heç kimin qış təkəri almaq ağlına gəlmir. Sürüşkən yollarda, qarlı havada avtomobili necə idarə etməyi də bilmirlər. Eyni şəkildə dövlət qurumları da bunu düzgün qiymətləndirə bilmir. Dövlət qurumlarının bu məsələdə ciddi təcrübəyə ehtiyacı olsa da, elə sadə məsələlər var ki, orada ciddi bir təcrübəyə də ehtiyac yoxdur. Əsasən, mərkəzi yollar təmizlənir, əyalət yollarına fikir verilmir. Aidiyyəti qurumlar da müəyyən qədər çalışırlar, amma öhdəsindən gələ bilmirlər. Təcrübəmdən bilirəm ki, xidmət müəssisələrindəki işçiləri bütün günü ora-bura qovurlar. Amma yenə də məsələlər həll olunmur. Başa düşmürəm, fəhlələr, təmizlik işçiləri, qarı dırmıqlayıb yoldan kənara tökənlər, qum, duz səpənlər 24 saat işləyir, amma yenə problemlər qalır. Belə çıxır ki, onların sayı azdır. Niyə bu belə olur, anlamaq çətindir. Bu məsələlərə daha ciddi yanaşmaq , doğru-dürüst tənzimlənməsi üçün tez-tez planlamaların, müşavirələrin keçirilməsi lazımdır. Hərçənd ki, biz dövlət orqanlarının "qışa tam hazırıq" tipli açıqlamalarını da görürük. Amma nəticədə bir-iki damcı qar düşəndən sonra şəhər iflic olur. Bax bu, başadüşülən deyil". R.Nurullayev həmçinin söyləyib ki, bu gün qar yağan kimi yaşananların digər bir səbəbi də şəhərin infrastrukturunun zəif olmasıdır: "Şəhərimiz eninə-uzununa, sağa-sola çox böyüyüb, amma infrastruktur yaradılmayıb. İnsanlar məskunlaşıb yaşayandan sonra infrastruktur layihələri ilə bağlı fikirlər irəli sürülür. Amma insanlara xahiş, hörmət, rüşvət, zəng müqabilində ucuz qiymətə torpaqlar verirlər. Bunu o baxımdan pis hal hesab etmirəm ki, insanlar haradasa ev tikməlidir. Elə qanuni yerlər var ki, sotu 15-20 mindən başlayır deyə, gedib orada yer ala bilmir. İnsanlara infrastruktur olan yerlərdə daha ucuz məbləğdə evlər təklif etməlidirlər. Belə olmalıdır ki, şəhər infrastruktur qurulmadan böyüməsin. Sonradan da qışda, yayda bu cür analoji problemlərlə qarşılaşmayaq"</p><script async src="//code.ainsyndication.com/v2/js/slot.js?08092022"></script><ins class="ainsyndication" style="display:block; width: 100%;" data-ad-slot="10133"></ins>