AZ

Türkiyə və Yunanıstan dostluq və mehriban qonşuluq münasibətləri haqqında Bəyannamə imzalayıblar

Türkiyə ilə Yunanıstan arasında dostluq və mehriban qonşuluq münasibətləri haqqında Bəyannamə imzalanıb.

Tarixi sənədi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis imzalayıb. “Hər iki ölkənin suverenliyindən irəli gələn hüquqlara tam hörmətlə yanaşaraq, indicə imzaladığımız bəyannamə aramızdakı dostluğu təsdiq edir, dialoqumuzun prinsip və istiqamətlərini, həm regional, həm də beynəlxalq miqyasda əməkdaşlığımızın imkanlarını müəyyən edir”, – Yunanıstanın baş naziri deyib.

O əlavə edib ki, sənədin imzalanması ölkələr arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılmış addımdır, Türkiyə və Yunanıstan əməkdaşlığı və iqtisadi qarşılıqlı fəaliyyəti artıra biləcək. Mitsotakis həmçinin ümid etdiyini bildirib ki, tərəflər dəniz sərhədləri – kontinental şelf, Egey və Şərqi Aralıq dənizində eksklüziv iqtisadi zonaların delimitasiyası barədə qərar qəbul edə biləcəklər.

“Biz Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirməyə çalışırıq”, – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, qeyd edib ki, ölkələr arasında “həll olunmayan problem yoxdur”. 2024-cü ilin yazında Mitsotakis Türkiyənin paytaxtına səfər etməyi planlaşdırır. Türkiyə və Yunanıstan liderlərinin gələn il ikinci görüşü ABŞ-da Şimali Atlantika Alyansının sammitində baş tutacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
132
editor.az

1Mənbələr