AZ

Rusiyanın Qara dəniz üzərində ABŞ PUA-sını vurduğu xəbərləri yayıldı...

Image

Bir neçə gün əvvəl Ukraynanın Rusiyanın ilhaq etdiyi Krıma ölümcül zərbə endirməsilə gərginliyin artdığı bir vaxtda, Qara dəniz səmasında Rusiya qırıcısının Amerikanın müşahidə pilotsuz təyyarəsini vurması ilə bağlı xəbərlər yayılıb.

Rusiya hərbi hava qüvvələrinə yaxınlığı ilə tanınan “Fighterbomber” Telegram kanalı iddia edib ki, ABŞ-ın “Global Hawk” model pilotsuz təyyarəsi Qara dəniz üzərində MiQ-31 qırıcısı tərəfindən vurulub.

Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində iddia olunan insidentlə bağlı heç bir açıqlama verməyib. Kreml isə Rusiya ordusunun Qara dəniz üzərində ABŞ-ın pilotsuz uçuş aparatını vurması ilə bağlı məlumatın olmadığını açıqlayıb. “Düzünü desəm, məndə belə bir məlumat yoxdur” - deyə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. 

ABŞ hərbi rəsmisi də “Reuters”ə açıqlamasında məlumatı təkzib edib.

Rusiya hakimiyyəti iddia edir ki, bazar günü Krımın liman şəhəri Sevastopola hücum ABŞ-dan tədarük edilən kaset başlığı ilə yüklənmiş ATACMS raketləri ilə həyata keçirilib.

Həmin raket zərbəsi nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub, 150-dən çox insan isə yaralanıb.

Moskva zərbəyə görə, həm Vaşinqtonu, həm də Kiyevi günahlandırıb, ABŞ ordusunu ATACMS raketlərini idarə etməkdə və Ukraynaya digər mühüm məlumatları təqdim etməkdə ittiham edib.

Pentaqon isə cavab olaraq bildirib ki, ukraynalılar ABŞ-ın təchiz etdiyi silahlarla hücum etmək üçün hədəf seçərkən “özləri qərar verirlər”.

“Reuters” isə, anonim bir ABŞ rəsmisinə istinadən xəbər verdir ki, ATACMS raketləri bölgədəki raket buraxılış sistemini hədəfə almış ola bilər, lakin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulduqdan sonra çimərlik üzərində partlayıb.

Qeyd edək ki, Amerikanın “Global Hawk” casus pilotsuz uçuş aparatı yüksək hündürlükdə, uzun müddət havada qala bilən, uzaqdan idarə olunan, bütün hava şəraitində, gündüz və ya gecə müşahidə və kəşfiyyat aparmaq qabiliyyətinə malikdir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
baki-xeber.com

1Mənbələr