• Şikayət et

“TOYPAY”dan vergi necə tutulacaq? - Restoran sahiblərindən TƏKLİF

Toylarda nəmərin terminal vasitəsilə yığılacağı haqda gəzən söz-söhbət cəmiyyət arasında böyük rezonans doğurub.

 

Məlumatlara görə, toy mərasimlərinin, şənliklərin keçiriləcəyi restoranlarda və şadlıq evlərində “TOYPAY” adlı terminalın qoyulacaq və toy sahibinin istəyi ilə dəvət edilən qonaqlar nəməri bu aparat vasitəsilə ödəyə biləcəklər. Həmçinin qeyd edilir ki, əldə edilən həmin məbləğdən vergi də tutulacaq. Hətta bununla bağlı qanun layihəsinin hazırlandığı da deyilir.

 

Bu ideyanı irəli sürən “TOYPAY” şirkətinin direktoru Elşən Quliyev mediaya açıqlamasında bildirib ki, artıq 50 restoran bu təklifə müsbət cavab verib. O, qeyd edib ki, restoran sahibləri bu aparatı şadlıq evinin foyesində qurmaq üçün 200 manat xərcə düşəcək.

 

Məsələ ilə bağlı “Hollywood Hall”un icraçı direktoru, süfrə mədəniyyəti üzrə ekspert və restorator Mahir Əhmədzadə Ednews-a açıqlaması zamanı bildirib ki, toylarda nəməri terminal vasitəsilə ödənilməsi mövzusu yeni deyil və 2-3 il bundan əvvəl də müzakirə olunurdu.

 

“Toyda pulun hansı formada yığılmasının restoran üçün prinsipcə fərqi yoxdur. Terminal ideyası özünü doğruldarsa, buna görə biz yalnız sevinərik. Amma bu, tətbiqin istifadəsində güzəştlər edilərsə, zərərlər qarşılanarsa, başqa sözlə yeni məhsul düzgün reklam olunarsa bu ola bilər”.

 

Meridian şadlıq sarayının əməkdaşı Zaur Hüseynov isə bu yeniliyə insanların hələ hazır olmadıqlarını deyib.

 

“Bizə belə bir təklif verilib və terminalın qiymətinin 300 manat olduğu haqda məlumat verilib. Ancaq bu anlayış hələ bizdə tam inkişaf etməyib. Pensiyanı terminaldan çəkə bilmirlər, bundan necə istifadə edəcəklər? Bu hələ məlum deyil”.

 

“Neolit” şadlıq sarayından Ayaz Salmanov isə bildirib ki, onlara belə bir təklif verilməyib.

 

“Təklif olarsa bu barədə düşünmək olar. Amma yəqin ki, insanlar buna öyrəşənə qədər müəyyən çətinliklər olacaq”.

 

Vergi məsələləri üzrə ekspert Anar Bayramov isə bildirib ki, terminalın qoyulması işi rahatlaşdırmaq üçündür.

 

“Həmişə toy edən adam istəyir ki, kimsə bu işlə məşğul olsun. Terminal fikri bunu asanlaşdıracaqsa və könüllüdürsə burada sıxıntı görmürəm”.

 

Ekspert söhbət əsnasında terminal vasitəsilə həyata keçirilən ödənişdən vergi tutulması məsələsinə də toxunub. O, hazırda bu barədə qanun layihəsinin olmadığını deyib.

 

“Əgər vergilərin məbləği və onların ödənişi haqda hər hansı bir qayda olarsa, bu haqda fikir bildirmək olar. Hələ ki, bu barədə danışmaq çox tezdir”.

 

Hüquqşünas Əkrəm Həsənov isə bunun ciddi fikir olmadığını düşünür.

 

“Vergi məcəlləsinə görə hər bir şəxs il ərzində 1000 manat dəyərinə qədər hədiyyə alarsa o, buna görə heç bir vergi ödəmir. Yox, əgər ənamlar bu məbləğdən yuxarı olarsa, artıq o şəxs vergi ödəyicisinə çevrilir. Hədiyyənin 2500 manata qədər olan hissəsi 14 faizlə, ondan yuxarı hissəsi isə 25 faizlə vergiyə cəlb olunur. Toyda ödənilən nəmər də hədiyyədir. Onu ödəmək üçün yalnız ailə üzvləri istisna olunur. Yəni valideyn, ər-arvad, övlad, bacı-qardaş və digər yaxın qohumlardan vergi tutulmur”.

 

Vəkil həmçinin qeyd edib ki, bu məsələnin inzibatçılığı çətin olduğu üçün vergi orqanları buna qarışmır, həm də bunun nəzarət etmə mexanizmi qeyri-məchuldur.

 

“ Toyda axı kim bilir kim kimin bacısı və ya qardaşıdır. Həm də vergiyə görə qonaqlar nəməri ev sahibinə nağd verməyə çalışacaqlar. Nəinki toyda, adi həyatda kimsə kiməsə hədiyyə verəndə guya vergi verir? Yəni buna müəyyyən edib nəzarətdə saxlamaq, inzibatçılığını həyata keçirmək çox çətin məsələdir”.

 

Gülnar Səlimova

Mənbə:
0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar