AZ

Xankəndiyə köç bu səbəbdən yubanır - Sabiq deputat açıqladı

İşğaldan azad olunmuş bölgələrimizə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Artıq bir neçə köç karvanı ilə həmin ərazilərə çatan ailələrə mənzillərinin açarları təqdim olunub. 

Bəs görəsən, Xankəndiyə, Xocalıya köç nə zaman başlayacaq? Bunun üçün orada şərait varmı? 

Məsələ ilə bağlı  Yenisabah.az-a sabiq millət vəkili, əslən Xankəndidən olan Flora Qasımova danışıb. O, bəzi ailələrin Xankəndinin Kərkicahan qəsəbəsinə köçürüldüyünü, bundan sonra da köçün olacağını bildirib. 

Sabiq millət vəkili bu prosesin bir sıra məsələlərə görə, ləngidiyini açıqlayıb:

“Xankəndi ilə bağlı artıq məlumat verilib, Kərkicahan qəsəbəsinə 50 ailə köçülürəcək. Mən özüm Xankəndidə də, Kərkicahan qəsəbəsində də olmuşam. Ora ailələrin köçürülməsi mümkündür, çünki elə evlər var ki, onları bərpa etmək mümükündür, elələri var ki, heç dağılmayıb. Amma Xankəndi şəhərinin özündə olan evlərdə əşyalar qalıb. Əşya məsələsinin necə həll olunacağına hələ ki, qərar verilməyib. Baxmayaraq ki, ermənilər Azərbaycanın şəhər və kəndlərini işğal edəndə oraları talan edib, daşlara qədər daşıyıblar, amma biz bunu etmirik. 

Bu barədə dövlətin qərarı olacaq. Şəhərin içərisində evlər demək olar ki, dağılmayıb, həmin evlərdə yaşayış olub. Bu haqda cənab Prezident qərar  verəcək.

Xankəndidə yeni tikilən binalar var ki, orada heç yaşayış da olmayıb. Həmin binaları təmir etmək, “podmayak” yaşayış mənzillərinin təmirini bitirib vətəndaşlara təhvil vermək olar. Bu isə vaxt tələb edir.

Ermənilərin bizə qarşı etdiyi vəhşilikləri yada salanda düşünürsən ki, onların qalan nəyi varsa nəinki işlətmək, birbaşa zibilliyə tullamaq, yandırmaq lazımdır. Onların heç bir əşyası bizə lazım deyil!”

F.Qasımovanın sözlərinə görə Xankəndidə evlərin böyük hissəsi dağıntıya məruz qalmayıb və yaşanılacaq durumdadır:

“Artıq Xankəndində universitet fəaliyyətə başlayacaq,  yeni təhsil ilindən orada çalışanlara, səhiyyə işçilərinə, polis işçilərinə, hərbçilərə evlər veriləcək. Tələbələr üçün yataqxanalar olmalıdır. 

Bu gün nə qədər istəsəniz yerli xankəndililəri ora köçürmək olar. Kərkicahanda bəzi hissələrdə evlər normaldır, təmir edib yaşayıblar, amma sökülən, pis vəziyyətdə olan evlər də çoxdur. Mən gedib öz evimizi də gördüm, orada yaşayan da erməni olub, amma o evə girmək mümkün deyil, evi elə günə salıblar ki... Baxanda gözüm kəlləmə çıxdı ki, bunlar bu evdə necə yaşayıblar? Sanki küçədə nə taxta, zir-zibil görüblərsə, gətirib evin içinə doldurublar. O evdə yaşamaq mümkün deyil. Şəxsən mən öz atam evinə köçsəm, gərək oranı söküb yenidən tikim. Elə bil ermənilər hiss edirlərmiş ki, bu evlərdə müvəqqəti yaşayırlar. Onsuz da  bilirdilər ki, Azərbaycan heç vaxt öz torpağından əl çəkən deyil, ərazi bütövlüyünü bərpa edəcək”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
phrase_var_article.chosen
155
45
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close