AZ

Daha iki milyarder Rusiya vətəndaşlığından imtina etdi

İki rusiyalı milyarder Rusiya vətəndaşlığından imtina ediblər. Bunlar Andrey Baronov və Ratmir Timaşevdir. Amerikanın IT şirkətləri “Veeam Software” və “Object First”in təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.


Sfera.az bildirir ki, vətəndaşlıqdan imtina edən milyarderlər “Rusiyanın 200 ən zəngin iş adamı” reytinqinə daxildirlər. Andrey Baronov və Ratmir Timaşev indi yalnız Kipr vətəndaşlığını saxlayıb.


Sahibkarların özləri uzun müddətdir ki, xaricdə: Baronov İsveçrədə, Timaşev isə ABŞ-da yaşayırlar.
 

Bundan əvvəl Baronov sosial şəbəkələrdə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya müdaxiləsini dəstəkləmədiyini yazmış və hərbi əməliyyatları tənqid etmişdi. Qeyd edək ki, Baronov və Timaşev son iki il ərzində Rusiya vətəndaşlığından imtina edən “Forbes” siyahısının indiki və keçmiş üzvləri arasında artıq səkkizinci və doqquzuncu biznesmendirlər.


Onların vətəndaşlıqdan imtina etdiyini ortaq bir dostları bildirib. O, həmçinin Rusiyanın Kipr Respublikasındakı səfirliyində imtina prosedurundan keçdiklərini və hazırda iş adamlarının yalnız Kipr vətəndaşlığının qaldığını bildirib.


Baronov ötən il vətəndaşlıqdan çıxmaq üçün sənədləri təqdim etdiyini bildirmişdi.
 

"Mən sahibkaram və heç vaxt ictimai rəy bildirmirəm, xüsusən də siyasətlə bağlı. Bu çox nadir bir istisnadır, çünki Rusiyanın Ukraynada apardığı müharibəsindən çox sarsılıram. Rusiya vətəndaşlığından imtina etmək üçün lazım olan bütün sənədləri rəsmən təqdim etmişəm"- deyə o yazıb.


Baronov müharibəni sərt tənqid etməklə yanaşı, ukraynalılara kömək edən nüfuzlu humanitar təşkilatlara milyonlarla dollar ianə edib.
 

2022-ci ilin əvvəlindən bəri Rusiya vətəndaşlığından imtina edən milyarderlər Timur Turlov (Freedom Holding), Yuri Milner (DST Global), Nikolay Storonski (Revolut), İqor Makarov (Areti), “Coalco”nun təsisçisi Vasili Anisimov və keçmiş milyarder - “Bank Tinkoff”un qurucusu Oleq Tinkov olublar.
 

2020-ci ildə “Forbes” Andrey Baronovun sərvətini 770 milyon dollar, Ratmir Timaşevin isə 680 milyon dollar qiymətləndirib. Onların sərvətinin əsasını 2020-ci ildə ABŞ-ın vençur kapitalı fondu “Insight Partners”a “Veeam Software”in satışından əldə olunan gəlir (beş milyard dollar) təşkil edir.


“Veeam Software” məlumatların idarə edilməsi, təhlükəsiz saxlanması və ehtiyat nüsxəsi üçün proqram məhsullarının hazırlanması üzrə ixtisaslaşıb. Timaşev və Baronov “Veeam Software”i 2006-cı ildə təsis ediblər.
 

2023-cü ilin fevralında tərəfdaşlar ABŞ-da “Object First”i təsis ediblər. “Object First” “Veeam” müştəriləri üçün ransomware tərəfindən qorunan ehtiyat saxlama məhsulları hazırlayır.
 

2023-cü ildə “Veeam” Rusiyadakı biznesini tamamilə məhdudlaşdırıb.
 

Xatırladaq ki, “Putinka” araq brendinin və “Coalco” daşınmaz əmlak holdinqinin keçmiş lisenziyasının sahibi, rusiyalı milyarder Vasili Anisimov hazırda Xorvatiya vətəndaşı kimi siyahıya alınıb. Britaniya mediası daha əvvəl bildirmişdi ki, Londondakı şirkət məlumatlarına əsasən, Anisimov 2022-ci ilin ortalarında ölkəyə 11 milyon dollar sərmayə qoyaraq vətəndaşlığını rusdan Xorvatiyaya dəyişib. Anisimov həmçinin Dominikan Respublikasının vətəndaşlığına malikdir.


Aynil
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
39
sfera.az

10Mənbələr