AZ

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

D

Bakı, 28 mart, AZƏRTAC

D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox funksiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Orqanizm adətən həmin vitamini Günəş şüaları, qidalar, hətta preparat və yağlar vasitəsilə alır. Son illər pediatrların valideynlərə əsas tövsiyələrindən biri də uşaqlara D vitaminin verilməsidir.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Günay Rəsulova hər gün müəyyən miqdarda verilməli olan vitaminin faydaları barədə deyib: “Raxitin önlənməsi. beynin inkişafının normal getməsi, immunitetin yaxşı olması üçün D vitamininin profilaktiki olaraq uşaqlara verilməsi məsləhətdir. D vitaminin kəskin çatışmazlığı raxit xəstəliyinə səbəb olur. Raxit xəstəliyi xüsusilə uşaqlarda sümük-əzələ sistemində deformasiyalara - başın böyüməsi, döş qəfəsində deformasiyaların yaranması, aşırı dərəcədə tərləmə, ayaqda əyilmələr, boyartımında ləngimələr, fiziki inkişafda gecikmələr, immunitetin aşağı düşməsi kimi əlamətlərlə özünü göstərir”.

Onun dediyinə görə, körpələrdə həmin vitamini balansda saxlamaq üçün müəyyən qaydalara riayət etmək, hazır vasitələrdən əlavə qidaya da diqqət yetirmək lazımdır: “D vitamininin günün birinci yarısında qəbul edilməsi daha yaxşıdır. Onun axşam saat 4-5-ə qədər də qəbul edilməsi mümkündür, lakin axşam saatlarında, o cümlədən yuxudan əvvəl verilməsi düzgün deyil. Onu su və ya ana südü ilə qarışdırıb uşağa vermək tövsiyə olunur. D vitaminini kərə yağı, ət və ət məhsulları, heyvani qidaların tərkibindən almaq mümkündür, lakin onun əsas və əvəzedilməz qaynağı Günəş şüasıdır”.

D vitamininin vacibliyi ilə yanaşı, bəzən onun çoxluğu problem yarada bilir. “Onun çoxluğu zamanı kalsium səviyyəsinin yüksəlməsi, böyrək daşı riski, çox su içmə, tez-tez sidiyə getmə, susuzlaşma halları və çəki itirilməsi hallarına səbəb ola bilər. Ona görə də D vitaminin miqdarının kortəbii artırılması hallarından valideynlər çəkinməlidirlər”, - deyə həkim-pediatr bildirib.

phrase_var_article.chosen
29
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close