• Şikayət et

Şəhid anası: “Oğlumu Cənnətdə görürəm”

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Vüsal Şahmarlıdır.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olmuşdur.

Ednews Vətən şəhidi Vüsal Şahmarlının anası Sevər Şahmarlı ilə müsahibəni təqdim edir.

- Vüsalın hərbiyə olan marağı haradan qaynaqlanır?

- Vüsal vətənini, torpağını, xalqını çox sevirdi. Çünki o ilk öncə onu Yaradana çox bağlı idi və onu çox sevirdi. Oğlum çox imanlı bir uşaq idi. Onun bir amalı olub - bu dünyaya imtahan üçün gəlmişik və şərəflə imtahanı verib, bu dünyadan köçməliyik. Onun hərbiyə olan marağı da məhz bunlardan qaynaqlanır.

- Oğlunuzun qeyri-adi nə bacarıqları var idi?

- Vüsalın qeyri-adi bacarığı onun bütün idman növlərinə marağı olmasıdır. Vüsal həvəskar idmançı idi, çünki dəhşət dərəcədə bütün idman növlərinə marağı var idi. Elə bir idman növü yox idi ki, onunla məşğul olmasın. Hər şeyə çox həvəslə yanaşardı. Amma ən üstün bacarığı oğlumun yaxşılıq etməsi idi. O yaşından, statusundan asılı olmayaraq, hər kəsə yaxşılıq edərdi. Oğlum şəhid olandan sonra əmin oldum ki, həqiqətən də şəhidlər seçilmiş olur. O hədiyyə almağı yox, daha çox hədiyyə verməyi sevərdi. İnsanlara bəxş etdiyi sevincdən o da xoşbəxt olardı. Bunu sadəcə mən yox, qohum-qonşular mənə söyləyirdi. Mən oğlumla fəxr edirəm, amma o ki, ətrafdan onun yaxşılıqları haqda sözlər eşidirəm, oğlumla daha da qürurlanıram.

- Şəhidlik zirvəsinə yüksəldiyi ana qədər olan döyüş xatirələri barədə nə deyə bilərsiz?

- Vətən çağırış edəndə, Vüsal hər bir vətəndaş kimi müharibəyə yollanmağı özünə borc bildi. O sevincli bir halda getdi. İlk öncə təlimlərdə iştirak etdi, daha sonra isə oktyabrın 5-də cəbhə bölgəsinə yollandı. O Füzülidə xidmət göstərirdi. Biz hər gün əlaqə saxlayırdıq. Hər danışığında bizlərə cəbhədə olan gərginliyi hiss elətdirmirdi. Təkcə oğlum yox, orda xidmət göstərən hər bir əsgər seçilmişdi. Onların qəhrəmanlığı və cəsurluğu digərlərindən seçilirdi. Yalnız oktyabrın 9-da atası ilə danışkən halallaşanda artıq vəziyyətin gərginliyini anladıq. Oğlumla son danışığımız Azərbaycanın 18 oktyabr Müstəqillik günündə, saat 10:35 radələrində oldu. O zaman Füzulinin azad olma sevincini bizlərə bəxş etdi. Əsgər dostlarının sözlərinə görə, 35 dəqiqədən sonra oğlum erməni snayperi nəticəsində şəhidlik zirvəsinə ucaldı.

Oğlum 1 il 8 ay Gədəbəy bölgəsində xidmət göstərirdi. O həmçinin aprel döyüşlərində də iştirak etmişdi. Mayın biri qayıtmalı idi, amma döyüş səbəbindən buraxılmadı. 11 gün ondan xəbər ala bilmədik. O günlər mənə illərə bərabər oldu. Mən artıq bütün xəbərlərlə barışmışdım. Amma təki bir xəbər alım. Xoş xəbərini alandan sonra Allah onu mənə 4 il bağışladı, daha sonra yanına aldı. Allah ilk müharibədə onu mənə bağışladı, ikincidə isə şəhidlik zirvəsinə qaldırdı. Şükürlər olsun bu günümüzə ki, mən bir şəhid anasıyam. Bütün şəhidlərin qarşısında baş əyirəm, qazilərin isə alnından öpürəm.

- Yuxularınıza tez-tezmi gəlir?

- Oğlum yuxularıma tez-tez gəlir. Onu torpağa verdikdən 15 gün sonra yuxuda onunla görüşdük. Mən onu yuxularda cənnətdə görürdüm. Vüsal hər cümə axşamları yuxuma gəlirdi. Amma nədənsə son 3 həftə yuxu görmədim. Oğlum evdən 2020-ci ilin oktyabrın 21-də çıxmışdı. İki il sonra 2022-ci ilin həmin günü oğlumu yenə yuxumda gördüm. Onu bağrıma basdım. Yuxuda onun mənimçün darıxdığını hiss etdim. Ondan soruşdum: -"Ana qurban, bəs niyə gəlmirdin yuxularıma? Səndən ötrü darıxıram, burnumun ucu göynəyirdi sənin üçün". O isə cavabında məni bərk qucaqlayaraq, qoxumu içinə çəkərək dedi: -Ana, mən də səndən ötrü çox darıxırdım. O yuxularıma da şükürlər olsun. Çünki o yuxuları da mənə bəxş edən Rəbbimdir. Məni bu iki dünyada Vüsalıma qovuşdurdu.

Söhbətləşdi: Rəna Mürşüd

Mənbə:
0
251
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar