• Şikayət et

Əli Əliyevin həbsi ilə bağlı bəyanat narazılığa səbəb oldu: 3 partiya etiraz etdi

Zaur Mahiroğlu: "Aramızda razılaşma olandan sonra bu cür bəyanatlar yaymaq anlaşılmazdır”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Müdafiə Komitəsinin yaydığı bəyanata imza atan 3 partiya sənəddə adlarının qeyd edilməsinə etiraz edib.
Onlar bəyanata imza atmadıqlarını bildiriblər.
Pənah Hüseyn: "Sənədin tərtibi, müzakirəsi və qəbulunda iştirak etməmişik”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Facebook” səhifəsində yazıb ki, sənədin tərtibi, müzakirəsi və qəbulunda iştirak etməyib: "Ancaq Azərbaycan Xalq Partiyası Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində kobud prosessual pozuntularla müşahidə olunduğu, ədalətsiz keçirildiyi bildirilən məhkəmədə 5 aylıq həbs hökmünün çıxarılmasını ümumilikdə söz və ifadə azadlığını, onun siyasi fəaliyyəti ilə bağlı təqib aktı kimi dəyərləndirib pisləyir və onun azad olunmasını tələb edir”.
Cavanşir Abbaslı: "Bəyanatdan partiya rəhbərliyinin məlumatı olmayıb”
Ağ Partiya başqanının ictimaiyyətlə əlaqələr üzrə müavini Cavanşir Abbaslı da oxşar mövqeyi ifadə edib.
Cavanşir Abbaslı deyib ki, bəyanatdan partiya rəhbərliyinin məlumatı olmayıb.
Onun sözlərinə görə, bəyanat heç bir partiyaya göndərilmədiyindən adları qeyd olunan şəxslərin bundan xəbərləri yoxdur: "Biz 14 yanvar tarixli bəyanatda bu həbsə olan mövqeyimizi tam şəkildə ifadə etmişik”.
Bəyanatda adı olan Azərbaycan Yüksəliş Partiyasının da açıqlamadan imtina etdiyi qeyd olunur.
Partiyanın yaydığı açıqlamada bildirilib ki, onlar bəyanatın mətniylə əvvəlcədən tanış olmayıb və onu təsdiqləməyib: "Bir partiya rəhbərliyinə məlumat vermədən, adının hər hansı bəyanatın dəstəkçisi kimi qeyd edilməsini siyasi etikadan kənar və hörmətsizlik hesab edirik. Xüsusi olaraq vurğulayırıq ki, Azərbaycan Yüksəliş Partiyası olaraq, Əli Əliyevin həbsinə etiraz edir və bir an öncə azad olmasını tələb edirik”.
Bəs bəyanat yayılan günün gecəsi 3 partiyanın tələsik şəkildə bəyanat yaymalarının səbəbi nədir?
"Axı bizə deyən də olmayıb ki, belə bir bəyanat var”
Pənah Hüseyn ona hər hansı bəyanat göndərilmədiyini deyib: "Axı bizə deyən də olmayıb ki, belə bir bəyanat var və göstərilməyib də. Elementar etika var, heç olmasa desinlər ki, bəyanat hazırlanıb. Mən Rüfət Səfərovla əlaqə yaratmağa çalışıram, alınmır. Mənim statusuma istinad edirlər. Orda da yazmışam ki, sənədin tərtibi, müzakirəsi və qəbulunda iştirak etməmişik. Bu, imtinadırmı? Bir daha deyirəm, mənə sənəd göstərilməyib, həqiqətən də, xəbərim yoxdur. Hərçənd ki, Müdafiə Komitəsinə qatılmayanlardan danışan yoxdur, amma bizi hədəf seçiblər. Prezident Administarsiyası bəzən partiyaların adından sənəd qəbul edirdi. İndi belə çıxır ki, mənim adımdan bəyanat yayırlar”.
Pənah Hüseyn Foto: Meydan TV
Bəhram İsmayılov: "Adımız bəyanatda qeyd olunub, amma xəbərimiz yoxdur”
Yüksəliş Partiyasının İcra Aparatının rəhbəri Bəhram İsmayılov sənədin hazırlanmasından xəbərsiz olduqlarını, bu məsələdə qarşı tərəfin qeyri-peşəkarlıq göstərdiyi qənaətindədir:
"Biz onsuz da Müdafiə Komitəsində iştirak edir və onun müdafiəsindən çəkinmirik. Bunlar öz yerində, sadəcə, siyasi etikaya sığmayan odur ki, adımız bəyanatda qeyd olunub, amma xəbərimiz yoxdur, sosial şəbəkələrdən bilmişik”.

Bəhram İsmayılov
Meydan TV-nin Ağ Partiya başqanı Tural Abbaslıyla əlaqə yaratmaq cəhdi baş tutmayıb.
Rüfət Səfərov: "Ağ Partiya və Yüksəliş Partiyasının nümayəndələri islası yarımçıq tərk etdilər”
Bəyanatı hazırlayan hüquq müdafiəçisi Rüfət Səfərov Meydan TV-yə deyib ki, Müdafiə Komitəsi elan olunan gün ilk bəyanatın mətni barədə və nə zaman yayılacağı bildirilmişdi:
"Bəyanatı mən hazırlamışam və Vətəndaş və İnkişaf Partiyasına göndərmişəm. Partiya da komityə üzv olanların adlarını qeyd edib. Ancaq Pənah Hüseyn komitənin toplantısına qatılmamışdı. Ağ Partiya və Azərbaycan Yüksəliş Partiyasının nümayəndələrinə söz versək də, islası yarımçıq tərk etdilər. Hətta onlar iclasın çəkilişinə düşmək də istəmirdilər. Sonra bəyanat hazırlandı, sənəddə Əli Əliyevin həbsinin pislənilməsi, ifadə azadlığının pozulması və azad olunması yer alıb, başqa heç nə yoxdur. Komitədə 70-dən çox adam var, hamısı da həbsi pisləyir və azad edilməsi tələbini bölüşür. Əgər bəyanatda bunlardan artıq heç nə yoxdursa, narahatlıq yaradan nə ola bilər?!”.
Rüfət Səfərov
Rüfət Səfərov bəyanatdan imza atan partiyaların addımlarından təəssüflənsə də, bunu gözlədiyini vurğulayıb.
Zaur Mahiroğlu: "Bizimlə danışdılar, dedik ki, növbəti mətni göndərəcəyik”
Vətəndaş və İnkişaf Partiyasının təşkilati işlər üzrə sədr müavin Zaur Mahiroğlu Meydan TV-yə deyib ki, hər üç partiya bəyanatdan imtina səbəblərini onlara xəbərdarlıq edilməməsini göstəriblər: "Onlar mətnlə tanış olmalarını istəmişdilər və özləri də dünən mənimlə əlaqə saxlayıb danışıblar. Amma sonradan sosial şəbəkədə yayılan açıqlamalarını oxuyanda qəribə vəziyyət yarandı. Çünki özləriylə əvvəlcədən danışmışdıq. Ola bilər, bəlkə, ilk anda naşılıq olub, məlumatı göndərməmişik. Ancaq Müdafiə Komitəsinin ilk toplantısına hər üç partiya dəvət edilib. Tural Abbaslı və Anar Əsədli müavinlərin göndərmişdi, Pənah Hüseyn isə efirdə olacağını deyib gələ bilməyəcəyini bildirdi. İclasın sonunda deyildi ki, 1 gün sonra bəyanat yayılacaq, hətta mətn də xatırlandı. Təəssüf ki, həmin partiyaların nümayəndələri iclası yarımçıq tərk etmişdilər. Məsələ ondadır ki, bizimlə danışdılar, normal qarşıladıq və növbəti dəfə mətnin göndəriləcəyi deyildi. Yəni öz aramızda razılaşma olandan sonra sosial şəbəkədə bu cür bəyanatlar yaymaq anlaşılmazdır. Axı bəyanatın mətnində təhqir və hər hansı aksiyaya çağırış da yoxdur. Sadəcə, Əli Əliyevin həbsi pislənilib və azadlıq istənilib”.

Zaur Mahiroğlu
Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə hökm oxunub.
Partiya sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.
Yanvarın 26-da Əli Əliyevin Müdafiə Komitəsinin yaydığı bəyanatda onun azad edilməsi tələb olunub.

Mənbə:
0
5557
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar