Ey doktorant və dissertantlar, ayılın!

İdris Abbasov


CƏMİYYƏTİ MƏNƏVİ BÖHRANA SÜRÜKLƏYƏN BİRLƏŞMİŞ ALİMİZM-AKADEMİZM ŞƏBƏKƏSİNƏ QARŞI MÜBARİZ OLUN, EY GƏNCLƏR!

Ey doktorant və dissertantlar, ayılın! Cəmiyyətimizi murdarlayan, mənəviyyatımızı çirkləndirən, gənclərimizi mütiləşdirən və kölələşdirən tüfeyli elm dəllallarına – korlama ilə məşğul olan alimizm-akademizmə qarşı etik mübarizədə əzmkarlıq göstərin! Onların feilinə uymayın, əllərindən öpməyin, qarşılarında diz çöküb yalvarmayın, ən əsası pul müqabilində dissertasiya yazdırıb düşük və kompleksli vətəndaşların yetişməsi ənənəsini çiçəkləndirməyin! Təşəxxüs satan, fırıldaqçılıq və müftəxorluq edən elmi rəhbərlərinizdən tələb edin ki, borclarını versinlər, onların tələsinə düşüb müti, savadsız, boynubükük, canlı ölülər olmayın, lütfən!
Sizə düz yol göstərsələr, inanın ki, indikindən qat-qat daha mükəmməl tədqiqatlar ortaya qoyub Azərbaycanın səmimi, təvazökar, alnıaçıq, üzüağ, vicdanli və dürüst vətəndaşları ola bilərsiniz! Öz dövlətinə, xalqına, Vətəninə faydalı vətəndaş olmaq nemətindən sizi məhrum edən alimizmə “Yox!” deyin! Nəhayət, ölkənin namusunu saxta bir dissertasiyaya, saxta elmi dərəcəyə satmayın! Onların sizə pul müqabilində yazdığı dissertasiya zaydır, zay. Sizin çoxunuz da bunu bilirsiniz, amma şəbəkədən qorxursunuz. Qorxursunuz ona görə ki, siz onlardan daha yaxşı bir iş ortaya qoysanız da, Birləşmiş Alimizm-Akademizm şəbəkəsi müdafiə mərhələsində sizə mane olacaq, hər cür alçaqlığa gedəcək! Ona görə də, pul verib, baş əyib guya canınızı qurtarmaq istəyirsiniz. Nəticədə, özünüzə də, mənsub olduğunuz dövlətə də, cəmiyyətə də istəmədən xəyanət dərəcəsində ziyan vurursunuz, bir millətin əxlaqının pozulması, mənəviyyatının çökdürülməsi prosesinin fəal iştirakçısına çevrilirsiniz.
Sizi bu işlərə sözvq edənləri lənətləyin, cəmiyyətə toksin ifraz edən zərərli qarınqululara çevrilmiş Saxta Dissertasiya Şəbəkəsi (SDS) üzvlərini ifşa etməkdən çəkinməyin!

Paralel.az

Mənbə:
0
431
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar