AZ

Kiberdələduzluğun qurbanı olmamaq üçün bunları etməyin!

Son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunması, süni intellektlə yaxın və tanış adamların səsinin təqlid olunaraq onlardan şəxsi məlumatların əldə olunmasıdır.

Bəzi vətəndaşlar isə bu cür kiberdələduzluqların qurbanı olmağa davam edirlər. Onlar şəxsi məlumatlarını necə qorumalı olduqlarını bilmirlər.

Bəs insanlar özlərini bu dələduzlardan qorumaq üçün nə etməlidir?

Məsələ ilə bağlı Sfera.az-a informasiya-kommunikasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, kiberhücumdan qorunmaq üçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etmək vacibdir:

“İnsanlar şirin vədlərə, mükafatlara, uduşlara aldanmamalıdırlar. Yalan vədlərə inanan istifadəçinin məlumatları kənar şəxslərin əlinə keçir. Sosial şəbəkələr üzərindən fərdi məlumatların paylaşılması yolverilməzdir. Kiberdələduzlar həmin fərdi məlumatlardan istifadə etməklə vətəndaşa aid hesabları ələ keçirə bilər. Bu həm sosial şəbəkə hesabları, həm də bank hesabları ola bilər. Bəzən də hər hansı xidmət üçün istifadəçinin şəxsiyyət vəsiqəsinin şəkli istənilir. Bununla da məlumatlar naməlum şəxsin əlinə keçir. Bu hallarda kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olunan şifrlər heç bir halda qarşı tərəfə bildirilməməlidir. Bu məsələlərə ciddi yanaşmaq lazımdır".

Ekspert qeyd edib ki, şifrlər mürəkkəb kombinasiyalardan ibarət olmalıdır:

“Belə olduğu təqdirdə kiberdələduzlar hesabı asanlıqla əldə edə bilmirlər. Sadə şifrlər təhlükəsizlik standartlarına cavab vermir. İki mərhələli doğrulama sistemi də olduqca vacibdir. Bəzən vətəndaşlar pul olmayan kart hesablarını verərək qarşı tərəfin nə edəcəyini gözləyirlər. Onlar arxayındırlar ki, heç nə itirmirlər, çünki kartlarında pul yoxdur. Amma bu, yanlışdır.Həmin kartların rekvizitləri vasitəsilə kiberdələduzlar hesablara daxil ola bilir və digər kartlara giriş imkanı qazanırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
4
avtosfer.az

10Mənbələr