• Şikayət et

Həbsdə aclıq edən Taleh Bağırzadənin səhhətinin pisləşdiyi bildirilir

""Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin səhhətində problemlər var. O artıq 10 gündür ki, həbsxanada aclıq aksiyası keçirir”.
Bunu T.Bağırzadənin müavini Elçin Qasımov iyunun 13-də özünün "feysbuk” səhifəsində yazıb.
"Hacı qısa da olsa, telefon əlaqəsi saxlayıb. Dünəndən qızdırması var, bu biraz təhlükəli hesab olunur. O, Allahın təhqir olunmasına etirazla bağlı başlatdığı aclıq aksiyasını davam etdirir və bildirir ki, bu işin günahkarları cəzalanmayana qədər mübarizəsində əzmlidir. Taleh Bağırzadə bildirir ki, bütün narahatlığımız yalnız Allaha görə olmalıdır. Hər kəs enerjisini bu məsələnin həllinə yönəltsin, nəinki onun aclığı dayandırmasına”.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə Toplum TV-yə bildirib ki, T.Bağırzadə hazırda həkim nəzarətindədir: "Hazırda səhhətində hər hansı ciddi problem yoxdur”.
Mehman Sadıqov
Bağırzadənin iyunun 3-də başlatdığı aclıq aksiyasına daha əvvəl tərəfdarları Abbas Hüseyn və Cabbar Cabbarov, jurnalist Polad Aslanov və "Gəncə işi" üzrə həbs edilmiş Firudin Zeynalov qoşulmuşdu.
T. Bağırzadə cəza çəkdiyi Qobustan həbsxanasının rəhbərliyinə aksiya ilə bağlı yazılı bildiriş göndərərək aclıq etməsinə səbəb kimi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr fonunda Allahın söyülməsi, dini müqəddəslərin təhqir edilməsini göstərib.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "polisin dinimizi təhqir etməsi barədə iddiaları" təkzib edib.
O, həmin "böhtan" məlumatları polisin nüfuzdan salınmasına yönələn şayiələr adlandırıb və bunun əvvəllər də olduğunu deyib.
Zahidovun sözlərinə görə, Azərbaycan polisi bütün dinlərə, o cümlədən "mənsub olduğu müqəddəs dinə" hörmətlə yanaşır.
T.Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, 16 nəfər də saxlanılıb. Məhkəmə T. Bağırzadəni 20 il müddətinə azadlıqdan məhrum edib.

Mənbə:
0
4111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar