AZ

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Naxçıvan, 29 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” publik hüquqi şəxsinə məxsus Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindəki təsərrüfat sahəsində muxtar respublikada ilk dəfə olaraq maralfalfa bitkisinin əkini həyata keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yem bitkisi olan maralfalfanın tərkibi 17-19 faiz zülalla zəngindir. İndiyədək ölkəmizin bir sıra bölgələrində sınağı aparılıb.

Bitki “Orqanik Naxçıvan” publik hüquqi şəxsin rezidenti “Zəngi 2023” MMC tərəfindən muxtar respublikaya gətirilib. Məqsəd quraqlığın hökm sürdüyü bir dövrdə yem qıtlığının aradan qaldırılmasıdır. Bitki məhsulvermə qabiliyyətini 30 il müddətində saxlaya bilir, yonca kimi 5 ildən bir yenidən əkilməsinə gərək yoxdur. Toxum vasitəsi ilə deyil, çilik basdırma üsulu ilə çoxalır, boyu 5 metr hündürlüyə qədər qalxa bilir. Müvafiq şərtlər üçün şərait yarandıqda hətta il ərzində 5-6 dəfə biçini həyata keçirilir. Şaxtaya davamlıdır, mənfi 25 dərəcəyə dözümlüdür. Kimyəvi mineral gübrələrə tələbatı yoxdur, o cümlədən ziyanvericilərlə sirayətlənmə halı müşahidə olunmadığı üçün pestisidlərdən istifadəyə gərək qalmır.

Qeyd edək ki, Naxçıvanda maralfalfa bitkisi sınaq məqsədilə əkilib. Gələcəkdə bu bitkinin tingçilik təsərrüfatının yaradılması və fərdi təsərrüfatlar vasitəsilə əkininin çoxaldılması nəzərdə tutulur.

 

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla