“Qarabağ”klubu futbol üzrə Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib. Tədbirdə Köhlən atların fəxri prezidenti və sahibi Abdolbari Gözəl, prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri qatılıb. Artıq azad Qarabağı təmsil etdiklərini bildirən Abdolbari Gözəl, qürurverici gün olduğunu vurğulayıb. “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun sahibinə 19 nömrəli forma hədiyyə edib. Tahir Gözəlin özünə isə komanda üzvlərinin imzaları olan forma hədiyyə olunub. Mövsümü qızıl dubulla bitirmək istədiklərini deyən klub rəhbəri qarşıdakı hədəflərindən danışıb.
Tədbir "Qarabağ" formasını geyinmiş musiqi qrupunun çıxışı ilə davam edib. Görüşün ən yaddaqalan hissələrindən biri “köhlən atların” futbolçularının musiqinin müşayiəti ilə “Anadır arzulara hər zaman Qarabağ”ı oxuması olub. Ardından komandanın vitse-kapitanı Qara Qarayev bu mahnını tək ifa edib.
Sonda Çempionlar Liqası himninin sədaları altında üzərində "Qarabağ" - çempion" yazılmış tort bütün komanda üzvlərinin iştirakı ilə kəsilib.