AZ

“Ermənistanın aldanaraq NATO və Aİ-yə meyillənməsi riskli bir addımdır” - ŞƏRH EDİLDİ

“NATO-nun baş katibi Stoltenberqin İrəvana səfərindən sonra 2024-cü ilin aprelində Brüsseldə daha geniş tərkibdə görüşün hazırlanmasına dair anonsun verilməsi onu göstərir ki, Qərb yaxın zamanlarda Ermənistanın NATO və Avropa İttifaqına üzvlüyünə dair praktiki yollara start verməyi planlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, əlbəttə bu hələ üzvlük demək deyil: “Üzvlük uzun bir prosesdir, lakin bu yolda artıq real addımların atılmasına hesablanıb. Qərbin planı budur ki, region dövlətlərini Rusiyanın təsirindən uzaqlaşdırsın. Hələ ki, Rusiyanın Ermənistanda təsir imkanları var, Paşinyan paralel şəkildə KTMT İttifaqından uzaqlaşmağı və Qərbə, NATO-ya yaxınlaşmağı nəzərdən keçirir və bu siyasəti aparır”.

V.Əhmədov sözlərinə davam edərək bildirib ki, Qərb Ukraynaya da Rusiyanın təsirindən uzaqlaşmaq üçün zamanında dəstək göstərdi: “Nəticəsi isə böyük bir müharibədir. Belə bir aqibət nə zamansa Ermənistanı da gözləyə bilər. Yəni əslində Paşinyanın Qərbin şirnikləndirici vədlərinə aldanaraq daha çox NATO və Aİ-yə meyllənməsi riskli bir addımdır. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan KTMT üzvü olan bir ölkədir. Hesab edin ki, NATO üzvü olan hansısa bir ölkənin baş naziri KTMT-yə üzv olmaq üçün danışıqlar aparır, bu necə mümkün ola bilər. Doğrudur bəlkə dəstək proqramı baxımından NATO-nun təklifləri Ermənistan üçün daha cəlbedicidir, lakin Paşinyanın özünü tamamən Qərbdə görmək istəyi Cənubi Qafqazda yenidən münaqişə ocağının alovlanmasına gətirib çıxara bilər. Ukrayna timsalında biz bunun şahidi olduq”.
Ləman Sərraf

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla