• Şikayət et

Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil

Müəllimlərdən fərqli olararaq, din xadimləri üçün sertfikasiya deyil, attestasiya nəzərdə tutulub.

“Məscidlərdə ali dini təhsili olmayan şəxlər var və bizdə onlarla bağlı məlumat var. Biz desək ki, sabahdan onları işdən azad etməliyik, bu, doğru olmaz. Bununla bağlı attestasiya nəzərdə tutulub və mərhələli şəkildə diplomu olan din xadimləri ilə əvəz olunacaqlar.” Nə demək olar? Olsun! Bəşəri və milli-mənəvi dəyərlərimizin saflaşdırılmasına və zənginləşdirilməsinə faydası dəyə biləcək istənilən addım təqdir olunasıdır. Bu xəbəri eşidəndə bir anlığa düşüncələrə qapıldım. Niyə din xadimləri üçün attestasiya, müəllimlər üçün sertifikasiya...?

Bir daha attestasiya ilə sertifikasiyanın fərqinə vardım. Etibarlı mənbələrə əsasən attestasiya – (lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq); sertifikasiya – (lat. certum – doğru + lat. Facere - etmək) Başqa sözlə, bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin və təsdiqetmə anlamına gəlir. Sertifikasiya isə sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin texniki reqlamentlərin tələblərinə, standartların müqavilə şərtlərinə uyğunluğunun təsdiqidir. Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da başa düşülür. Bu mənada, attestasiya konkret fərdlərə, sertifikasiya isə deyək ki, müəllim hazırlığı ilə məşğul olan hazırlıq kurslarına şamil edilə bilər. İndi təsəvvür edin ildə nə qədər kurslar, nə qədər adamlara sertifikatlar verir. Respublika üzrə müəllimlərimizin bəlkə də yarısından çoxu hələ sertifikasiya başlamamış bu və digər kursların sertifikatlarını alıblar. Halbuki, bu ad oxşarlığı hələ heç də kiminsə sertifikasiyadan keçməsi anlamına gəlmir...

“Attestasiya”,“sınaq imtahanı”,“könüllü attestasiya”,”lisenziya”,“ diaqnostika”, sertifikasiya” … Ümid edək ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması barədə bu yeni təklif, müəllimlərin sınağa çəkilməsi ilə bağlı “Təhsil haqqında” qanuna əlavə ediləcək sonuncu dəyişiklik olacaqdır. Sözüm heç də onda deyil. İstər sertifikasiya olsun, ya attestasiya olsun - əsas odur ki, məqsəd və məramı konkret və aydın olsun.

Mən dindar deyiləm. Açığını deyim ki, bir vaxtlar ali məktəblərdə və müxtəlif ixtisasartırma və yenidənhazırlanma kurslarında dinləyicilərə marksizm-leninizm nəzəriyyəsinə əsaslanan materialist fəlsəfəsindən mühazirələr də oxumuşam.

Bununla belə dini dəyərlərə həmişə önəm vermişəm, dinimizi mənəvi dəyərlərimizin tərkib hissəsi hesab etmişəm. Olub ki, hətta Moskvada elmi fəaliyyətimlə bağlı işgüzar səfərlərimdən birində olarkən bukinist mağazasında son manatımı rus ərəbşünası Kraçkovskinin müqəddəs "Qurani-Kərim"in orijinal tərcüməsi olan "Koran" nüsxəsinin 1965-ci il nəşrinə və fransız Anri Massenin "İslam. Oçerk istorii" kitabına verib, qərib şəhərdə pulsuz günlər keçirmişəm. Lakin bütün bunlar mənim milli ruhuma, mənəvi düşüncələrimə təsir göstərməyib. Çünki dinin mənşəyi və mahiyyəti barədə lazım olduğu qədər bilgilərə yiyələnməyə daim səy göstərmişəm.

Kiminin İsa Məsihi - İisus Xristos, kiminin Musanı - Moisey, Habili - Abel, Qabili - Kayen, Nuhu - Noy, Yəqubu - Yakov, Yusifi - İosif, Süleymanı - Solomon və b. kimi tanımamasından asılı olmayaraq, əksəriyyətimiz Adəm (Adam) və Həvvanın (Yeva) övladları olduğumuzu qəbul edirik. Bununla belə çoxumuz toylarımızda bəy tərifi zamanı "Dəryada batıb Nuhun gəmisi, gəlsin bəyə xələt versin bəyin əmisi" sədaları altında pul toplayarkən Nuhun kimliyinə və nəçiliyinə belə varmırıq. Bəzi dindarlarımız, hətta özünü "hacı" zümrəsinə aid edənlərimiz belə Məryəm ilə Mariya, Həcər ilə Aqer, Rəbiyyə ilə Rebekka, Rahilə ilə Raxel arasındakı eyniyyətı anlamaqda çətinlik çəkərək, onları qarışıq salırlar, çünki, dinin bəşəri köklərinin fərqinə varmırlar. Sözümün canı nədir?

İstər din xadimi olsun, istər müəllim, istərsə də digər peşə sahibi. İstər sertifikatlaşdırma olsun, istər attestasiya, bu prosedurların keçirilməsində, yəni, bu peşə sahiblərinin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasında, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək və bu yolla onların öz peşələrinə bağlılığını artırmaq və məsuliyyət hissini yüksəltməkdir. Yəni, burada əsas məqsədi kimisə işdən çıxarmaq deyil, kimlərisə daim inkişafda saxlamaq ola bilər.

"Təhsil haqqında" qanuna edilən dəyişikliklərə əsasən, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar. “Sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər” kimi açqlamalar da o anlama gəlməməlidir ki, böyük təcrübəyə malik yaşlı nəsli sıxışdırmaq yolu ilə kifayət qədər təcrübəyə malik olmayan gənclərə yol açmaq xarakteri daşısın və bundan süni istifadə hallarına yol verilsin. Müddətsiz müqavilə ilə işləyən diplomu dövlət nümunəli olmayan müəllimlərin də sertifikasiya imtahanında iştirak etmələri yalnız müsbət hal kimi qiymətləndirilə bilər.

“Pedaqoji heyət üçün müxtəlif sınaqların, sessiyaların keçirilməsinə də çalışacağıq. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər. Proses humanist əsaslarla hazırlanıb. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər. Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”. Nə deyirik...Bizə yalnız sertifikasiyadan keçənlərə və sertifikasiyanı keçirənlərə uğurlar arzulamaq qalır.

Nadir İsrafilov Təhsil mütəxəssisi

Mənbə:
0
3505
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar