Deputat Fazil Mustafanın terror hücumuna məruz qalması böyükdən-kiçiyə qədər cəmiyyətin bütün nümayəndələrini sarsıdb. Baş verən hadisə haqqında demək olar ki bütün təbəqələrdən olan şəxslər fikir bildirirlər. Cəmiyyətin böyük əksəriyyəti isə terror aktında İran faktorunun rol oynadığını birmənalı şəkildə dilə gətirirlər və bu, səbəbsiz deyil. Bəs görəsən cəmiyyətin ziyalı təbəqəsi hesab olunan mədəniyyət nümayəndələri bu olay haqda nə düşünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən xalq artisti Əli Nur bildirib ki, Azərbaycan müstəqil və qalib dövlətdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qələbə qazanıb. Bunu dünya həzm edə bilmir: “Ermənilərin başını əzmişik. Ancaq “dəmir yumruq” təkcə onların başına dəyməyib. Ermənilərin arxasında dayanıb onlara havadarlıq edənlərin də başına yumruq zərbəsi endirilib. Fazil Mustafa sözün əsl mənasında İslam dininin tarixini, fəlsəfəsini, mahiyyətini mükəmməl bilən bir şəxsdir. İran isə İslama yamaqdır və dinimizə qara yaradır. Onlar ancaq terror yolu ilə Azərbaycana sataşırlar. Bu güllələr təkcə Fazil Mustafaya deyil, Azərbaycan xalqına və dövlətinə qarşı da atılıb. İranın əlindən bir şey gəlmədiyi üçün “çaqqal”lıq edir. Hər kəs Fazil Mustafanın hədəfdə olduğunu yaxşı bilir. İran Azərbaycanın güclü olmasını istəmir. Ona görə də, Fazil Mustafanı terror yolu ilə aradan götürməyə çalışıblar”.
Xalq artistinin sözlərinə görə, dünyada iki terrorçu dövlət var: “Bunlardan biri Ermənistan, digəri isə İrandır. Orada bizim 40 milyon soydaşımız yaşayır. Amma İran dövləti soydaşlarımızı da dini xurafatın içində boğmağa çalışır. Onlar insanları, xalqları küt vəziyyətində saxlamaq istəyirlər. Fazil Mustafa isə bu cür hallara qarşı hər zaman mübarizə apardığı üçün ona qarşı sui-qəsd törətməyə cəhd göstərdilər. Bu ölkə terrorçudur. Əllərindən heç bir iş gəlməyəndə isə terror aktları törətməyə cəhd göstərirlər”.
Xalq artisti Nurəddin Mehdixanlı da baş verən hadisə ilə bağlı fikirlərini bölüşüb: “İstənilən Azərbaycan vətəndaşına qarşı törədilən bu kimi hadisələr terror aktıdır. Bütün dünyada bu, cinayət kimi qəbul olunur. Digər tərəfdən, Fazil Mustafa Azərbaycanın millət vəkilidir. Milli Məclisdə seçicilərini təmsil edir. Ona qarşı olan bu terror aktı Azərbaycan xalqının seçiminə yönəlib. Bu gün fazil Mustafaya qarşı törədilən terror aktının arxasında kimlərin dayandığını bilmək üçün akademik olmaq lazım deyil. Hər şey, həmçinin Fazil Mustafanın fəaliyyəti göz qabağındadır. Onun açıq fikirlərini, fərqli düşüncələrini hamımız görürük. Bu insan daim Azərbaycanın birliyinə, bütövlüyünə və dövlətçiliyimizin əleyhinə olan güclərə qarşı açıq savaş aparıb”.
Nurəddin Mehdixanlı əlavə edib ki, din insanları birləşdirməli və ruhuna rahatlıq verməlidir: “Din insanları məzhəblərə bölməməlidir. Bu gün Azərbaycanın içərisində 16-cı əsr sünni-şiə savaşını xortlatmaq istəyən güclər var. Ona görə də, Azərbaycan xalqı dostunun və düşməninin kim olduğunu görməli və bunu dilə gətirməyi bacarmalıdır. Fazil Mustafa xalqımızın bir nümayəndəsidir. Ona qarşı törədilən bu cinayət dövlətçiliyimizə qarşı yönəlib. Erməniyə havadarlıq edən, Türkiyə ilə Azərbaycanın birləşməsini istəməyən, müsəlman qardaşlarının deyil, xristian “hay”ların tərəfini tutan bir ölkəyə nəzər saldıqda, Fazil Mustafaya qarşı terrorun kim tərəfindən törədildiyini görə bilirik. Bu, onların gücsüzlüyündən, acizliyindən və qeyri-insaniliyindən irəli gələn hikkələrinin nəticəsidir. Çünki İranı idarə edənlər dialoq aparamağı bacarmır, onların ağıl və idrakları fərqli fikiri anlamaq üçün kifayət etmir. Onlar qəbilə düşüncəsi ilə yaşayan və İslam dininə ləkə olan bir toplumdurlar. Ona görə də, kimsə bizə Allaha gedən yolu göstərməyə cəhd etməsin. İslam, azad düşüncəni qətl etmək demək deyil. İnsan xaincəsinə divar arxasından başqasının həyatına son qoymamalıdır. Bu, İranın acizliyi və gücsüzlüyüdür. Amma Azərbaycanın üzərinə gəlmək haqqında düşünməsinlər, çünki onlar öz zəlalətlərində boğulacaqlar”.
Xalq artisti Afaq Bəşirqızı isə baş verən hadisənin ona çox pis təsir etdiyini vurğulayıb: “Mən Fazil Mustafanı artıq uzun illərdir tanıyıram. Onun anası Kubra xanımla çox yaxın olmuşam, gözəl insandır. Fazil Mustafa özü də hər zaman xalqına qarşı diqqətli və canıyanan bir şəxs olub. Bu cür şəxsin həyatına qəsd edilməsini bir vətəndaş kimi özümə bağışlaya bilmirəm.
44 günə Qarabağı işğaldan azad edən bir dövlətin məmuruna güllə atmağı heç cür ağlıma sığışdırmıram. Ancaq Fazil bəyin sağ qalmasına sevinirəm. Ümid edirəm ki, bu cinayəti törədənlər mütləq tapılaraq layiqli cəza alacaqlar.Xalq artisti Rasim Balayev isə baş verən olaya belə reaksiya sərgiləyib: “Fazil Mustafa millət vəkilidir. Onun düşməni yoxdur. Amma özü açıqlamasında İran dövlətindən şübhələndiyini bildirib. Başa düşmürəm, Fazil Mustafa İrana nə edib ki? Bizim müharibədə ermənilərə qalib gəlməyimiz çoxlarını qıcıqlandırır. Görünən odur ki, Ermənistan və İran kimi dövlətlər Azərbaycanda təxribat törətməyə cəhd göstərirlər. Ona görə də, biz ayıq-sayıq olmalıyıq”
Xalq artisti cəmiyyətdəki xurafata qarşı mübarizə aparmağın vacibliyinə də diqqət çəkib: “Bu, bizim yaralı yerimiz olub. Hələ Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində xurafat və cəhalət tənqid edilib. Biz əsl İslama etiqad etməliyik. Xurafat və cəhaləti yayanlara qarşı isə sərt reaksiya sərgiləməliyik. Fazil Mustafa və onun kimi ziyalılar da hər zaman cəmiyyətdəki xurafata qarşı mübarizə aparıblar. Ona görə də, baş verən hadisədə bu faktorların rol oynaması mümkündür”.