AZ

Marselino Toral – La Liqada mart ayının ən yaxşı məşqçisi!

“Vilyarreal”ın çalışdırıcısı, ispan mütəxəssis Marselino Qarsiya Toral İspaniya La Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə La Liqanın rəsmi saytına istinadən məlumat verir.

Marselino Toral mart ayında La Liqanın ən yaxşı baş məşqçisi adına iddialılar arasında “Barselona”nın çalışdırıcısı Xavini və “Real”ın çalışdırıcısı Karlo Ançelottini üstələyib.

Mart ayında Marselino Toralın rəhbərliyi altında “Vilyarreal” La Liqada 3 oyun keçirib. Komanda bu oyunlarda +6 (9:3) top fərqi ilə 3 qələbə qazanıb. “Sarı sualtı qayıq” evdə “Qranada” (5:1) və “Valensiya” (1:0), səfərdə isə “Betis” (3:2) üzərinədə qələbələri sıralayıb.

Marselino bu mövsüm ilk dəfə La Liqada ayın ən yaxşı məşqçisi seçilib. 2023/2024 mövsümündə ayın ən yaxşısı seçilmiş mütəxəssislərin siyahısını təqdim edirik:

Avqust 2023 – Karlo Ançelotti (“Real”)
Sentyabr 2023 – Miçel (“Jirona”)
Oktyabr 2023 – Dieqo Simeone (“Atletiko”)
Noyabr 2023 – Miçel (“Jirona”)
Dekabr 2023 – Ernesto Valverde (“Atletik”)
Yanvar 2024 – Miçel (“Jirona”)
Fevral 2024 – Ernesto Valverde (“Atletik”)
Mart 2024 – Marselino Qarsiya Toral (“Vilyarreal”)

58 yaşlı Marselino Toral ötən ilin noyabrında “Vilyarreal”a qayıdıb. Komanda bu məşqçi ilə meydana çıxdığı 23 oyunda 11 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. İspan mütəxəssisin klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. O, 2013-2016-cı illər aralığında da bu komandaya rəhbərlik edib – 177 oyun, 87 qələbə, 44 heç-heçə və 46 məğlubiyyət.

Hazırda “Vilyarreal” La Liqanın 29 turundan 38 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

phrase_var_article.chosen
131
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close