AZ

İkinci bundesliqa nə üçün bu qədər azarkeş toplayır? - “Bu, tarixin ən yaxşı və maraqlı 2-ci liqasıdı”

Ötən saylarımızın birində Almaniya futbolunda baş verən unikal hadisəni diqqətinizə çatdırmışdıq.

"Football-plus.az" xəbər verir ki, 2-ci bundesliqanın 22-ci turu tarixdə ilk dəfə azarkeş sayı baxımından elitanı üstələmişdi! Həmin turda aşağı liqaya ümumilikdə 284643 azarkeş gəldiyi halda, elitanın oyunlarına 261099 azarkeş gəlmişdi. Bu dəfə isə bunun səbəblərinə toxunacağıq. Çünki həqiqətən də 2-ci bundesliqaya ayrıca və ətraflı toxunmağa dəyər.

18 klubdan 13-ü sabiq çempiondu
Ondan başlayaq ki, ümumiyyətlə, Almaniyada futbol çox sevilir. Bəlkə də Avropada futbolun ən çox sevildiyi ölkə məhz Almaniyadı. Bunu özümüzdən uydurmuruq. Faktlar belə düşünməyə əsas verir. Bundesliqa dünyanın ən çox azarkeş toplayan çempionatıdı. Bu turnirin hər oyununa orta hesabla 42992 azarkeş gəlir! Amma almanların futbola sevgisini bütün çılpaqlığı ilə ortaya qoyan fakt 2-ci bundesliqanın Avropada “böyük beşlik”dən sonra ən çox azarkeş toplayan turnir olmasındadı. Bu gedişlə 2-ci bundesliqa baxımlılığına görə tezliklə Liqa-1-i də geridə qoyaraq ilk “5-liy”ə daxil olacaq. Çünki bu turnirdə orta hesabla hər oyuna 22763 azarkeş gəldiyi halda, Fransanın elitasında bu göstərici 23746-ya bərabərdi. Ötən mövsümdə 2-ci bundesliqada azarkeş sayı baxımından rekord qeydə alınmışdı. Belə görünür, bu, son hədd deyil. “Fortuna”nın rəsmisi Klaus Allofs hələ ötən yay iddia etmişdi ki, bu mövsüm yeni rekord qeydə alınacaq. Hələ ki onun proqnozu doğrulur. Bu mövsüm 23 turdan sonra orta azarkeş sayı 28350-yə bərabərdi. “Ertsgebirqe”nin rəsmisi Helge Leonhardt hələ 2018-də 2-ci bundesliqanı tarixin ən yaxşı və maraqlı 2-ci liqası adlandırmışdı. Türkiyəli Kənan Koçak isə 2020-nin sentyabrında “Hannover-96”nı çalışdırdığı dönəmdə hətta 2-ci bundesliqanın dünyanın ən yaxşı çempionatı olduğunu iddia etmişdi. Bəs turniri bu qədər maraqlı edən nədi?

İlk növbədə turnirə marağı artıran məqam orda iştirak edən klubların böyük populyarlğa və nüfuza malik olmasındadı. Özü də ildən-ilə belə klubların sayı artır. Çünki demək olar, hər il hansısa adlı-sanlı kollektiv elitanı tərk edir. Ötən yay bu klubların sırasına “Herta” və “Şalke-04” qoşuldu. Bu mövsüm 2-ci bundesliqada mübarizə aparan 18 klubdan 13-ü sabiq ölkə çempionudu (ADR-də qazanılan və bundesliqa yaranana qədər əldə olunan titullar daxil olmaqla). 8 kollektiv müxtəlif dönəmlərdə Çempionlar Kuboku və Çempionlar Liqasında çıxış edib. Artıq xatırlatdığımız “Şalke-04” və “Herta”dan başqa bu statusda olanlar “Hanza”, “Hamburq” Braunşveyq “Ayntraxt”ı, “Nürnberq”, “Maqdeburq” və “Kayzerslautern”di. “Hamburq” hətta 1983-də Avropanın ən güclüsü kimi ÇK-nı qazanıb. “Nottingem Forest”in artıq premyer-liqada oynadığını nəzərə alsaq, “Hamburq” hazırda Avropa futbolunda ÇK-nın qalibi olmuş və elitada oynamayan yeganə klubdu. Düzdü, bu klubların ən yaxşı dönəmləri çoxdan geridə qalıb. Amma onların hamısı zəngin tarixə, ənənələrə və böyük fanat bazasına malikdi. “Union”in sabiq futbolçusu Torsten Mattuşka hətta iddia edib ki, hazırda 2-ci bundesliqada insanlarda emosiyaslar oyadan klubların sayı elitadakından çoxdu.

Derbilər və müasir stadionlar
Turnirə maragı artıran məqamlardan biri də böyük tarixə malik derbilərin sayının çoxluğudu. Həmin oyunlar bəlkə də başqa ölkənin futbolsevərlərinə maraqlı deyil. Amma yerli fanatları çox cəlb edir. Məsələn, “Kayzerslautern”lə “Karlsrue”nin, Braunşveyq “Ayntraxt”ı ilə “Hannover-96“nın və ya “Nürnberq” ilə “Qroyter”in dueli derbi sayılır. Siz çətin ki, televizoru yandırıb xüsusi olaraq bu oyunlardan birinə baxarsız. Hətta bəlkə də qarşınıza çıxsa, kanalı çevirərsiz. Yerli fanatlar üçün isə bu oyunları qətiyyən buraxmaq olmaz.

Böyük klublar təkcə toz basmış titullarla zəngin olan muzeyə sahib deyil. Almaniyada belə klublar, bir qayda olaraq, həm də gözəl və müasir stadiona malikdi. Bu ölkə 18 il öncə mundialı qəbul etmişdi. Bu yay isə Avropa çempionatına evsahibliyi edəcək. Bu turnirdə istifadə ediləcək ümumilikdə 10 stadiondan 4-ü aşağı liqa təmsilçilərinə məxsusdu. Söhbət Hamburq, Düsseldorf, Helzenkirhen və Berlindəki stadionlardan gedir. Paytaxtda yeləşən və “Herta”nın meydanı sayılan “Olimpiyaştadion” hətta AÇ-nin finalını qəbul edəcək! Hazırda ölkənin ən böyük 13 stadionundan 7-də aşağı liqa təmsilçiləri oynayır. 2-ci bundesliqanın lideri “Sankt Pauli”nin rəsmisi Oke Qettlixin dediyi “bəlkə də indi bundesliqanın bəzi klubları istərdi ki, 2-ci bundesliqa klublarının malik olduğu şəraitə yiyələnsin” sözündə həqiqət payı çoxdu. Bundesliqanın bu mövsümdəki debütantlarından “Haydenhaym” cəmi 15 min, “Darmştadt” 17810 yerlik stadiona malikdi. “Union”un stadionu isə cəmi 22 minlikdi. Bu üzdən paytaxt təmsilçisi ÇL-də ev oyunlarını “Olimpiyaştadion”da keçirməli oldu. Stadionların doluluq faizi ilə də problem yaşanmır. 18 klubdan 11-də hər tur stadionun tutumunun ən azı 80 faizi qədər azarkeş gəlir. Bu göstəricidən aşağı olan klublarda 4-nün isə ev oyunlarına ən azı 35 min azarkeş gəlir. Yəni məsələ həmin kollektivlərin oyunlarına az azarkeşin yollanmasında deyil. Problem ondadı ki, bu klubların stadionları çox böyükdü. Yalnız 2 klub – “Vehen” və “Qroyter” “ümumi ansambldan” bir qədər geri qalır. Bu klubların həm stadionları böyük deyil, həm də azarkeş bir qədər az gəlir.

Ucuz biletlər
Aşağı liqada stadionların doluluq faizinin yüksək olmasının daha bir səbəbi biletlərin qiymətlərinin əlçatan olmasındadı. Məsələn, adətən, ayaqüstü tribunalara ən ucuz biletlərin qiyməti 12-18,5 avro aralığında dəyişir. Almaniyalı futbolsevərlərin sevimli “üçlüy”ü (bilet, pivə, sosiska) onlara 21-28 avroya başa gəlir. Ölkədə orta əməkhaqqının 2500 avro olduğunu nəzərə alsaq, istənilən şəxs stadiona gedə bilir. Maraqlıdı ki, elita matçlarına biletlərin qiyməti də, demək olar, eynidi. Məsələn, “Hoffenhayn”ın stadionuna cəmi 14 avroya bilet tapmaq mümkündü. Bundesliqada ən ucuz biletlərin yuxarı həddi (18,5 avro) isə aşağı liqadakılarla eynidi. Məsələn, Dortmund və Ştutqartda ayaqüstü tribunaya məhz bu qiymətə bilet tapmaq olar. Bu mövsüm 2-ci bundesliqanın bəzi oyunlarına hətta havayı da daxil olmaq mümkündü! “Fortuna” rəhbərliyi bu mövsüm maraqlı təcrübədən faydalanıb. Belə ki, mövsümün 3 oyununa biletlər sponsorlar tərəfindən ödənilir və onlar fanatlara pulsuz verilir. Həmin sxem eynilə AÇ-yə bilet almağa bənzəyir. Yəni adını həmin pulsuz biletə namizədlər arasına qeyd edirsən və lotereyanın nəticələrini gözləməyə başlayırsan. Bu aksiya çərçivəsində “Kayzerslautern”ə qarşı ilk oyun gözləntiləri artıqlamasıyla doğrultdu. Belə ki, 54600 yerlik stadina gəlmək üçün 120 min adam adını yazdırmışdı! Yanvarın sonlarında aksiyanın ikinci oyununu, lider “Sankt Pauli” ilə görüşü izləmək istəyənlərin sayı ondan da çox – 130 min idi.

Qadınların oyununda da rekordlar qırılır

Təbii ki, 2-ci bundesliqada futbolun keyfiyyəti bir qədər aşağıdı. Amma fanatlar üçün bu, problem yaratmır. Çünki futbol Almaniyada bir növ mədəniyyət fenomeni sayılır. Yerli kluba azarkeşlik etmək mədəniyyəti nəsildən-nəslə ötürülür. Stadiona yollanmaq isə dostlarla birlikdə böyük bir kompaniya yaradıb pivə içmək, eləcə də təzahüratlar səsləndirmək üçün əla fürsətdi. Fərqi yoxdu, bu kompaniya 20 yaşlı gənclərdən də, 50 yaşlı uşaqlı ər-arvaddan da ibarət ola bilər. Bu baxımdan fanatlar üçün 1 və ya 2-ci bundesliqaya getmək arasında heç bir fərq yoxdu. Almanlar futbolu o qədər çox sevir ki, hətta qadınlar arasında bundesliqada da azarkeş rekordları qeydə alınır. Ötən ilin aprelində “Köln” ilə Frankfurt “Ayntraxt”ının qadın komandalarının oyununa rekord sayda – 38365 azzarkeş gəlmişdi. Oktyabrda klub futbolunda yığmaların oyunu üzündən yaranmış fasilə zamanı isə qadınlar arasında bundesliqanın bir turunda növbəti rekord qırıldı. Belə ki, 6 oyunu izləməyə ümumilikdə 53609 azarkeş gəldi!

Hər şey bu dərəcədə idealdı?

Bu mövsüm aşağı liqa təmsilçiləri ölkə kubokunda da adından söz etdirir. Belə ki, yarımfinala 2-ci bundesliqanın iki təmsilçisi (“Fortuna” və “Kayzerslautern”) yüksəlib. Düşünə bilərsiz ki, 2-ci bundesliqanın çatışmayan cəhəti yoxdu və hər şey idealdı. Xeyr, belə deyil. Hər nə qədər bu turnir dünyanın ən güclü aşağı liqası sayılsa da, onun statusu istər-istəməz klublara təsir edir. İlk növbədə maddi cəhətdən. Marketinq haqqı olaraq ölkənin ilk iki liqası üçün ümumilikdə 1,28 milyard avro ayrılsa da, bunun yalnız 250 milyon avrosu aşağı liqaya çatır! Mexanizm dəyişikliyi olmasa, iki liqa arasında maddi gəlir cəhətdən uçurum daha da artacaq. Məhz buna görə elitanı tərk edən klubun ilk növbədə büdcəsinə çox ciddi ziyan dəyir. Ona görə də adlı-sanlı klublar aşağı liqaya yuvarlanandan sonra ilk mövsümdəcə geri dönə bilmirlərsə, bir neçə illiyə orda ilişib qalırlar. Bunun ən bariz nümunəsi “Hamburq”du. 2018-ə qədər bundesliqanın bütün mövsümlərində iştirak edən yeganə klub statusunda olan “dinozavrlar” həmin vaxtdan bəri, yəni artıq 6-cı mövsümdü, aşağı liqadadı. Ötən iln iyununda hamburqluların baş məşqçisi Tim Valter “Ştutqart”a qarşı pley-off oyununda öncə “biz indi 2-ci liqanın adi bir klubuyuq” deyərək acı həqiqəti ortaya qoymuşdu. “Hamburq” elita ilə vidalaşandan bəri xərclərini əhəmiyyətli dərəcədə azaldıb və borclarını bağlamağa çalışır. Hələ ki pis alınmır. Son iki mövsümdə gəlir xərci üstələyib. İllik borc da azalıb. Çətin olsa da, komanda elitaya qayıtmağın xəyalları ilə yaşayır. Sonda “Skay Sport”un eksperti Rayner Kalmundu dinləyək: “Nəticə etibarilə sonda 2-ci liqanın cəmi iki qalibi olur və onlar da elitaya qalxır. Digərləri isə özlərini uzun illər ikinci dərəcəli futbola kökləməli olurlar”. Hərçənd bu, azarkeş sayına təsir göstərmir.

ƏLİ RAUFOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
football-plus.az

10Mənbələr