AZ

"Terror təhlükəsi təkcə dövlətin deyil,..." - SİYASİ EKSPERT FİKRİ

“Terror hər bir ölkənin milli təhlükəsizliyinə təhdid mənbələrindən biridir. Həmçinin milli təhlükəsizliklə bərabər, insanların şəxsi həyatları üçün də ciddi təhdid mənbəyidir. Terror təhlükəsi ilə mübarizə hər bir dövlətin daxili və xarici siyasətinin ən vacib istiqamətlərindən biridir. Bu istiqamətdə işini ağıllı və düzgün qura bilən ölkənin milli, şəxsi həyatlarının təhlükəsizliyinə təhdid olan terror daim nəzarətdə saxlanıla bilir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, ağıllı siyasət apara bilməyən ölkələr terrorun qurbanı olurlar: “Terror təhlükəsinin qarşısını almaq üçün Azərbaycanın da apardığı siyasət, ortaya qoyduğu model diqqəti cəlb edir. Hər kəs görür ki, Azərbaycanda terror təhlükəsi ya ümumiyyətlə yoxdur, ya da sıralamaq mümkün olsa, dünya ölkələri içərisində yaxşı mənada aşağı sıralardadır.

Təsadüfi deyil ki, qlobal təhlükəsizlik reytinq təşkilatları sonuncu dəfə Azərbaycanı terror nöqteyi-nəzərindən dünyanın ən təhlükəsiz ölkələri sırasına daxil edib. Azərbaycanın terror təhlükəsinə qarşı mübarizəsi, fikrimcə, özünü üç istiqamətdə göstərir. Birincisi ölkənin xarici siyasəti ən etibarlı, profilaktik metoddur. Ölkənin xarici siyasəti elə qurulur ki, faktiki olaraq bu gün Azərbaycanda Ermənistandan başqa terror törətmək marağında və istəyində ola biləcək ikinci bir ölkə yoxdur. Bu da ölkənin xarici siyasətinin balanslı və ağıllı şəkildə qurulmasının nəticəsidir.

İkincisi, terror təhlükəsinə təhdid ola biləcək mənbələrə qarşı hüquqi və inzibati orqanlar müstəvəsində mübarizə də düzgün şəkildə aparılır. Azərbaycanın bütün cinayətkar əməllərə qarşı fəaliyyət göstərən dövlət orqanları var. Bu səbəbdən də meydana çıxa biləcək bütün təzahürlər tənzimlənir.

Üçüncüsü isə ölkənin daxilində terror təhdidinə qarşı mübarizədə ictimaiyyətin dövlət hakimiyyəti ilə həmrəyliyidir. Cəmiyyət anlayır ki, terror təhlükəsi təkcə dövlətin deyil, həm də cəmiyyətin insanların varlığı üçün təhdid mənbəyidir. Dövlətin terror təhlükəsinə qarşı mübarizəsi cəmiyyət tərəfindən dəstəklənir. Bu da terrora qarşı mübarizənin səmərəliliyini artıran mühüm amildir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla