• Şikayət et

Karl Marksın Bakıdakı heykəlinin taleyi necə olub

Alman sosioloq, sosialist-siyasi nəzəriyyəçi Karl Marksa SSRİ-nin müxtəlif şəhərlərində heykəllər qoyulmuşdu. Onun Bakıdakı abidəsini paytaxtın yaşlı sakinləri yaxşı xatırlayar. 1980-ci ildə şəhərin o vaxt Lenin prospekti adlanan ərazisində Marksın heykəli ucaldılmışdı. Abidənin təntənəli açılış mərasimi də keçirilmişdi.

Bizimyol.info xəbər verir ki, “Sovet modernizmi” dövrünün nümunələrindən birinin müəllifləri heykəltəraş İbrahim Zeynalov və memar Mikayıl Useynov olmuşdu. Marks əzəmətli təsvir edilmişdi. Onun əlləri arxada çarpazlanmışdı, sağ ayağı bir az irəli atılmışdı, bununla da müdrik insan obrazı yaradılmışdı.

Marksın heykəli burada 12 il duruş gətirdi. 1992-ci ildə abidəni sökərək Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin binasının həyətinə apardılar. İndi burada Milli İncəsənət Muzeyinin ikinci korpusu yerləşir. Heykəlin yerində isə yanacaqdoldurma məntəqəsi tikildi. Söhbət orada gözə dəyən “Azpetrol”dan gedir.

Marks Azərbaycanda yavaş-yavaş unudulmağa başlayırdı. Onun heykəli də artıq yada düşmürdü. Amma şəhərin həmin hissəsi indiyə qədər “Karl Marks” adlanır. Bakıda xeyli yeni yol qovşaqları salınıb. İnfrastruktur çox dəyişib. Buna baxmayaraq, hətta şəhərin yeni sakinləri də bu yeri belə adlandırırlar.

Niyə məhz Karl Marksa heykəl qoymaq qərarı verilmişdi? Çünki alman sosioloq sosializmin atalarından sayılırdı. O, fəhlə sinfinin kapitalizmi sıradan çıxarmalı olduğuna inanırdı. Marks mütəşəkkil proletar inqilaba ehtiyac olduğunu düşünürdü. Sosialistlər iqtisadçının ideyasını ölümündən 34 il sonra Rusiyada həyata keçirmişdi. SSRİ rəhbərliyi Marksa rəğbət bəsləməyə bilməzdi. Buna görə ittifaqın müxtəlif böyük şəhərlərində onun heykəlləri ucalırdı.

Bəs siyasi iqtisadiyyatın nəhəng simalarından sayılan filosofun Bakıdakı heykəli indi haradadır?

 

Karl Marksın heykəli söküldükdən sonra

Abidəni Aşıq Molla Cümə, 25 ünvanında, “Heykəltəraşların emalatxanası” adlanan yerin həyətində tapmaq mümkündür. Heykəl 30 ildir böyrü üstə qalıb. Heykəltəraşlıq nümunəsi xeyli pis hala düşüb, indi heç kimə lazım deyil. İnanırıq ki, Azərbaycanda bu heykəl bir daha lazım olmayacaq.

Aytən, Bizimyol.info

Mənbə:
0
153
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar