• Şikayət et

Konyada 27 Sentyabr - Anım Günü ilə əlaqədar yürüş keçirilib

Türkiyənin Konya vilayətində 27 Sentyabr - Anım Günü ilə əlaqədar yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Konya Azərbaycanlı Tələbələr Birliyi tərəfindən keçirilən yürüş çərçivəsində mediaya açıqlama verilib.

Birliyin rəhbəri Sahab Kərimlinin verdiyi açıqlamada bildirilib ki, təxminən 30 il əvvəl Azərbaycanın ayılmaz parçası olan Qarabağda insanlıq tarixi üçün ən utancverici işğallardan biri həyata keçirilib: “Bu tarixdə bəzi dövlətlər və terror təşkilatlarının dəstəyini alan Ermənistan Azərbaycan torpaqlarına hücum edib. Hərbi texnikası əlindən alınan Azərbaycana qarşı təpədən-dırnağa qədər silahlanmış Ermənistan qadın, yaşlı, uşaq demədən Qarabağı qan gölünə çevirib. Birinci Qarabağ müharibəsinin nəticələri Azərbaycan üçün çox ağır olub. Bir milyondan artıq insan yurd-yuvasından didərgin salınıb, şəhərlər viran qoyulub, ölkə iqtisadiyyatına milyardlarla dollar məbləğində ziyan vurulub. Lakin bütün bu dözülməz zülmlərin qarşısında Azərbaycan xalqı yıxılmayıb. Qundaqda Qarabağdan ayrılmağa məcbur edilən körpələr tankların üzərində öz torpaqlarına geri döndülər. İllər boyu dinc əhalinin yaşadığı bölgələrə ermənilər tərəfindən edilən hücumlara dözməyən Azərbaycan 2020-ci sentyabrın 27-də cavab əməliyyatı başladıb və 44 günlük Vətən müharibəsi ilə dastan yazıb. Bu yolda canından və sağlamlığından keçən hər bir qardaşımızın qarşısında baş əyirik, onlara minnətdarıq”.

Azərbaycanın bu haqlı davasında qardaş Türkiyə xalqının və dövlətinin daima Vətənimizin yanında olduğunun vurğulandığı açıqlamada bunun üçün bütün türk xalqına minnətdarlıq ifadə edilib.

“Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirən yürüş iştirakçıları Konya Hərbi Şəhidlik Abidəsi önünə əklil qoyublar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə:
0
182
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar