• Şikayət et

ABŞ və Avropa İttifaqı metan emissiyalarını azaltmaq üçün qlobal öhdəlik qəbul ediblər

Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) metan emissiyalarını azaltmaq üçün qlobal öhdəlik qəbul ediblər.
ABŞ və Aİ 2030-cu ilə qədər istixana qazı metan emissiyalarını azaltmaq üçün qlobal tərəfdaşlıq elan ediblər.
Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ prezidenti Co Bayden COP26 sammitində bu barədə açıqlama veriblər.
Ursula fon der Leyen sammitdəki çıxışı zamanı deyib ki, 2050-ci ili gözləyə bilmərik. Biz emissiyaları sürətlə azaltmalıyıq. O, iştirakçıların diqqətinə çatdırıb ki, metanın kəsilməsi qlobal istiləşməni azaltmaq üçün edə biləcəyimiz ən təsirli vasitələrdən biridir.
ABŞ prezidenti Co Bayden isə metanı mövcud olan ən güclü istixana qazlarından biri adlandırıb. O, bildirib ki, öhdəlik bütün metan qazının demək olar ki, yarısını emissiya edən və qlobal ÜDM-un 70 faizini təşkil edən ölkələri əhatə edir.
“Qlobal Metan Vədi”nin məqsədi metan emissiyalarını 2020-ci il ilə müqayisədə 30 faiz məhdudlaşdırmaqdır. 100-dən çox ölkə ABŞ və Aİ tərəfindən ilk dəfə sentyabr ayında təklif edilən təşəbbüsə qoşulub.
Metan, ən güclü istixana qazlarından biridir və insan fəaliyyəti nəticəsində cari istiləşmənin üçdə birinə cavabdehdir.
Qeyd edək ki, konfransda Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC - Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir.
Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Paris Sazişi üzrə götürülmüş öhdəliklər könüllü xarakter daşıyır. Tullantıların sektorlar üzrə bölgüsünə gəldikdə istilik effekti yaradan qaz tullantılarının əksəriyyəti energetika sektorunun payına düşür (qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən nəqliyyat da energetika sektoruna daxildir).
İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə bunlardır: Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz) və Yaponiya (4 faiz).
İstilik effekti yaradan qazların dünya üzrə ümumi emissiyalarında Azərbaycanın payı 0,15 faiz təşkil edir.

Mənbə:
0
5593
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar