• Şikayət et

Gədəbəyin yeni icra başçısı Orxan Mürsəlovun 1 ayda gördüyü müsbət işlər digər məmurlara da NÜMUNƏ, ÖRNƏK olmalıdır…

Bu gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov barəsində yazmaq istəyərkən, yadıma 26 il öncə gördüyüm və eşitdiyim maraqlı və ibrətamiz bir epizod düşdü. Vaxtilə, bərbad vəziyyətə salınan universitetin rektoru vəzifəsindən azad edildi. Və onun yerinə təyin olunan, qısa vaxtda müsbət dönüş yaradan yeni rektor öz açıqlamasında demişdir ki, möhtərəm Prezidentimiz mənə qəti tapşırdı ki, get oranı DÜZƏLT…
Əslində cənab Prezident bütün məmurlara eyni tapşırığı verir, hamısına deyir ki, gedin düzəldin, qurun, yaradın, xalqa xidmət edin… Amma bəzi nankor məmurlar DÜZƏLDİN tapşırığını öz qandıqları kimi icra edirlər və sonda layiq olduqları cəzanı alırlar.
Sözün düzü, neçə ildir Gədəbəy Rayon İcra Hakimiyyətində baş verənlərlə bağlı mediada qalaq-qalaq şikayətlər oxuyurduq. Rayonun icra başçıları yola salınsa da vəziyyət düzəlmirdi. Nəhayət 1 illik gözləntidən sonra Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2022-ci il tarixli Sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi.
Məlumat üçün qeyd edək ki, Orxan Mürsəlov bu təyinatadək Prezident Administrasiyasında çalışıb. O, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun baş məsləhətçisi vəzifəsini tutub. O bu vəzifədə ikən administrasiyada Qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib. Və həmin rayonların vəziyyətinə yaxından bələddir.
Onu da qeyd edək ki, sərəncamdan 1 gün sonra Gədəbəyin yeni icra başçısı Orxan Mürsəlov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinə təqdim edilib. Bu məqamda bir məsələni xüsusi olaraq qeyd etməyi vacib hesab edirik. Belə ki, bacarıqsız kadrlar adətən vaxt istəyirlər, müxtəlif bəhanələr axtarırlar, az qala 2-3 il gözləməyi düşünürlər. Ancaq sözün həqiqi mənasında layiqli, bacarıqlı, səriştəli kadrlar işlə başladığı 1-ci gün hər şey olmasa da, çox məsələ aydın olur. Bəli, bu az qala aksiomadır. Yoxsa, mənə vaxt verin-filan, gözləyin…
Bəli, icra başçısı təyin olunan Orxan Mürsəlov sabahısı günü rayonun müxtəlif kəndlərində şəhid ailələri, Qarabağ qaziləri ilə, ağsaqqallarla görüşlər keçirdi, onların problemləri ilə maraqlandı və bir çox problemləri yerindəcə həll etməyə çalışdı. Bax, bu oldu real iş. Müdrik atalarımız əbəs yerə demir ki, xalqın gözü tərəzidir. Bəli, rayon camaatı da gördü ki, bu cavan, enerjili, təcrübəli icra başçısı xalqa xidmət edir. İkinci günü icra başçısı Orxan Mürsəlov Şəhidlər Xiyabanına gedərək Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının məzarlarını ziyarət etdi. Bəli, yeni icra başçısı bu günədək rast gəlmədiyimiz nümunəvi bir addım atdı. Və heç kimin gözləmədiyi halda rayondakı müxtəlif məktəblərə gedərək real vəziyyəti öz gözləri ilə gördü.
Yayılan materiallarda icra başçısının sinif otaqlarında şagirdlərlə bir parta arxasında əyləşməsi, dərsin gedişatını izləməsi, doğrudan da, maraqlı idi. Bunu nə məktəb kollektivi, nə şagirdlər, nə də valideynlər gözləyirdi. Və icra başçısının məktəblərə səfəri zamanı bəlli oldu ki, rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti çox aşağıdır.
Təsəvvür edirsiniz, kənd tam orta məktəbində 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.
Təsəvvür edirsiniz, məktəbdə nə direktor var, nə də müəllim. Üstəlik 11-ci sinif şagirdlərindən bir nəfər də dərsə gəlməyib. Bunun harası məktəb oldu..?
Guya bu proses uzun illərdir belə deyildi..? Amma gördünüzmü, yeni icra başçısı 2 günün içərisində problemi ortaya qoyaraq müvafiq orqanlardan ciddi tədbir görməyi tələb etdi.
Bəli, aldığımız son məlumatlara görə, icra başçısı rayonun yolları, əhalinin məşğulluğu və digər məsələlərlə bağlı müvafiq qurumlar qarşısında məsələlər qaldırıb. Bütün bunları görüb-eşidəndə düşünürük ki, bu cavan icra başçısının son 2 ayda gördüyü müsbət işlər kaş başqa icra başçıları üçün də nümunə, örnək olaydı.
Bəli, Gədəbəy rayonu 2-ci dəfədir ki, icra başçısı tərəfindən bəxti gətirir. Orxan müəllim və ondan öncəki icra başçısı. Biz heç kimə vəkillik etmirik, saytımızda tənqidi materiallar dərc olunsa da ağa qara demək heç vaxt adətimiz olmayıb. Gədəbəy rayonunda insanların həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, sanki Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun devizinə çevrilib.
Biz də mətbu orqan olaraq, Gədəbəy rayonundan olan müharibə veteranlarının, qazilərin, sahibkarların bizə etdikləri müraciətləri nəzərə alaraq bərəkətli Gədəbəy torpağına səfər etdik. Başqalarından fərqli olaraq, biz rayonun məmurları ilə deyil, zəhmətkeş kütlə ilə görüşüb söhbətləşdik. Görüşdən olan təəsüratlarımızı qələmə aldıq. Budur, medianın regionlara baxışı.
P.S. Biz düşünməliyik ki, həmin vicdanlı məmurlar da bizlərdəndir, onlara imkan verməliyik ki, işləyərək xalqa xidmət etsinlər.

0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar