AZ

Baxşıyev sistemli iş istəyir: “Bu, futbolda böyük önəm kəsb edir”

“Qəbələ”nin sabiq baş məşqçisi, Azərbaycan yığmasının keçmiş yarımmüdafiəçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi

– Milli komandamızın son oyunları haqda nə deyə bilərsiniz? Monqolustan və Bolqarıstanla yoldaşlıq matçlarında sərgilənən futbol və qeydə alınan nəticələr sizi razı saldımı?

– Son oyunlar yoldaşlıq xarakteri daşıdığından, daha çox yeni futbolçuları sınamaq və xətlərarası əlaqəni daha da inkişaf etdirmək imkanı verirdi. Uzun müddət idi ki, yığma üzvləri yığılmırdı. Hər iki görüşdə sərgilənən oyuna gəlincə, həm Monqolustan, həm də Bolqarıstanla qarşılaşmada topa və oyuna nəzarət edən tərəf Azərbaycan millisi idi. Sadəcə, futbolçularımız yaratdıqları qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkirdilər.

– Millidə debüt edən futbolçular oldu. Rza Cəfərov və Emil Mustafayev tezliklə yığma komandanın aparıcı futbolçularına çevrilə bilərlər?

– Debüt edən oyunçuların çıxışına qiymət vermək üçün hələ tezdir. Milli komandaya uyğunlaşa bilsələr, gələcəkdə daha çox xeyir verə, daha uğurlu ola bilərlər.

– Yığmanın hazırkı heyətini son illərin ən güclüsü adlandıranlar var. Bu fikirlə razısınız?

– İndiki heyəti Avropa təcrübəsi daha çox olduğuna görə ən yaxşı hesab edənlər var. Əlbəttə ki, bu, yaxşı haldır.

– Biz Monqolustana çətinliklə qol vurduğumuz halda, Gürcüstan Avropa çempionatına vəsiqə qazandı. Gürcülərdə olub, bizdə çatışmayan nədir? Biz də eyni uğura imza atmaq üçün nə etməliyik?

– Müasir futbol müqayisə yox, daha çox bir sistem tələb edir. Gürcülərin bizdən üstünlüyü onların oyunçularının Avropada oynamağındadır. Əksər futbolçuları legioner həyatı yaşayırlar.

– Tədricən bizim futbolçular da legioner həyatı yaşamağa can atırlar. Bunun təsdiqi odur ki, hazırda bir neçə oyunçumuz ölkə xaricində çıxış edir. Bu onu deməyə əsas verir ki, daha çox futbolçumuz legioner həyatı yaşasa, yaxın gələcəkdə Azərbaycan yığması da böyük uğura imza ata bilər?

– Əlbəttə, belə düşünməyə əsas verir. Sistemli iş ortaya qoysaq, daha da inkişaf etmək mümkündür. Bu, futbolda böyük önəm kəsb edir.

– Millətlər Liqasında İsveç, Slovakiya və Estoniya yığmaları ilə qarşılaşacağıq. Qrupdakı şansımızı necə dəyərləndirirsiniz?

– Millətlər Liqasındakı rəqiblərimiz bəllidir. Hər biri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq. Hamısı tanıdığımız yığmalardır. Daha çox şansa ümid bəsləməklə yox, hər matçda baxımlı oyun göstərərək nəticə qazanmağa üstünlük verən komanda yaratmaq lazımdır.

FƏRİD

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla