• Şikayət et

4 nəfərin ölümü ilə nəticələnən qəzada təqsirli bilinən iş adamının CİNAYƏT İŞİ - Qəza anının VİDEOSU

2021-ci iyunun 14-də DİN-n yaydığı rəsmi məlumatda bildirilib ki, gecə saat 1 radələrində Binəqədi-Novxanı yolunda Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi "Land Rover" və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillər toqquşub.

Press.az -ın xəbərinə görə nəticədə Murad Ziyadov və sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində dünyalarını dəyişiblər.

Elşad Kəlbəliyev və sərnişini Ələsgər Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Qeyd edək ki, ilkin məlumatda göstərilib ki, «Land Dover» markalı nəqliyyat vasitəsini Elşad Kəlbəliyev yox, Ələsgər Əliyev idarə edib. Bununla bağlı DİN-n rəsmisi bildirib ki, hadisədən sonra Ələsgər Əliyev 103 xidmətinə zəng edib, qəzaya düşdüklərini deyib. Buna görə də əvvəl sürücü kimi həmin şəxs qeydə alınıb. Amma sonradan araşdırma zamanı məlum olub ki, avtomaşını sərxoş vəziyyətdə Kəlbəliyev idarə edib. O, saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbsqəti imkan tədbiri seçilib.

KİV-də məlumat yayılıb ki, Elşad Kəlbəliyev «Baxçalı Evlər» MTK-nın təsisçisidir, "Qurtuluş 93" Yaşayış kompleksi sahibinin kürəkənidir.

Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 263-1.4-cü ( yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə cinayət işi başlanılıb.

Elşad Kəlbəliyev 1978-ci ildə Naxçıvan MR-da anadan olub, əvvəllər məhkum olunmayıb.

İş üzrə dindirilmiş Elşad Kəlbəliyev bildirib ki, iyunun 14-də dostları ilə Sumqayıt şəhərində yemək yeyərkən gecə saat 24-də oğlu zəng edərək, hərarətinin qalxdığını və özünü pis hiss etdiyini deyib. Avtomobilinə əyləşib, Binəqədi-Novxanı yolu ilə hərəkət edib. Bir az getdikdən sonra, yolun sağ tərəfində 5-6 nəfərin çimərlik paltarlarında dayandıqlarını görüb. Hərəkətsiz dayandıqları üçün, təhlükə yaratmayacaqlarına əmin olub, döngədə sürəti azaltmayıb. Amma piyadalar 20-30 metr qalmış onlar qəflətən qaçaraq, sağdan sola yolu keçməyə başlayıblar. Onlara vuracağını görüb, dərhal sükanı sola buraraq, əks yola çıxıb və bu zaman qarşıdan gələn «Daewoo» markalı avtomobillə toqquşub. Qəza zamanı ciddi xəsarət alıb, hadisədən sonra bir müddət huşsuz vəziyyətdə olub.

Kəlbəliyev qeyd edib ki, ümumiyyətlə spirtli içki içən deyil və həmin gündə heç nə qəbul etməyib.

Məhkəmə iclasında Elşad Kəlbəliyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisləri bildiriblər ki, onlara dəymiş ziyan Kəlbəliyevin qohumları tərəfindən ödənilib, buna görə təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur.

Məhkəmə hesab edib ki, Elşad Kəlbəliyevə ittiham olunduğu CM-nin 263-1.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və CM-nin 56-cı maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli CÇM-də çəkilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti qismən təmib olunub və cəzası 8 ilə endirilib.

Mənbə:
0
1661
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar