Qarabağda gərginlik Ermənistanın hərbi qüvvələrinin regionda qalması ilə bağlıdır.
AZƏRTAC-ın xəbər verir ki, bu başlıqla Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov, "Dagen.se" saytında cavab məqaləsində çıxış edib.
Ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edən Svante Lundqrenin məqaləsində bir çox cəhətdən yalnışlığa yol verdiyini dilə gətirən səfir, Ermənistanın keçmiş Dağlıq Qarabağ regionu və 7 ərazisi də daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğalını xatırlatmamaqla, əvvəlki münaqişənin fonunu təhrif etdiyini bildirib.
700.000-dən çox azərbaycanlının qovulması ilə nəticələnən işğalın BMT Təhlükəsizlik Şurasının dörd qətnamələri ilə pisləndiyini xatırlandığı məqalədə deyilir, "Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə edərək, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib və ərazisini özü azad etməyə məcbur olub".
Ermənistanın əvvəllər işğal etdiyi ərazilərdə bir milyondan çox mina yerləşdirdiyi və sonradan təhvil verilən mina sahələrinin xəritələrinin cəmi 20-25 faiz düzgün olduğu da qeyd edən Zaur Əhmədov vurğulayıb ki, bu minalar müharibə başa çatdıqdan sonra ikisi jurnalist olmaqla 36 azərbaycanlının həyatına son qoyub, daha 160 nəfərə xəsarət yetirib.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan müharibə yerindən uzaq şəhərlərə hücumlar həyata keçirməsinə də toxunan diplomat, bu halların Human Rights Watch və digər müstəqil təşkilatlar tərəfindən qeydə alındığını diqqətə çatdırıb.
"Bu hücumlar müharibə cinayətidir və beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir. Bununla yanaşı, Azərbaycana aid çoxlu sayda əhəmiyyətli mədəniyyət abidələri və obyektləri dağılması da müharibə qanunlarının ciddi pozuntusudur", - deyə məqalədə vurğulanır.
Qarabağdakı son gərginliyə də toxunulan mətndə, Ermənistanın hələ də geri çəkmədiyi hərbi qüvvələrin destruktiv təsiri qeyd edilib.
Sülh sazişi öhdəliklərinin Ermənistan tərəfindən pozulmasına diqqət yetirən Azərbaycanın İsveçdəki səfiri bildirib ki, erməni qüvvələrinin çıxarılması müddəası hələ də yerinə yetirilməyib və ərazidə qalan silahlılar mütəmadi olaraq təxribat törətməkdə davam edir. Məqalədə habelə beş prinsipdən ibarət Azərbaycan Ermənistana beynəlxalq hüquqa əsaslanan sülh sazişinin bağlanması haqqında da bəhs edilib. Səfir Zaur Əhmədovun sözlərinə görə Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandığı təqdirdə, Cənubi Qafqazda davamlı sülh, sabitlik mümkün olacaq və Şimali Avropa əməkdaşlığı regional əməkdaşlıq üçün ibrətamiz model rolunu oynaya bilər. Qeyd edilib ki, bu günlərdə Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Brüsseldə keçirilən görüş sülh prosesində irəliləyişin olacağına ümidləri artırır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
“Azəriqaz” İstehsalat Birliyi (İB) hər zaman şəhid və qazi ailələrinin müraciətlərini diqqət mərkəzində saxlayır.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində daha iki qazi ailəsinin müraciəti təmin olunub.
Salyan rayonunun Dayıkənd kənd sakini Əliabbas Qasımov torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində iştirak edib. O, Birliyə müraciət edərək ailəsi ilə birgə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığından keçən qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Birlik rəhbərliyinin tapşırığı ilə Salyan Regional Qaz İstismarı İdarəsinin Salyan xidmət sahəsi tərəfindən qazinin müraciəti qısa zamanda həllini tapıb.
Salyan rayonunun Kürsəngi kənd sakini Natiq Mailov da 2-ci Qarabağ döyüşlərində iştirak edib. O, Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Qazi ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət edib. Birliyin baş direktorunun müvafiq göstərişi ilə Vətən müharibəsi iştirakçısının müraciətinin həlli istiqamətində işlərə başlanılıb. Fərdi yaşayış evi təbii qazla təmin edilərək sayğac quraşdırılıb.
Böyük Britaniya Parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord Bakı səfəri ilə bağlı məqalə yazıb.
AZƏRTAC xəbər verir ki, Offord yazısında Bakıda Humanitar Mina Təmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Beynəlxalq konfransda iştirakı zaman səfərdə olduğu bölgələrlə bağlı təəssüratlarını bölüşüb.
Offord məqaləsində Ağdama olan səfəri barədə bildirib ki, “Bir vaxtlar 30 min sakini olan şəhər 1993-cü ildə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlərin başlamasından sonra tamamilə dağıdılıb. 2020-ci ildə əldə edilmiş sülh sazişindən sonra münaqişə rəsmən başa çatıb və hazırda yenidənqurma işlərinə başlanılıb. Bununla belə, torpaq anti-personal və tank minaları, eləcə də tədqiq edilməmiş hərbi sursatlarla güclü şəkildə çirklənib”.
Qeyd edilib ki, 1993-cü ildən bəri bölgədə olan hərbi sursat nəticəsində təxminən 3500 ölüm hadisəsi baş verib: “2020-ci ildə iki ölkə arasında sülh sazişi imzalanandan bəri, piyada və tank əlehinə minalar, həmçinin tədqiq edilməmiş hərbi sursatlar nəticəsində daha 180 hərbçi və 53 mülki şəxs həlak olub. Bu iki il ərzində 19 min hektar ərazi ümumilikdə 50 min hərbi sursatdan təmizlənib lakin bu, Azərbaycanda minalanmış sahələrin cəmi 2 faizini təşkil edir”.
Deputat, Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi Agentliyi olan ANAMA tərəfindən işlərə necə başlandığını müşahidə edib.
Metyu məqaləsində qeyd edib ki“Böyük Britaniya, Azərbaycanı partlayıcı silahların aradan qaldırılması üçün kadr və resursların təmin edilməsində böyük rol oynayır. Bu partlayıcı maddələrə görə münaqişə bitdikdən sonra günahsız mülki insanlar və uşaqlar həyatını itirib”.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan cüdo üzrə Sumqayıt şəhər birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 15 yaşadək (U-15) yeniyetmələr arasında gərgin mübarizə şəraitində keçən yarışın ikinci günündə oğlanlar arasında 7 çəki dərəcəsində çempionlar müəyyənləşib. Belə ki, Abdulla Kərimov (46 kq), Kamal İbadov (50 kq), Ramazan Rzayev (55 kq), Əmi Şirinov (60 kq), İbrahim Balayev (66 kq), Bəhruz Məmmədov (73 kq), Polad Poladov (+73 kq) bütün rəqiblərini məğlub edərək birinci yerə sahib olublar.
Sonda mükafatalayiq yer tutan cüdoçular təltif olunublar.
Qeyd edək ki, Sumqayıt Olimpiya İdman Kompleksində 2008-2010-cu il təvəllüdlü idmançılar arasında təşkil edilən yarışda, ümumilikdə 300-dən çox idmançı 20 çəki dərəcəsi üzrə mübarizə aparıb.
İki gün davam edən yarışın təşkilində əsas məqsəd ölkəmizin bütün regionlarında cüdonu daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadları üzə çıxarmaq, həmçinin onların vətənpərvərlik hisslərini gücləndirmək, yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzini təbliğ etməkdir.
Aprelin 18-i saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi axşamları” layihəsi çərçivəsində konsert keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının müəllimləri Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist Aleksey Miltix, professor Könül Hüseynova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Günel Kazımova, baş müəllimlər Sevda Məmmədli, Zərif Kərimova, Beynəlxalq müsabiqələr laureatları Ülviyyə Kazımova, Gülnarə Kərimova, Nərgiz Əliyeva, Səbinə Quliyeva, Leyla Kərimovanın ifasından ibarət Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenin Kiyevə səfər edəcəyini düşünür.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti CNN telekanalına müsahibəsində deyib.
“Əlbəttə, qərar onundur lakin mən düşünürəm ki, o, ABŞ lideri olaraq buraya gəlməli və baş verənləri görməlidir”, - deyə Zelenski bildirib.
O, həmçinin Fransa Prezidenti Emmanuel Makronu da Kiyevə dəvət edib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi aprelin 18-dən 23-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
İsveçin İrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib.
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Danimarkanın radikal sağçı “Stram Kurs” partiyasının rəhbəri Rasmus Paludan İsveçin paytaxtı Stokholmda polisin mühafizəsi ilə Quranı yandıraraq videoçəkiliş təşkil edib və sosial şəbəkələrdə paylaşıb. Müqəddəs kitabın yandırılmasına mane olmaq istəyən insanlar polisin müqaviməti ilə qarşılaşıblar. Bundan sonra polis ilə insanlar arasında gərginlik yaşanıb.
Müvəqqəti işlər vəkilinin nəzərinə çatdırılıb ki, müqəddəs kitabın yandırılması dünyada islam dininə ibadət edən 1 milyarddan artıq insanı təhqir etmək deməkdir. Müqəddəs Ramazan ayında bu hadisənin törədilməsi sonu heç də yaxşı olmayan hadisələrə yol aça bilər. Bununla əlaqədar olaraq İran hökuməti İsveç hökumətindən bu kimi hallara son qoymağı tələb edir.
Diqqətə çatdırılıb ki, ifadə azadlığı adı altında baş verən bu kimi addımların qarşısı alınmalı və dinlərarası dialoqa kölgə salınmamalıdır.
İsveçin müvəqqəti işlər vəkili İran hökumətinin etirazını öz hökumətinə çatdıracağını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin genişdirilməsi, investisiya sahəsində əməkdaşlığın inkişafı, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi aparılıb”, - deyə M.Cabbarov qeyd edib.
Cənubi Afrika Respublikasının cənub-şərqində yerləşən Kvazulu-Natal əyalətində daşqın nəticəsində ölənlərin sayı 400 nəfəri ötüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalətin İqtisadi inkişaf, turizm və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Ravi Pillayde bildirib. Departamentin məlumatına görə, daşqın nəticəsində ölənlərin sayı 400 nəfəri ötüb, təxminən 50 nəfər isə itkin düşüb.
Soyuq hava kütlələrinin təsiri altında aprelin 8-dən başlayaraq Cənubi Afrikada qasırğa dolaşır. Təbii fəlakətdən daha çox zərər çəkən ərazi Kvazulu-Nataldır. Orada 4 min inzibati və yaşayış binası tamamilə dağılıb.
Leysan yağışlar aprelin 19-dək davam edəcək.
Ölkənin dörd əyalətində yüksək daşqın təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.
Qətər Dövlətinin nüfuzlu “Əl-Şarq” qəzetində Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun Azərbaycan-Qətər ikitərəfli siyasi, iqtisadi, investisiya, mədəniyyət və turizm sahələrində əlaqələrdən bəhs edən geniş müsahibəsi dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsahibədə 2021-ci ildə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli əlaqələr baxımından məhsuldar il olduğu, müxtəlif səfər və görüşlərin keçirildiyi qeyd edilir. Diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında Bakı şəhərində iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, oktyabr ayında Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclası keçirilib, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tanin ölkəmizə səfər edib. Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyəti Qətərə səfər edib, 2022-ci ilin birinci rübündə isə Dohada keçirilmiş 7-ci “DIMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin 20-ci Doha Forumunda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib.
Müsahibədə, regional və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdan məmnunuq ifadə olunduğu, iqtisadi əməkdaşlığın və ticarət həcminin artırılması istiqamətində bir sıra ciddi addımların atıldığı, Qətər Dövlətinə ilk dəfə ixrac missiyasının təşkil olunduğu və hazırda Qətərdən Azərbaycana müxtəlif sahələr üzrə investisiyaların cəlb olunması məsələsinə baxıldığı bildirilir.
Azərbaycan səfirinin müsahibəsində, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələrin icra olunduğu, pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslərin uğurla davam etdiyi, ölkəmizdə Ələt Azad İqtisadi Zonasının yaradılmasının bunun bariz nümunəsi olduğu, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə layiq görüldüyü də qeyd olunur.
Müsahibədə, ikitərəfli mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq, 2021-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında anlaşma memorandumunun imzalandığı, 2021-ci ilin dekabr ayında Qətərin “Katara” Mədəniyyət Şəhərciyində Azərbaycan guşəsinin yaradıldığı və guşədə Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” adlı monumentin açıldığı, 2021-ci il dekabr ayında Qətərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbirin keçirildiyi, 2022-ci ilin əvvəlində Qətərin dünyaca məşhur Şeyx Faysal muzeyində Azərbaycan guşəsinin açıldığı bildirilir. Həmçinin Azərbaycanda mədəniyyət sahəsində əlamətdar hadisələrdən biri olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ildə ölkəmizdə “Şuşa İli”nin qeyd olunması barədə Sərəncam imzalandığı və bu çərçivədə Azərbaycanda silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verilərək, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət ocağı və fəxri, eləcə də Qafqazın mədəni incisi hesab olunduğu diqqətə çatdırılır.
Daha sonra, 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”in bu il mart 27-də qüvvəyə mindiyi və həmin Sazişə əsasən, tərəflərin etibarlı ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının digər tərəfin ərazisinə vizasız daxil ola, tranzit keçə və orada 30 (otuz) gün müddətinə vizasız qala bilmələrinin mümkün olduğu və bunun məhz qısamüddətli səfərlərə münasibətində şamil olunduğu bildirilərək, təhsil və əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən bir tərəfin vətəndaşlarının digər tərəfin dövlətinin milli qanunvericiliyinə əsasən öncədən viza əldə etmələrinin vacibliyi qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 6, Oğuzda isə 3 mərkəz ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhərindəki 1, 2, 3 saylı, Qazangül qəsəbə, Aşağı Tala kənd 3 saylı tam orta məktəblər, Texniki təmayüllü lisey, həmçinin Oğuz şəhərindəki 2, 3 nömrəli və Padar kənd tam orta məktəblərdə təşkil edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan zallarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə, 1537 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 21 imtahan rəhbəri və 147 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 122 zal ayrılıb.
Oğuzda keçirilən buraxılış imtahanında isə 517 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 7 imtahan rəhbəri və 55 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 46 zal ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov bildirib ki, bütün imtahan mərkəzlərində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, müddət ərzində istifadə olunmuş vəsaitin 2 milyon 696,7 min manatı dövlət, 350,8 min manatı isə qeyri-dövlət mülkiyyətinə yönəldilib. Qeyri-dövlət mülkiyyətinə yönəldilən vəsaitin 146,8 min manatı fərdi yaşayış evlərinin tikintisinə sərf edilib.
AZƏRTAC xəbər verir ki, nazirliyin bu gün yaydığı məlumatda Şimali Koreyanın bir neçə raket sınağı keçirdiyi qeyd edilir. Hazırda Pxenyan tərəfindən buraxılan raketlərin növünün təyin olunması ilə bağlı araşdırma aparıldığı bildirilir.
Bu ərəfədə Cənubi Koreya hərbçiləri KXDR tərəfindən aprelin 16-da Yapon dənizi istiqamətində iki raket buraxdığı barədə məlumat veriblər. Təqribən 110 kilometr məsafə qət edən raketlərin 25 kilometr hündürlükdə uçduğu qeyd olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZƏRTAC xəbər verir ki, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilərək barəsində axtarış verilmiş Mehmet Aydının yeri MİT tərəfindən təsbit edilib və o, dəqiq atəşlə zərərsizləşdirilib.
Bildirilir ki, 2005-ci ildən terror təşkilatına qoşulan Mehmet Aydın bir sıra ağır cinayətlərdə, o cümlədən terror aktlarının təşkilində, eləcə də dinc əhalini təhdid etməkdə təqsirli bilinirdi.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
AZƏRTAC xəbər verir ki, Reza Deqati özünün instaqram səhifəsində film barədə paylaşım edib. Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb.
Reza Deqati paylaşımında Xudayar Yusifzadə haqqında da məlumat verir. Bildirir ki, Xudayar Yusifzadə Bərdədəki Bülbül adına incəsənət məktəbinin parlaq yetirməsi olub. O, Qarabağın işğaldan azad olunması uğrunda müharibə zamanı bir çox cəbhələrdə döyüşüb. Vətənpərvərlik haqqında mahnını ifa etdiyi bu videonu ölümündən iki gün əvvəl anasına göndərib. Onun arzusu opera müğənnisi olmaq idi.
"İndi onun bu ifası Azərbaycanda hər bir evdə məşhurdur. Ona görə də mən bu mahnını filmimin musiqisi olaraq seçdim", - deyə fotoqraf qeyd edib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, İctimai Şuranın sədri Elçin Quliyev Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatından danışıb. Bildirib ki, əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ideologiya Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülük hərəkatına verilən yüksək qiymətin təzahürüdür. İctimai Şura da bu nəcib təşəbbüsə töhfə verməyə çalışır.
Rayon icra hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova çıxışında qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən dövrümüzün yeni çağırışlarına uyğun davam etdirilir. O, könüllülük fəaliyyətinin dövlətimizin gənclər siyasətinin mühüm elementlərindən biri olduğunu bildirərək bunun gənclərin fərdi və karyera inkişafı üçün yeni imkanlar yaratdığını, praktiki biliklərinin artırılmasında, yaradıcı və innovativ potensialının üzə çıxarılmasında böyük rol oynadığını vurğulayıb.
G.Rəhimova könüllülərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, könüllülük fəaliyyətinə üç ay müddətinə qoşulan gənclər müxtəlif sosial bacarıqlar və əmək vərdişlər aşılayan təlimlərdə iştirak edəcəklər. Bu müddətdə müqavilə öhdəliklərini uğurla yerinə yetirən gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 11:00-da başlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 92 imtahan binası, 1650 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 92 ümumi imtahan rəhbəri, 268 imtahan rəhbəri, 2053 nəzarətçi-müəllim, 194 buraxılışı rejimi əməkdaşı (mühafizə), 92 bina nümayəndəsi cəlb edilib.
Bugünkü imtahanda 21 min 749 şagirdin iştirakı nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 05:05-də qeydə alınan zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,3-ə bərabər olub.
MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarda Mingəçevir Dövlət Universitetinin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Seminarda Almaniyanın Siegen Universitetinin və SRH Berlin Tətbiqi Elmlər Universitetinin qonaq professoru Müslüm İbrahimovun məruzəsi dinlənilib. Professor məruzəsində sahibkarlıq ekosistemlərinin qurulması, yeni şirkətlərin yaradılması, onların maliyyə, texnologiya, insan resurslarına və bazarlara çıxış imkanlarının genişləndirilməsi haqqında danışıb, uzunmüddətli dövrdə səmərəli və rəqabətqabiliyyətli fəaliyyətin təmin edilməsinə hədəflənən müvafiq bazar şəraitinin formalaşdırılmasından bəhs edib.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.
Qeyd edək ki, kadr hazırlığının keyfiyyət səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayan MDU-da təhsil alanların bilik və təcrübələrinin artırılması məqsədilə qabaqcıl yerli və xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq təlimlərin və seminarların təşkilinə xüsusi önəm verilir.
Böyük Britaniyada fəalların neft anbarlarında yolları bağlamasından sonra son iki həftə ərzində 600-dən çox insan həbs edilib.
London-2012 Yay Olimpiya Oyunlarının çempionu Etienn Stott da etirazçılar arasındadır. Stott deyib: “Hərəkətləriminn bəzilərinin xoşuna gəlmədiyini bilirəm və öz hərəkətimə görə cavab verməyə hazıram. Lakin hökumətimiz də insan sivilizasiyasının məhvinə yönələn qərarlarına görə cavab verməlidir”.
“ExxonMobil” şirkəti də daxil olmaqla, Britaniyanın neft sektorundakı üç firma bu həftə etirazları dayandırmaq üçün göstəriş verib.