• Şikayət et

“Dedi ki, səni görə bilirəm” - Yaralı əsgərlərə kömək edən BDU könüllüsü

Vətən keşiyini qoruyan igidlərlə bir sıralarda duran onların sağlığına öz canı kimi qulluq edən könüllülərimizi də bu gün yad etmək borcumuzdur.

Onlardan biri də Vətən müharibəsinin ilk günlərindən yaralılara xidmət edən, Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin yetirmələrindən olan Fəridə Rəhimlidir.

O öz xatirələrini Ednews-a bölüşüb:

“Vətən müharibəsində yaralanan qazilərimizə qulluq etməkdən zövq alırdım və bunu özümə mənəvi borc bilirdim. Cəbhəyə getmək üçün aidiyyatı qurumlara müraciət etsəm də, mənə icazə vermədilər. Amma hansı yolla olursa-olsun hərbçilərimizə kömək etmək istəyirdim. Xatirələr çoxdur. Heç bir xatirəni unutmaq mümkün deyil. Qələbəni bizə bəxş edən qəhrəmanlarımız hər daim xatirimizdə olacaq.

O, həmçinin, qazilərimizdən də söz açıb:

“Yadımdadır ki, Cavid Abidinov adında bir əsgərimiz yaralanmışdı. Bir gözünü müharibə vaxtı itirmişdi. İkinci gözünün də görmək ehtimalı çox az idi. Həkim mənə yaxınlaşıb dedi ki, Fəridə, əsgər Abidinovun vəziyyəti çox ağırdır. Görmə qabiliyyəti tamamilə itə bilər. O vaxt əsgərimizin 20 yaşı var idi. Heç kəslə danışmaq istəmirdi. Gərgin, depressiv bir zaman keçirirdi. Danışmaq, gəzmək, yemək yemək istəmirdi. Hər gün yara bandını dəyişdirib yemək yedirdirdim. 20 yaşında bir gəncin gözlərini itirməyi həqiqətən kədərli hiss etdirmişdi. Bir gün yara bandını dəyişdirəndə mənə dedi ki, Fəridə, bu sənsən? Dedim axı, sən mənim səsimi tanıyırsan. O dedi ki, mən səni görə bilirəm. İlk gördüyü şəxs mən olmuşdum. O qədər sevinmişdik ki... Orada olmaq çox çətin və qürurverici idi.

Bir gün palataya daxil olanda qazimiz Sadiqin hönkür-hönkür ağladığını gördüm. Soruşduq ki, ağrıların varmı? Bizə dedi ki, ürəyim ağrayır. Dostum gözümün qarşısında şəhid olub. Mən də onun yanında şəhid olmalı idim. Həmin vaxt hamı dəmir yumruq kimi birləşmişdi. Həkimlər, tibb bacıları o qədər əziyyət çəkirdilər. Bu bizim necə yumruq kimi birləşməyimizi göstərirdi. Mən vətəndaş kimi etməli olduğumuzu etdim. Könüllülük vaxtı gözəl vətənpərvər insanlarla qarşılaşdığım üçün çox xoşbəxtəm”.

Ayan Rzayeva

Mənbə:
0
181
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar