Yeni Dünya Nizamı və Hindistan

Day.Az Trend-ə istinadən bildirir ki, Covid-19 virusu zəifləyib yox olduqca, pandemiyadan sonrakı reallıqlar ortaya çıxmağa başlayır ki, onlar da formalaşmaqda olan dünya nizamının əsasını təşkil edən anlaşmaların və razılaşmaların kökündə durur.

Empirik olaraq desək, tənəzzüllərdən sonra bərpa prosesi baş verir. İqtisadi məhsuldarlıq və fəallığın artması ilə Hindistan iqtisadiyyatı da bərpa olunmağa başlayır. Misilsiz əhatə dairəsi və mürəkkəbliyi ilə seçilən peyvəndləmə kampaniyası rekord müddətdə sağlamlıq təhlükəsizliyini yaxşılaşdırıb və bu sahədə olan çatışmazlıqları azaldıb. Normal vəziyyətə qayıtmaq və daha bir çox nailiyyət əldə etmək üçün yaxşı şərait yaranıb.

Buna görə də bu, bir fürsətdir. Hindistanın bu məqamda edəcəyi seçimlər onun daha yaxşı sabahı necə gördüyünün göstəricisi olacaq.

Pandemiya göstərdi ki, dünya ölkələri arasında daha çox inteqrasiyaya ehtiyac var. Ümumi problemlərin ümumi həll yolları olmalıdır. Baş nazir Narendra Modi son bir neçə ayda "Böyük yeddilər", "Böyük iyirmilər" zirvə görüşlərində, "COP 26" konfransında, "Dördlük" liderlərinin ilk sammitində, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, BMT Təhlükəsizlik Şurasının və "BRICS" qrupunun sədri kimi, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı Şurasının Hökumət Başçılarının görüşündə pandemiyadan sonrakı dünyanın çağırışlarına uyğun gələn yeni dünya nizamı ilə bağlı baxışlarını ifadə edib. O, həmçinin müxtəlif yerli və beynəlxalq platformalar vasitəsilə hamı üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə Hindistanın prioritetlərini bu baxışlar ilə uyğunlaşdıracaq bir sıra strategiya və hədəfləri bəyan edib.

Hindistanın liderlik edərək istiqamət vermək üçün fəaliyyət göstərdiyi əsas qlobal problem iqlim dəyişikliyidir. İnkişaf ehtiyaclarımıza baxmayaraq, biz iqlim dəyişikliklərinə qarşı mübarizəyə qətiyyətlə sadiq olduğumuzu nümayiş etdirmişik.

Ən son Qlazqoda keçirilən "COP 26" sammitində çıxış edərkən Baş nazir "Panchamrit" adlı öhdəlikləri açıqlamaqla Hindistanın iqlim dəyişiklikləri ilə mübarizədə ambisiyalarını bəyan edib. Bu öhdəliklərin yerinə yetirilməsi ilə Hindistan 2030-cu ilə qədər qeyri-mədən yanacaq əsaslı enerji tutumunu 500 GVt-a yüksəlməklə enerji tələbatının 50%-ni bərpa olunan enerji mənbələri vasitəsilə ödəyəcək, proqnozlaşdırılan karbon tullantılarını 1 milyard ton azaldacaq, karbon intensivliyini isə 2030-cu ilə qədər 45 faizdən aşağı və 2070-ci ilə qədər "xalis sıfıra" endirəcək. İnkişaf etməkdə olan ölkələrlə bağlı narahatlığını ifadə edən Baş nazir, inkişaf etmiş ölkələri iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə yardımı və aşağı qiymətli texnologiyalarla təminat məsələsində daha çox ambisiyalı olmağa çağırıb.

Hindistanın təşəbbüsü ilə yaradılmış iki beynəlxalq təşkilat - Beynəlxalq Günəş Enerjisi Alyansı və Fəlakətlərə Davamlı İnfrastruktur Koalisiyası iqlim dəyişikliyinin təsirinin azaldılması və adaptasiya səylərində qlobal miqyasda mühüm rol oynamağa başlayıb. "COP 26" konfransında Baş nazir qlobal miqyasda inteqrasiya olunmuş günəş enerjisi infrastrukturunun yaradılması üçün "Bir Günəş, Bir Dünya, Bir Şəbəkə" təşəbbüsünü və inkişaf etməkdə olan kiçik ada dövlətlərində iqlim dəyişikliyi və fəlakətlərə davamlı infrastrukturun yaradılması məqsədilə "Dayanıqlı Ada Dövlətləri üçün İnfrastruktur" adlı təşəbbüsü irəli sürüb.

Hindistan, həmçinin Milli Hidrogen Missiyası çərçivəsində "Yaşıl Hidrogen" istehsalı və ixracı sahəsində qlobal mərkəzə çevrilməyə çalışır.

Baş nazirin iqlim dəyişikliyi ilə mübarizə üçün dayanıqlı həyat tərzini təşviq etmək çağırışı Romada keçirilən "Böyük iyirmilər" sammitində rezonans doğurub. O, "Bir Söz Hərəkatı"nı, başqa adla "Ətraf Mühit üçün Həyat Tərzi" və ya qısaca HƏYAT (LIFE) adlı təşəbbüsü irəli sürüb. Hindistanın öz davamlı həyat tərzi nümunəsinin qlobal səviyyədə qəbul olunması iqlim dəyişikliyi ilə mübarizəmizdə transformativ rol oynayacaq.

Pandemiya tədarük zəncirlərinin üzləşdiyi riskləri azaltmaq və onları daha davamlı etmək zərurətini üzə çıxardı. Baş nazir təchizat zəncirlərimizi təkmilləşdirmək üçün üç əsas amili vurğulayıb: Etibarlı Mənbə, Şəffaflıq və Vaxt Çərçivəsi.

Hindistanın "Atmanirbhar Bharat Abhiyan" (Özünə Güvənən Hindistan) adlı kampaniyası davamlılığı və etibarlılığı prioritet kimi təyin edərək Hindistanı etibarlı təchizat zənciri mərkəzinə çevirməyə yönəlib. Bu, fiskal və monetar dəstək, pul qoyuluşu, sənayeyə maliyyə dəstəyi, biznesin aparılmasının asanlaşdırılması və iddialı struktur islahatları vasitəsilə potensialı artırmaq üçün daha geniş siyasət çərçivəsinin bir hissəsidir.

"İstehsalla Bağlı Təşviqlər" adlı iddialı sxem isə investisiyaları cəlb edərək, yerli istehsalı artırır və qlobal rəqabətədavamlı Hindistan şirkətlərinin yaranmasına səbəb olur. Kosmik, müdafiə və atom enerjisi kimi əvvəllər məhdud olan sektorlar hazırda özəl sektor üçün daha çox açılıb.

Milli Təhsil Siyasəti 21-ci əsrin işçi qüvvəsini yetişdirmək və Hindistanı qlobal təhsil və bacarıq mərkəzinə çevirmək üçün çərçivə yaradıb.

Hindistan infrastrukturunun da yaxşılaşdırılması üçün böyük dövlət sərmayələri qoyur. Baş nazirin "Qati Şakti" adlı Multimodal Əlaqələr üçün Milli Baş Planı rəvan bir şəkildə inteqrasiya olunmuş Hindistanın formalaşmasına yönəlib. O, əlaqələndirmə işinə vahid yanaşma təqdim edərək icraçı və siyasət qurumlarını ümumi bir platformaya gətirir.

Fiziki infrastrukturun təkmilləşdirilməsi rəqəmsal əlaqələndirmə, maliyyə inklüzivliyi və immunizasiya kimi təşəbbüslər vasitəsilə Davamlı İnkişaf Məqsədlərinə diqqət yetirməklə həyata keçiriləcək. Özündə dünyanın ən böyük maliyyə inteqrasiyası proqramı olan "Jan Dhan"ı, dünyanın ən böyük biometrik proqramı olan "Aadhar"ı və dünyanın ən böyük mobil telefon şəbəkələrindən birini birləşdirən JAM üçlüyü müavinətlərin birbaşa verilməsinə transformativ miqyasda imkan yaradıb. İndi isə maliyyə texnologiyaları güclənməkdədir. "Jal Jeevan" missiyası və "Ayushman Bharat" sağlamlığın sığortası fondu bütün hindlilərə müvafiq olaraq təmiz su və səhiyyə xidmətlərinə çıxış təmin etməklə onların həyatlarını dəyişir.

Üçüncü Dayanıqlı İnkişaf Məqsədi (SDG 3) sağlam həyatı təmin etmək və bütün yaşlarda hamı üçün sağlamlığı təşviq etmək hədəfini qarşımıza qoyur. G20 sammitində Baş nazir dünya üçün "Bir Dünya - Bir Sağlamlıq" adlı baxışını irəli sürüb.

Pandemiya beynəlxalq sistemləri rəqəmsal məkana köçürüb. Hindistan rahat, şəffaf, ədalətli və səmərəli şəkildə dünyanın ən iddialı peyvəndləmə kampaniyalarından birini idarə edən "Co-Win" portalının təşkilində, eləcə də "Rəqəmsal Hindistan" təşəbbüsündə, rəqəmsal ödəniş həllərinin yaradılmasında, biznes proseslərinin autsorsinqi (BPO) və informasiya texnologiyalarına əsaslanan xidmətlər (ITES) sahəsində adaptasiya edə bilib və rəqəmsallaşmağa davam edir.

G20 sammitində çıxış edən Baş nazir Hindistanın bir çox inkişaf problemləri üçün "miqyaslı" həlləri sertifikatlaşdırdığını qeyd edib. Bu, inkişafın əsl zəminidir. Ölkə, həmçinin Cənub-Cənub İnkişaf Əməkdaşlığı sahəsində böyük təcrübəyə malikdir və digər inkişaf etməkdə olan ölkələrə çox sayda əməkdaşlıq modellərini təklif edə bilər. Bundan əvvəl G7 sammitində Baş nazir Hindistanın açıq mənbəli rəqəmsal həllərinin hamı üçün əlçatan olacağını bildirib.

Pandemiyanın ən acınacaqlı günlərində belə Hindistan beynəlxalq birliyin bir hissəsi olduğunu unutmayıb və 150-dən çox ölkəni zəruri dərmanlarla təmin etmək üçün çalışıb. Ölkə öz növbəsində "ikinci dalğa" zamanı hamının dəstəyini alıb.

Öz daxilində uğurlu peyvəndləmə kampaniyası aparan Hindistan, qonşularına və tərəfdaşlarına peyvənd ixracını bərpa edib.

Bütün bunlar və daha bir çox fəaliyyət vasitəsilə Hindistan sabahın çağırışlarının öhdəsindən gələ biləcək yeni bir dünya nizamının - sırf iqtisadi olmayan, insanları və onların rifahını əsas məqsəd kimi qarşısına qoyan dünya nizamının yaradılmasında vacib və konstruktiv oyunçu kimi çıxış edir.

Harş Vardhan Şrinqla, Hindistan Hökumətinin Xarici İşlər Katibi

İfadə olunan fikirlər şəxsi xarakter daşıyır.

Mənbə: Hindustan Times

Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar