AZ

Şuşada şəhadətə qovuşdu- Zəhmətabadlı şəhidin atası danışır...

Image

Sübhi Əliyev: “Noyabr ayının 8-i düşmənlə əlbəyaxa döyüşlərdə Elməddin yaralanıb, yaralanmasına baxmayaraq yenidən döyüşüb və şəhid olub”

Analar yenə də göz yaşları ilə ürəklərindəki yaraya su çiləyə bilirlər. Ancaq atalar  ömrü boyu qəhrərlənə-qəhərlənə yaşayır, içlərini söküb dağıdan ağrılara dustaq olurlar, əsir düşürlər. Şəhid ataları ilə söhbət etmək, onları danışdırmaq çox çətindir, əksəriyyəti oğul dərdindən lal-dinməz olub. Şəhid ataları bir-birinə bənzəyir, elə analar da bir-birinə oxşayır. Yəqin onları şəhid oğullarının nakam taleyi bir-birinə bənzədir.

Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulan Vətən müharibəsi şəhidi  Əlizadə Elməddinin atası Sübhi dayı da başqa şəhid atalarından fərqlənmir. O da köksündə oğul dağı daşıyır. 

Əlizadə Elməddinin atası Sübhi dayı ilə martın 15-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin Biləsuvar rayonunun Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində tanış olduq. 

Oğlu barədə danışmağa çətinlik çəkirdi, deyirdi ki, qızım, mənim balam qəhrəmandır, onunla qürur duyuram, amma dünyadan nakam köçməsi ürəyimi incidir. “Elməddinin mesajlarını, səsini, göndərdiyi videogörüntülərin hamısını saxlayıram, göz bəbəyi kimi qoruyuram. Mənim balam çox vətənpərvər, qorxmaz, gülərüz, mehriban idi”. Şəhid atası danışdıqca qəhərlənir, susur. 

Deyir ki, oğlundan qalan videogörüntülərlə, səs yazıları ilə, fotoşəkillərlə təsəlli tapır. 

Elməddinin və döyüş yoldaşlarının mahnı oxuduqları anı əks etdirən videonu göstərir:

Əsgər oldum mən də Azərbaycana

Haqqını, südünü halal et, ana!

Gecə-gündüz keşikçiyəm torpağa 

Yolumu gözləyin, gələcəm, ana!

Gəlib göz yaşını siləcəm, ana.

Əsgərəm ana, ürəyini dağlama 

Şəhid olsam, qəbrim üstə ağlama!

Bu, Elməddinin və döyüş yoldaşlarının səs  yadigarlarıdır. Bu oğullar özlərini Vətənə qurban deyən oğullardır və şəhid olacaqlarını da dərk edib bu yolu seçənlərdir. 

“Oğlum 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub, orta təhsilini Zəhmətabad kənd tam orta məktəbində alıb. Biz əslən Lerik rayonunun  Kəlvəz kəndindənik. Elməddinin uşaqlığı doğulduğu Zəhmədabad kəndində keçib. 2004-cü ildə şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. Elməddin 2015-ci ilin payızında həqiqi hərbi xidmətə çağırıldı. Əsgərliyə çox böyük həvəslə getdi. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi. 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etdi. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovla birgə döyüşüb”-deyən ata bildirdi ki, oğlu Vətən müharibəsinə könüllü gedib. Sübhi dayı dedi ki, Elməddin heç cürə torpaqlarımızın işğalda olması ilə barışmırdı, fikri-zikri o torpaqların azad olunmasında idi. “2020-ci il 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı qismən səfərbərlik elan edildikdə Elməddin müharibədə iştirak etmək üçün könüllü olaraq Biləsuvar rayon Hərbi Komissarlığında qeydiyyatdan keçib müharibəyə yollandı.  Kəşfiyyatçı kimi döyüşlərə Ağdam istiqamətində başlayıb. Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə və Şuşa şəhərinin erməni separatçılarından təmizlənməsində iştirak etdi. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabr ayının 8-i düşmənlə əlbəyaxa döyüşlərdə Elməddin yaralanıb, yaralanmasına baxmayaraq yenidən döyüşüb və şəhid olub. Oğlum  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb”-deyən ata bildirdi ki, oğlunun şəhid olması xəbəri onu dərindən sarsıdıb.  Oğlunun nəşinin 9 noyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndində torpağa tapşırıldığını deyən ata əlavə etdi ki, qəhrəman bir oğulun atası olmaqla fəxr edir. 

Təpədən-dırnağa vətənpərvərlik ruhuna sahib olan Elməddin uşaqlıqdan gülərüz, mehriban olub, məktəbdə oxuyarkən müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb. Ata deyir ki, Elməddin hər kəslə yola gedən insan olub. 23 yaşında şəhidlik zirvəsinə ucalan Elməddin Əlizadə başqa Zəhmədabad şəhidləri kimi el-obanın qürur ünvanına çevrilib. 

Sübhi dayı bildirdi ki, oğlu şəhid olduqdan sonra  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

“Torpaqlar qayıtdı, amma oğullar qayıtmadı” sözünü tez-tez işlədirik. Əslində, o torpaqları qaytaran o oğullar əbədi olaraq xalqın yaddaşına qayıtdı, müstəqillik tariximizdə özlərinə əbədi məskən saldılar. Zəfər tariximizi yaradan oğullardan biri olan Elməddinin özündən sonra nişanəsi qəhrəmanlığı və fəth etdiyi, ucaldığı şəhidlik zirvəsidir. “Şəhid olanda 23 yaşı vardı. Hələ evlənməmişdi”-deyən atanın kədər çökən gözlərindən, solğun bənizindən, bağır sökən sükütundan onu oxuya bildik ki, Elməddin kimi oğulların nişanlısı, yar-yoldaşı uğrunda canını fəda etdiyi, düşmənin izini silib-atdığı ana torpaqdır, yamaclarda bitən lalələrdir... O oğulların izini o dağlar, laləli çöllər, nərgizli, bənövşəli meşələr, bir də uğrunda öldüyü baş tacımız Şuşa yaddaşında saxlayır. Şəhid qanı tökülən torpaqlar onların izini əzizləyir, qoruyur...

İradə SARIYEVA
Biləsuvar-Bakı





phrase_var_article.chosen
184
17
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close