"Laçın rayonunun azad edilməsi tarixi əhəmiyyət kəsb edir"

Dövlətimizin başçısı xalqımızı möhtəşəm qələbə münasibətilə təbrik edərkən demişdir:
 
“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
 
Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. Bu hadisə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra baş verdi. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir.
 
Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. İndi də Şuşa işğaldan azad edildikdən qısa müddət sonra Laçın da azadlığına qovuşdu. Bununla da, hazırda respublikamızın 58 rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu.
 
Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
 
Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Eyni zamanda, Laçında 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb.
 
Laçın Dövlət Təbiət Yasaqlığı isə 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20000 hektar ərazidə yaradılıb. Qeyd edim ki, Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
 
Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq şübhə yoxdur ki, Azərbaycan dövləti bütün rayonları, eləcə də gözəl və füsunkar Laçını tamamilə bərpa edərək, orada vətəndaşlarımızın normal həyatı üçün şərait yardacaq. Prezident İlham Əliyev fəxrlə qeyd etmişdir ki, bu istiqamətdə ilk layihələr artıq icra edilməyə başlanılmışdır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Bildiyimiz kimi, Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub. Səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir. Prezident İlham Əliyev Qarabağa yaxın rayonlara səfərləri zamanı da azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət edir, müvafiq göstərişlər verir. Daşkəsənə və Goranboya son səfərləri zamanı Prezident İlham Əliyev Kəlbəcərə yolu asanlaşdıracaq layihələr barədə də məlumat vermişdi. “CNN Türk” kanalına müsahibəsində açıq mesajlar verən Prezident İlham Əliyevin iki gün sonra Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsidir.
 
Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı. Bütün bunlardan əlavə olaraq, qeyd etmək istəyirəm ki, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri də durmadan davam etdirilir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib.
 
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Bir daha vurğulamaq istəyirəm ki, ikinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu gücünü bir daha nümayiş etdirdi. Düşmən yenildi.
 
Məğrur Laçınımız itkisiz işğaldan azad edildi. Xalqımız bu günlərdə Qələbə sevincini yaşayır. Biz tariximizin ən şanlı, şərəfli günlərini yaşayırıq. Bu, böyük xoşbəxtlikdir. 30 ilə yaxın idi ki, biz doğma torpaq nisgili ilə qovrulurduq. Nəhayət, bu nisgilə son qoyuldu. Azərbaycan öz tarixi ərazilərini özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.
 
Torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Bu müqəddəs mübarizədə canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna eşq olsun !
Mənbə:
0
148
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar