AZ

Yenə də həmin dalğa, həmin koordinat...

Çoxsifətli avropalı deputatlar "Meymunu" havasına oynamaqdan yorulmayıblar

Bəzi beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işinə əngəl törədənlar, uğurlarını kiçiltməyə çalışanlar yalnız öz cılız niyyətlərini nümayiş etdirmiş olurlar. Onlar hər vəchlə  bizim daxili işlərimizə qədər soxulmağa, pozucu təxribatlarla fikrimizi əsas hədəfdən yayındırmağa, öz məkrli məqsədlərini yeritməyə cəhd göstərirlər. İşğalçı Ermənistanı 30 il ərzində heç vaxt öz adı ilə çağırmayan belə yaramazlar cinsindən asılı olmayaraq erkəkli-dişili bizə diş qıcırdadır, əsəbi jestlərlə "Meymunu" havasına oynayırlar. Bədxahlar üç ildən də artıqdır ki, Azərbaycanın Ermənistan üzərindəki hərbi qələbəsini həzm edə bilmir, az qala ərazilərimizi azad etməyimizi bizim günahımız kimi yozurlar. Məhz belələrinin ağılsız fəaliyyətinin nəticəsidir ki, qızışdırdıqları kapitulyant ölkə üç ildən artıqdır ki, müxtəlif bəhanələrlə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan boyun qaçırır. Çünki ermənilər üzlərini sığallayanların avantürasına asanlıqla gedir və yaxın qonşuları ilə münasibəti pisləşdirirlər.  Bizdə el arasında buna oxşayan “Dəliyə yel ver, əlinə bel ver” məsəli var. Xülasə, görün ermənisifətin biri nə deyir: “Mən Azərbaycan rəhbərliyini hərtərəfli sülh sazişini qəbul etməyə çağırıram”.

Bu sərsəmləməni Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair görüşdə deyib. Ağıldan əziyyət çəkən başabəla diplomat xanım axmaq fikrinə belə davam edib: "Düşünürəm ki, indi viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq və Ermənistanın kommunikasiya və digər regional proqramlara daha çox daxil edilməsini dəstəkləmək üçün doğru zamandır. Eyni zamanda, Ermənistanın görəcəyi işlər çoxdur. Bu, Rusiyadan çox asılıdır, orada rus ordusu yerləşir. 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan xalqları dinc və təhlükəsiz yaşamağa layiqdir". Avropalı deputatın belə bir çağırışı məhz Azərbaycana etməsi isə onun özünə qarşı ünvanlanacaq bir çox suallar doğurur.

Görürsünüzmü, "avropalı gəlin" çağırışını elə səsləndirir ki, sanki günahkar Azərbaycandır. Bəyəm o bilmir ki, hər dəfə sülh danışıqlarını pozan işğalçı Ermənistandır? Vicdanı ilə cavab versin: Azərbaycanın görəcəyi işlər çoxdur, yoxsa Ermənistanın? Azərbaycana Qarabağ boyda xarabalıq yaratmış ermənilərin hansı işləri var? Şübhəsiz ki, xanım Kalyurand kor deyil və qulaqları da yaxşı eşidir. Məgər erməni vandalların Azərbaycan ərazilərinin 20 faizində təbiəti, flora və faunanı darmadağın etdiklərindən, gözlə görünən və hətta görünməyən nə varsa hamısını dağıtdıqlarından, taladıqlarından, qısaca desək, yalnız yanar torpaq qoyub getdiklərindən də bixəbərdir? Xeyr. Heç də xəbərsiz deyil. Əgər elə olsaydı, o cür yüksək vəzifəyə yaxın da buraxılmazdı. Bəlkə də Ermənistanın cinayətkar əməllərinə xeyir-dua verənlərdən biri də elə bu Kalyuranddır?

Haylara bu cür qızğın eşq və məhəbbət sərgüzəştlərinin arxasında bir marağın dayanması şəksizdir. Ola bilər ki, Ermənistan taladığı Azərbaycanın sərvətlərindən bunlara da tulapayı ayırırmış. İrəvan konyakından məsti-xumar olan avropalı siyasət dəllalları bunların əldən çıxdığını görüncə üzləri daşa dönüb, o qədər aqressivləşiblər ki, insanlıqlarını tamamilə itiriblər. Belə məlum olur ki, bunlar “bazarkom” qiyafəsində haqqı, ədaləti, demokratiyanı Avropa bazarına çıxarıblar, kim pul verirsə ona da satırlar.

Marina Kalyurandın şəxsiyyəti, daha doğrusu şəxsiyyətsizliyi barədə geniş məlumatımız var. O, bizim əleyhimizə çalışanların ön sırasında olanlardandır. Kalyurand öz simasızlığını 2023-cü ilin sentyabr hadisələri dövründə də açıq göstərdi. Bir vaxtlar Qarabağa qonaq qismində gələn ermənilərin öz arzuları ilə qayıdıb getməsini az qala erməni toplumunun faciəsi kimi təqdim etməyə çalışırdı. Guya Azərbaycan onlara təzyiq göstərərək köçməyə məcbur edib. Ancaq köçən ermənilər mətbuata verdikləri açıqlamalarında təmiz Azərbaycan dilində  aydın şəkildə bildirdilər ki, azərbaycanlılar yaxşı xalqdır, onları heç kim incitmir, öz planlarına və arzularına görə bundan sonrakı həyatlarını "ana" Hayastanda davam etdirmək istəyirlər. Bu qədər sadə və anlaşıqlı.

Vəzifəsi Avropada sülhü, təhlükəsizliyi, ədaləti qorumaq, haqqı müdafiə etmək olan bu adam həm öz vəzifəsinə, həm də Avropa dəyərlərinə xəyanət edir. Ona görə də artıq dünyada beynəlxalq təşkilatlara inam və etibar itməkdədir. İmdad gözləyən xalqlar sonuncu ümid yerlərindən də məhrum ediliblər. Marina Kalyurand kimi "mədəni cəlladların" hesabına. Ancaq kim hansı əməldən çıxırsa-çıxsın, günlərin birində haqq-ədalət öz yerini tutur. Necə ki, otuz ildən sonra tutdu.

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
ikisahil.az

1Mənbələr