AZ

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

“Azərbaycanda

Bakı, 28 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri professor Tofiq Hüseynovun “Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” adlı monoqrafiyası çap edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan əsərdə 2012-ci ildə ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”, Azərbaycanın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının, 2016-cı ildə təsdiqlənmiş Strateji Yol Xəritəsinin və regional dövlət proqramlarının icra səviyyəsi araşdırılıb.

Monoqrafiyada Azərbaycanda sənayeləşmənin inkişaf konsepsiyası, sənaye sektorunun, o cümlədən emal sənayesinin mövcud durumunun təhlili və qiymətləndirilməsi, sənaye parklarının və sənaye məhəllələrinin, aqroparkların və aqrar sektorda kooperativlərin yaradılması, regionların tarazlı inkişafında sənayeləşmənin rolu, ölkədə investisiya resurslarının formalaşması və istifadəsi, hökumətin investisiya siyasətinin xüsusiyyətləri, qeyri-neft emal sənayesinin xarici ticarət əlaqələri, ölkənin sənaye sahəsinin və məhsulunun rəqabət qabiliyyətinə aid məsələlər, sənayeləşmənin investisiya təminatı, Azərbaycanın sosial-iqtisadi inkişafının institusional tənzimləmə problemləri, sahəvi və ərazi klasterlərinin yaradılması istiqamətləri əks etdirilib. Əsərdə iqtisadi strukturun formalaşdırılmasında beynəlxalq təcrübə (Yaponiya, Çin, Cənubi Koreya, Avropa ölkələri və s.), ölkədə emal sənayesinin xammal bazası, ondan səmərəli istifadənin istiqamətləri, sənaye siyasəti, iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və digər aktual problemlər araşdırılır, şərh edilir və müvafiq təklif və tövsiyələr irəli sürülür.

Əsərdə emal və aqro-emal sektorlarının istehsal və xammal bazasının və onlar arasında səmərəli dəyər zəncirinin formalaşdırılmasına dair geniş tövsiyələr verilib.

Kitab 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilib. Kitaba yazılmış epiqrafda qeyd edilir ki, orada vurğulanan ideyaların həyata keçirilməsi onların övladlarının daha da firavan yaşamasına yardımçı ola bilər.

Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllifin tövsiyələri mərkəzi idarəetmə orqanları, elmi-tədqiqat mərkəzləri tərəfindən iqtisadi siyasətin, iqtisadi inkişaf proqramlarının hazırlanmasında, habelə ali təhsil müəssisələrində istifadə oluna bilər.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla