AZ

KÖHNƏ AVTOMOBİL SAHİBLƏRİNİN NƏZƏRİNƏ: Bu şəxslərə güzəştlər oluna bilər...

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası mexanizminin yaradılması istiqamətində addımlar atılmağa başlayıb. Mexanizmin hüquqi bazasını “İstehsalat və məişət tullantıları haqqında” qanun təşkil edəcək. Bunun üçün qanuna olunacaq dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsindədir.


Layihənin komitə müzakirələri zamanı verilən məlumatlardan aydın olur ki, avtomobillərin utilizasiya haqqı onların idxalı zamanı gömrük sərhədindən keçərkən ödəniləcək. Bu zaman nəzərdə tutulan utilizasiya haqqının məbləği 400-700 manat arası nəzərdə tutulur.


Belə ki, 1-3 il istehsal müddəti olan avtomobillər üçün utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Hökumət məmurları deyirlər ki, bu rəqəmlər hələlik dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər.


Utilizasiya prosesinin tam olaraq həyata keçirilməməsi hansı potensial təhlükələrə yol aça bilər?


Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bu haqda Referans.az-a danışıb.


“Bakının mərkəzində sınıq-salxaq, istifadəyə yararsız nəqliyyat vasitələrinə rast gəlirik. Hansıki bunların nə sığortası, nə də texniki baxışı var, lakin hələ də istifadə olunur. Bu avtomobil qəza törətdikdə ona təzminat necə ödəniləcək, xəsarət halları necə qiymətləndiriləcək bunlar – bu məqamlar sual doğurur”.


Ekspert qeyd edib ki, dünya təcrübəsində həmin yararsız nəqliyyat vasitələri dövlət tərəfindən qəbul olunur və onun müqabilində müəyyən güzəştlər tətbiq olunur. Bu güzəştlər vasitəsilə şəxs aşağı faizlərdən istifadə edərək yeni avtomobil ala bilər.


“Xarici dövlətlərin bu sahədə olan təcrübələrindən istifadə edərək utilizasiya prosesi həyata keçirməyimiz daha məqsədəuyğundur. Belə olan halda vətəndaşlar da bu prosesdə maraqlı olacaqlar. Sonda isə biz müsbət nəticələr əldə etmiş oluruq. Nəqliyyat vasitələri yenilənir, yol hərəkəti iştirakçıları, piyadalar, sürücülər üçün yaranan potensial təhlükənin qarşısı alınır”.


Ekspert son olaraq, utilizasiya məsələsinə aydınlıq gətirilməsi üçün parlamentdə müzakirənin vacib olduğunu vurğulayıb.

 

Fidan Vəlisoy

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
2
oxu.az

3Mənbələr