AZ

Erol Bulut: “Fənərbaxça” istədiyim oyunçuları almadı”

Çempionşip təmsilçisi “Kardiff Siti”nin türkiyəli baş məşqçisi Erol Bulut komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Arena.az xəbər verir ki, İngiltərədə çalışan ilk türk məşqçi olmaqdan qürur duyduğunu bildirən 48 yaşlı mütəxəssis məqsədinin komandası ilə Premyer Liqada mübarizə aparmaq olduğunu bildirib:

“Hazırda heyətlə bağlı sıxıntılarımız var. Üçü qapıçı olmaqla cəmi 25 futbolçu ilə mübarizə aparmaq məcburiyyətindəyik. Əsas heyətdən 1-2 oyunçu zədələnəndə komandanın tarazlığı pozulur. Çempionşip çox çətin bir liqadır. Oynadığımız futbolla hər kəsi təəccübləndirə bilmişik. Aşağı sıralarda olacağımız gözlənildiyi halda, üst sıralardaydıq. Ümid edirəm ki, mövsümün sonuna kimi bunu davam etdirə bilərik. Yanvarda bir neçə transfer edə bilsək, komandanı pley-offa çıxarmaq şansımız ola bilər”.

Erol Bulut vaxtilə rəhbərlik etdiyi “Fənərbaxça” rəhbərliyindən narazılığını da dilə gətirib. O, bu komandanı çalışdırdığı dönəmdə istəmədiyi oyunçuların alındığını, istədiyi futbolçuların isə transfer edilmədiyini bəyan edib:

“İstədiyim transferlər tam reallaşmadı. Bunu açıq və aydın deyə bilərəm. Bunu rəhbərlik də bilir. İstəmədiyim futbolçular… Bu o demək deyil ki, istədiyiniz oyunçular hər zaman alınacaq, bəli alınmaya da bilər, amma bir şeyə birlikdə qərar verməliyik. Birlikdə bir şeyə qərar veririksə, bunu “Fənərbaxça” adına edirik, komandanın çempionluğu adına qərar veririk. İstəmədiyim futbolçu idi, amma “Fənərbaxça”ya cəlb olundu. Bunu açıq deyə bilərəm. Rəhbərlik, yoxsa idman direktoru? O vaxt kim qərar verirdisə, o, qərar verdi və futbolçu gətirdi. İllər sonra gördük ki, o futbolçuların heç birindən yararlana bilmədik. Bircə transfer istədim, Bakasetasın alınmasını istədim, o da alınmadı. Bakasetaş “Trabzonspor”a gedəndə ilk 6 həftədə vurduğu qollarla 18 xal aldı. Bu o demək deyil ki, o hər şeyi təkbaşına əldə etdi. Sadəcə, onun keyfiyyətli futbolçu olduğu və komandaya böyük töhfə verə biləcəyi göz qabağındaydı. Onu istəyirdim, amma ala bilmədik. Ala bilmədik deyil, almadıq. “Fənərbaxça” istədiyi hər futbolçunu alar”.

Xatırladaq ki, “Kardiff Siti” Çempionşipdə 19 turdan sonra 27 xalla 11-ci pillədə qərarlaşıb.

Erol Bulut 2020-ci ilin iyul ayından 2021-ci ilin martına kimi “Fənərbaxça”ya rəhbərlik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
arena.az

1Mənbələr