Hər il Azərbaycanda tullantıdan 232 milyon KVt saat enerji istehsal olunur

Müasir iqtisadiyyatda “təkrar emal” anlayışı mühüm yer tutur. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir.

İqtisadiyyat.az "Report" - a istinadən xəbər verir ki, əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Xüsusilə də alüminium, mis, dəmir, plastik, kağız, kauçuk, şüşə, elektron tullantılarının və s. yenidən istehlak üçün yararlı hala gətirilməsi, həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə şərait yaradır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir.

Beləliklə, bir çox hallarda tullantı kimi qəbul etdiyimiz əslində, çox yararlı və faydalı məhsula çevrilmək imkanına malikdir. Yetər ki, bununla tullantıların düzgün idarə olunması sistemi və təkrar emal prosesi qurulsun.

Təkrar emalın əsas ünvanı: Balaxanı Sənaye Parkı

Yuxarıda qeyd olunanlara diqqət yetirməklə Balaxanı Sənaye Parkında həyata keçirilən təkrar emal prosesinin böyük əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır. Sənaye Parkı təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə dövlət başçısının 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sərəncamla “Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb.

Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl” iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək “yaşıl” istehsalla məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkı əlverişli məkandır. Sənaye Parkında 23 rezident qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, “yaşıl” məhsul istehsalının artırılması istiqamətində fəaliyyət genişləndirilib.

Bir istehsal müəssisəsinin məhsulunun digər müəssisədə istifadə olunması Balaxanı Sənaye Parkını fərqləndirən əsas xüsusiyyətlərdəndir. Məsələn, “Alphapack Azerbaijan” MMC-nin istehsal etdiyi yapışqan lentlər sənaye parkının digər rezidenti olan “FORİELLA” MMC tərəfindən istehsal fəaliyyətində istifadə edilir. “Bioropean” MMC-nin emal etdiyi texniki yağlardan “Ekokat” MMC-nin istehsal fəaliyyətində xammal kimi yararlanılır.

Beləliklə, Sənaye Parkında emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsi iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət kəsb edir...

Rezidentlər üçün tətbiq edilən güzəştlər, iş yerləri və “yaşıl” məhsul ixracı…

Onu da qeyd edək ki, Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur.

Balaxanı Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 44,7 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri yaradılıb. Rezidentlər tərəfindən ötən müddət ərzində ümumilikdə, 81,9 milyon manat dəyərində məhsul istehsal edilib. Tullantılardan xammal kimi istifadə edilərək hazırlanan məhsulllar Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya, Belarus daxil olmaqla, bir çox xarici ölkələrə ixrac olunub.

Tullantıdan enerjiyə...

Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində yaradılan və 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 231,5 mln KVt saat elektrik enerjisi istehsal olunur ki, bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaradır.

Ekoloji mühitə dəyən zərər neytrallaşdırılır

Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi poliqonu “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 6 avqust tarixli Sərəncamı ilə 2009-cu ilin oktyabr ayında “Təmiz Şəhər” ASC-yə təhvil verilmişdir. Ötən müddət ərzində poliqonun 120 hektar ərazisində tikinti-quruculuq və abadlıq işləri aparılmış və ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azalmışdır. Ekoloji mühitin bərpası istiqamətində nəzərə çarpacaq fəaliyyətlərin həyata keçirildiyi Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi poliqonu bu gün Bakı şəhəri ərazisində yeganə qanuni tullantı poliqonudur.

Burada tətbiq olunan müasir texniki qurğular vasitəsiilə zərərsizləşdirilən tullantılardan ayrılan qazlardan elektrik enerjisi əldə olunur. Ayrılan su isə xüsusi filtrasiyadan sonra poliqon ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur.

Tullantıların zərərsizləşdirilməsində çeşidləmə vacib rol oynayır

Tullantıların zərərsizləşdirilməsi sahəsində əhəmiyyətli fəaliyyətlərdən ən vacibi çeşidləmədir. “Təmiz Şəhər” ASC-nin Bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən bu istiqamətdə uğurla fəaliyyət göstərir. Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan bu zavodda çeşidləmənin aparılması nəticəsində ayrılan materiallar tullantıların ümumi həcmini azaldır, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır. Bu isə ölkədə təkrar emal prosesinin inkişafına böyük təkan verir. Çeşidləmə zavodunun fəaliyyəti tullantıları düzgün idarə etməklə təbii ehtiyatlara və enerjiyə qənaət olunmasına xidmət edir.

Tullantı həm də incənət “əsəri”nə çevrilə bilir...

Bir çox hallarda təkrar emal üçün belə, yararsız hesab etdiyimiz tullantılar yaradıcı təxəyyüllə maraqlı və orijinal incəsənət əsərinə çevrilə bilir...

Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyi buraya gələnlərin böyük marağına səbəb olan məkanlardındır. Belə ki, buradakı bütün sənət əsərləri tullantılardan istifadə etməklə hazırlanıb və ziyarətçilərə təqdim olunur. “Təmiz Şəhər” ASC tullantıların idarə olunması və əhali arasında maarifləndirmə işlərinin aparılması istiqamətində nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli layihələrin icraçısı kimi tanınır. Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə ənənəvi olaraq keşirilən “Tullantıdan Sənətə” adlı beynəlxalq sərgidə yerli rəssamlarla yanaşı, dünyanın 40-dan çox ölkəsindən gələn yaradıcı insanlar işitirak edirlər. Onların sərgi üçün tullantılardan yaratdıqları ecazkar əsərlər izləyicilərə təqdim olunur və muzeydə sərgilənir.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması zamanı əmələ gələn dib külünün müxtəlif təssərrüfat sahələrində istifadəsinin mümkünlüyü artıq sübut olunub. Aparılan tədqiqatlar nəticəsində yanmadan ayrılan dib külünün yol tikintisində və müxtəlif növ kimyəvi meliorantların (gübrələrin) istehsal olunması ilə bağlı tədqiqat nəticələri mövcuddur. İstehsalı mümkün olan meliorantlar kənd təsərrüfatında, daha dəqiq desək, şoran torpaqların meliorasiyasında tətbiq edilə bilər.

Göründüyü kimi, istehsal prosesi zamanı ətraf mühitə diqqətli yanaşma, tullantısız texnologiya və təkrar emala üstünlük vermək müasir dövrün tələbidir. Azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çox vacibdir. Təsadüfi deyildir ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub...

Mənbə:
0
562
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar