AZ

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

QHT

Bakı, 28 mart, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbirdir. Qlobal əhəmiyyətli məsələlərin müzakirə ediləcəyi həmin tədbirdə Azərbaycana 10 minlərlə xarici qonağın gələcəyi gözlənilir. COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var. Həm hazırlıq prosesinin, həm də tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Buna görə, Prezident İlham Əliyevin fevralın 22-də imzaladığı müvafiq Sərəncam ilə Təşkilat Komitəsinin tərkibi bir qədər də genişləndirilib. Faktiki olaraq Təşkilat Komitəsində həm də gender balansı tam təmin olunub. Bu isə Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətinin göstəricisidir.

Bunu COP29-un ölkəmiz üçün əhəmiyyətini AZƏRTAC-a şərh edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva deyib.

Onun sözlərinə görə, dünyada ekoloji məsələlərin həllində, mötəbər tədbirlərin keçirilməsində vətəndaş cəmiyyəti çox aktiv olduğundan həmin təcrübədən irəli gələrək Təşkilat Komitəsinə vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib. Beləliklə, bu işə onlar da töhfə verə biləcəklər: “COP29-da müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə ediləcəyi nəzərə alınaraq, Təşkilat Komitəsində iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. Ümumən əsas ideya Təşkilat Komitəsinin maksimum inklüzivliyinin təmin edilməsidir”.

Azərbaycan Prezidentinin həmin Sərəncamını şərh edən Rahilə Mehtiyeva söyləyib ki, qadın təşkilatının təmsilçisi olaraq bu sənəd onu sevindirib: “Yəni ictimai birlik sədrləri olan bir neçə qadın Təşkilat Komitəsinin üzvləri seçiliblər. Biz ekoloji sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı kimi artıq dövlət müəssisələrinə də dəvət olunuruq. İctimai təşkilat olaraq bu ilin yanvarında Şərqi Zəngəzur yolunun və Qarabağa yol çəkilişi ilə bağlı ictimai müzakirələrdə iştirak etdik. Müzakirədən sonra mən də bir neçə təklifimi verdim. Mənim COP29-la bağlı Qarabağda ətraf mühitin yaxşılaşdırılması ilə əlaqədar təkliflərim bəyənildi. Artıq həmin təkliflərin həyata keçirilməsi gözlənilir”.

R.Mehtiyeva ötən illərdə ekoloji sahədə respublikada görülən mühüm işlərin iqlim dəyişmələri mövzusuna ciddi yanaşdığımızının bariz nümunəsi olduğunu deyib: “Xüsusilə də azad edilmiş ərazilərin işğal dövründə və sonrakı vəziyyətini müqayisə etdikdə hər şey gün kimi aydın olur. Bütün dünya bir daha şahid oldu ki, torpaqlarımızın işğal altında qaldığı müddətdə erməni barbarları ekosidlə məşğul olub. Eyni zamanda, böyük sahədə meşələri qırıb, betonlaşdırılmış bunkerlər və səngərlər qazaraq təbii sərvətlərimizi məhv ediblər.

Azərbaycanın yaşıl enerjinin istehsalına böyük əhəmiyyət verməsini Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərdə müşahidə olunur

Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan da bu istiqamətdə əmin addımlarla irəliləyir. Düşünürəm ki, bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmayıb. COP29-un iştirakçıları Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görəcəklər. Biz də vətəndaş cəmiyyəti olaraq, ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirdə ətraf mühit və ekologiyanın inkişafı istiqamətində bir neçə proqram və müxtəlif layihələri reallaşdırmağı nəzərdə tuturuq”.

Onun sözlərinə görə, COP-un sessiyaları iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir: “Bu il COP29-a ev sahibliyi edəcəyi Bakı iki həftə ərzində dünyanın mühüm mərkəzinə çevriləcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də məhz bu missiyaya xidmət edir. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə böyük potensiala malikdir. Ona görə də yaşıl enerjinin istehsalına böyük əhəmiyyət verir. Biz bunu Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərdə də müşahidə edə bilərik. 2021-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” imzaladığı mühüm Sərəncam uğurla icra olunur.

COP29-un keçiriləcəyi iki həftə ərzində qonaqlar regionlara, işğaldan azad olunan ərazilərə də səfər edəcəklər. Ölkəmiz COP29 gündəliyinə mina təhlükələri, eləcə də müharibənin ekoloji təhlükələri ilə bağlı mövzuları da daxil edə bilər. Çünki Qarabağın işğal altında qaldığı dövrlərdə ətraf mühitə vurulan zərər, eləcə də minalarla çirklənməsi ciddi problem olaraq qalır.

O vurğulayıb ki, ümumiyyətlə “Yaşıl enerjiyə keçid və COP29-a ev sahibliyi etmək, bu işə töhfə vermək, 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmək Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası müxtəlif təşkilatlar, o cümlədən QHT, vətəndaş cəmiyyəti təşkilatları ilə dövlət qurumları arasında əlavə əməkdaşlıq imkanları yaradacaq.

phrase_var_article.chosen
104
12
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close