Ağdaşda “Zəfər qürurunu yaşadan qəhrəmanlar” mövzusunda tədbir təşkil edilib

Ağdaş rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar rayon Gənclər və İdman İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər qürurunu yaşadan qəhrəmanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, könüllü gənclər, rayon icra hakimiyyəti aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanı ziyarət edilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub.
Heydər Əliyev Mərkəzinin foyesində “Zəfər qürurunu yaşadan qəhrəmanlar” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış olub və qaliblərə Ağdaş Regional Mədəniyyət İdarəsinin və rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələr verilib.
Mərkəzin konfrans zalında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş olunub. Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı erməni qüvvələri üzərindəki tarixi qələbədən danışıb.
Tədbirdə 44 günlük Vətən müharibəsində bir çox ərazilərin, o cümlədən Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan Ağdaşın Ağzıbir kəndində doğulub boya-başa çatan, Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Gündüz Səfərlinin həyatı və hərbi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Sonra Gündüz Səfərli çıxış edərək Vətən müharibəsi və bu müharibənin tarixində xüsusi yeri olan Şuşa əməliyyatı barədə iştirakçılara öz xatirələrini söyləyib, gənclərə önəmli tövsiyələr verib.
Ağdaş Regional İdarəsinin məsləhətçisi İlqar Vəliyev çıxış edərək Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar regional idarə və mədəniyyət müəssisələri tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri İsmayıl Xudiyev ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı danışıb. Tədbirdə Gündüz Səfərliyə ağdaşlı rəssam Məlahət İsmayılqızının çəkdiyi portret, fəxri fərman və qiymətli hədiyyələr verilib. Sonda Ağdaş Regional Mədəniyyət İdarəsinin dəvəti ilə rayonda səfərdə olan Gəncə Dövlət Dram Teatrının təqdimatında “Sən azadsan, Şuşa” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Mənbə:
0
587
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar