AZ

Bu gün onların günüdür

Təqvimimizin 28 mart günü onların günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən iki qurumun-Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının günüdür. Ötən 9 ilə yaxın dövrdə ölkənin təhlükəsizliyini göz bəbəyi kimi qoruyan, gecə-gündüz, hər dəqiqə, hər saniyə çiyinlərində bu böyük məsuliyyəti daşıyan, fəaliyyətləri ilə qürur duyduğumuz Vətən övladlarının günüdür. Bu əlamətdar gündə onlardan və həmin qurumlardan danışaq...

Onlar təhlükəsizliyin təminatçısıdır

Ölkə o zaman möhkəm əsaslara dayanır, o zaman güclü, xalq üçün təhlükəsiz ünvana çevrilir ki, həm daxildən, həm də xaricdən qorunur. Dövlətə qarşı hər hansı bir təhdidin, planın qarşısı vaxtında alınırsa, bu, hər dəfə dövlətin, dövlətçiliyin, həm də xalqın üzərindən təhlükənin sovuşması deməkdir. Bu, hər dəfə yeni bir qələbədir.

Elə bütün bunlara görə idi ki, ölkəmizdə ilk dəfə 1918-ci ildə müstəqillik əldə ediləndən sonra- 28 mart 1919-cu ildə ilk milli təhlükəsizlik orqanı yaradılmışdı. Və Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görülmüşdü. Xüsusilə Milli Ordunun təşkili diqqətdə saxlanılmış, bu prosesdə general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında artıq başa çatdırılmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Beləliklə, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğundan, Milli Təhlükəsizlik Nazirliyinin də bir əsrdən artıq yaşı var.

Sovet Rusiyasının Azərbaycanı ilhaq etməsi ilə Xalq Cümhuriyyətinin təşkil etdiyi bu kimi işlər də yarımçıq qalmış, ölkəmiz 70 illik bir əsarətə sövq edilmişdir. Həmin 70 ildə isə haqqında danışdığımız qurum tamamilə başqa istiqamətdə fəaliyyət göstərmişdir. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

DTK-da ilk azərbaycanlı

Bu qurum hər bir azərbaycanlı üçün həm də ona görə doğmadır ki, 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş Heydər Əliyev 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, 1950-ci ildə Leninqradda Ali çekist məktəbini əla qiymətlərlə başa vurduqdan sonra dövlət təhlükəsizliyi orqanlarının mərkəzi aparatında bölmə rəisi vəzifəsinə təyin edilmişdir. 1953-cü ildə isə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 10 il səmərəli fəaliyyətindən sonra, 1964-cü ildə DTK sədrinin birinci müavini, 1967-ci ildə isə DTK-nın sədri təyin edilmişdir. Beləliklə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında uzun illər qüsursuz, özünəməxsus, peşəkar, məsuliyyətli və məhsuldar fəaliyyət göstərən ilk azərbaycanlı olub.

Azərbaycana rəhbərliyinin hər iki dövründə müşahidə etdiyimiz nüanslar Ulu Öndərin DTK-da çalışdığı illərdə də eynilə olmuşdur. Ölkədə təhlükəsizliyin təminatında Azərbaycanın milli maraqlarının ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almasına şərait yaradılması Onun prinsipi olmuşdur. Sonralar bunu digər sahələrə də tətbiqində, gənclərin xaricdə təhsil almağa, gənc kadrların ixtisasartırma kurslarına göndərilməsində gördük.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edilmişdi. Lakin 1990-1993-cü illərdə ölkədə xaos, anarxiya hökm sürürdü və dövləti idarə edən səriştəsiz rəhbərliyin kadr siyasəti o qədər səhv idi ki, bütün sahələrdə bir durğunluq hiss olunurdu. Yəni həmin illər ölkədə baş verən bütün proseslər onu göstərirdi ki, dövlət idarəçiliyində böyük bir boşluq var.

Ulu Öndər Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra isə bütün sahələr kimi, Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyətində böyük dəyişiklik oldu. Çünki Heydər Əliyevin bu sahədə 25 illik təcrübəsi var idi və bu təcrübə də ölkədə təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulmasına zəmin yaradırdı. Beləliklə, 1993-cü ildən sonra Milli Təhlükəsizlik Nazirliyi Prezident Heydər Əliyevin yeni konsepsiyası əsasında quruldu, 1997-ci il 23 mart tarixli Fərman ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olundu. Ulu Öndərimiz müstəqil Azərbaycana rəhbərlik edəndə də ölkəmizin təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşaraq 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə Sərəncam imzaladı.

Təhlükəsiz dövlət naminə

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün hazırladığı milli inkişaf strategiyası sonrakı mərhələdə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması da dövlətin təhlükəsizliyinin təmin olunması, onun həm daxildən, həm də xaricdən qorunması, müasir dövrün tələblərinə cavab verməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir.

DTX-nın fəaliyyətinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndərin təkmil şəkildə ortaya qoyduğu ümumi hüquq toplusudursa, “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları müstəqillik illərində, xüsusilə son 20 ildə bu sahənin inkişafını müəyyənləşdirən əhəmiyyətli dövlət sənədləridir.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələrin hər biri insan və vətəndaş hüquq və azadlıqlarına riayət, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə bu qurumun fəaliyyətini əsaslandırır.

DTX ilə eyni gündə fəaliyyətə başlayan Xarici Kəşfiyyat Xidməti müstəqil Azərbaycanın tarixində bir ilk olmaqla, eyni zamanda müasir dövrün tələbləri baxımından yaradılması zəruri olan bir qurum idi. Elə yeni dövrün yeni tələblərini nəzərə alan ölkə başçısı dövlətimizin daha möhkəm əsaslarla qorunmasında, təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malik bu qurumun yaradılmasına göstəriş vermişdir.

Fəaliyyəti əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirmək olan Xarici Kəşfiyyat Xidmətinin əsas məqsədi dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.

Bu quruma tabe olan ən gizli xüsusi bölmə “Yarasa” Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə düşmənlə mübarizə aparmışlar. Əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olan bölmə ilə ilk dəfə Qarabağ Zəfərindən sonra dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında tanış olduq. Və “Yarasa” Xüsusi Təyinatlı Dəstəsinin parad zamanı meydandan səf-səf keçməsi ilə qürur duyduq. Bu Vətən övladları qəhrəmanlığı, vətənpərvərliyi, öz vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirmələri ilə hər bir gəncə nümunədirlər. Bu gün Azərbaycanda onların yolu ilə getmək arzusunda olan minlərlə gənc var.

Dövlətimizin təhlükəsizliyi keşiyində duranlarla qürur duyuruq

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti müstəqil dövlətimizin ərazi bütövlüyünün, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olan qurumlardır.

Bu gün Azərbaycan konstitusiya quruluşunu və ərazi bütövlüyünü tamamilə bərpa edən, 30 illik işğala son qoyan, düşməni Vətən torpaqlarından qovmaqla ləyaqət və şərəfini xilas edən bir dövlətdir. Buna isə illərin zəhməti, həyata keçirilən böyükmiqyaslı işlərlə nail olmuşuq.

***

Bəlkə də çoxumuza elə gəlir ki, əmin-amanlıq, sabitlik, torpaqların işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ardıcıl, öz-özünə həyata keçən proseslərdir. Xeyr, elə deyil. Bu Vətənin gecə-gündüz müdafiəsində dayananlar var, onu göz bəbəyi kimi qoruyanlar var. Bu Vətən üçün həm daxildən, həm xaricdən yarana biləcək hər hansı təhlükənin qarşısını alanlar var. Biz evlərimizdə rahat yatarkən gözünə yuxu getməyənlər var. Bizim heç ağlımıza gələ bilməyən bir formada Vətəni və bizi, hüquqlarımızı qoruyanlar var. Onlardan ikisinin- Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğur arzulayırıq. Biz dövlətimizin təhlükəsizliyi keşiyində duranlarla qürur duyuruq.

Mətanət Məmmədova

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla