AZ

Nazim Bəydəmirlinin həbs müddəti artırıldı

Həyat yoldaşı: "Görünür, öldürənə qədər azad eləməyəcəklər”

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin istintaq dövründə həbsdə saxlanma müddəti artırılıb.

Prokuror onun haqqında həbs qətimkan tədbirinin daha 1 ay uzadılması üçün məhkəməyə təqdimat verib.

Təqdimata martın 29-da Nərimanov rayon Məhkəməsində baxılıb.

Məhkəmədə müstəntiq təqdimatı müdafiə edib.

O deyib ki, istintaq hələ yekunlaşmayıb, aparılası istintaq hərəkətləri var. 

Bu müddətdə təqsirləndirilən şəxsin həbsdə qalması məqsədəuyğundur. Əks halda, istintaqdan yayına, prosesin gedişinə mane ola bilər.

Nazim Bəydəmirli və onun vəkili Aqil Layıc isə təqdimata etiraz edib.

Nazim Bəydəmirli heç bir cinayət törətmədiyini, 9 aydır qanunsuz və əsassız həbsdə saxlandığını bildirib.

O, özünü "ekologiya məhbusu” adlandırıb və əlavə edib ki, girov saxlanılır.

Vəkili də heç bir hüquqi əsas oımadan müvəkkilinin həbsdə saxlandığını vurğulayıb.

Aqil Layıc bildirib ki, Nazim Bəydəmirli azadlıqda qala-qala da istintaq aparıla bilər.

Onun istintaqdan yayınmaq niyyəti yoxdur, yaşayış yeri məlumdur, cəmiyyətdə nüfuzu olan şəxsdir.

Müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib.

Vəkil həbs qətimkan tədbirinin müddətinin uzadılması qərarından apelyasiya şikayəti verəcək.

Nazim Bəydəmirlinin işi üzrə istintaqın apreldə yekunlaşacağı gözlənilir.

Həyat yoldaşı Fəridə Bəydəmirli Meydan TV-yə iqtisadçının səhhətində ciddi problemlər olduğunu deyir.

Onun sözlərinə görə, həyat yoldaşının sağlıq durumuyla əlaqədar müxtəlif strukturlara müraciəti nəticə verməyib.

"Əlimdə 20-yə yaxın analizin cavabları var. Belə təqdim edirlər ki, sanki Nazim Bəydəmirli planetin ən saglam adamıdır. Əgər bu qədər saglamdlrsa, niyə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi ona xeyli müalicə təyin edib? Nazim Bəydəmirli həkimin müalicəsindən imtina edib. Mənim də əlimdə dəqiq diaqnoz olmadıgı üçün dərman alıb göndərə bilmirəm. Təzyiqi normaya düşmür, oturaq halda, gözü qaralır, huşunu itirmək dərəcəsinə çatır. Onu heç bir günahı olmadığı halda, həbsdə saxlayanlar bunu yaxşı bilir. Bunu bilə-bilə həbs müddətini uzadırlar. Görünən budur ki, öldürənə qədər onu azad eləməyəcəklər…”, – Fəridə Bəydəmirlinin sözləridir.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.

Digərinə görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.

Lakin o, ittihamların heç birini qəbul etmir, özünü "ekologiya məhbusu” sayır.

Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Nazim Bəydəmirli özü də "Bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.

phrase_var_article.chosen
57
22
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close