2020-ci il avqustun 1-nə keçən gecə Şabranda rayon sakini 1994-cü il təvəllüdlü Ələkbər Əmirov qətlə yetirilib.
Ona xəsarət yetirən 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun qanında 1.93% etil spirti aşkar edilib ki, bu da insanlarda orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 2020-ci il mayın 17-i saat 22:30-da Taleh Atamoğlanov dostları ilə birlikdə Quba rayonunun ərazisində yerləşən "Məkan" adlı kafedə qonaq olublar. Sonda isə ödəməli olduqları hesaba görə mübahisə zəminində dostlar oranın icarədarı Bədirxan Muradovu nalayiq ifadələrlə təhqir ediblər. Taleh əlindəki pivə bokalını və özünə məxsus mobil telefonu yerə çırparaq sındırıb. Dava zamanı Taleh, həmçinin kafenin girişindəki masa və stulları yerə aşırıb, işıq plafonlarını əli ilə vurub sındıraraq, obyektə məxsus əmlakı məhv edib. Onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan Bədirxan Muradova bədən xəsarətləri yetirib. Bundan başqa T.Atamoğlanov avqustun 1-i gecə saat 2 radələrində, sərxoş halda, Şabran rayonunun Günəşli kəndində, yaşadığı evin qarşısında mübahisə zamanı dayısı oğlu Ələkbər Əmirovun sol bud nahiyəsinə bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya aparılarkən kəskin qanitirmə səbəbindən dünyasını dəyişib.
İş üzrə dindirilmiş Taleh Atamoğlanov bildirib ki, mayın 17-də dostları Rəşad Tağıyev və Rəşad Məmmədovla birlikdə pivə içmək üçün Quba rayonu ərazisində yerləşən kafeyə gedib. Ofisiant yaxınlaşıb hesabın 6 manat 50 qəpik olduğunu söyləyəndə, ona cəmi 6 manat pulu olmasını, 50 qəpiyi sonra verəcəyini deyib:
"Həmin vaxt kafeni işlədən Bədirxan Muradov yaxınlaşıb, hesabı tam ödəməyimi tələb etdi. Ona mütəmadi kafeyə gəldiyimi və lazımdırsa, mobil telefonumu girov qoya biləcəyimi bildirdim. Bədirxan Muradov bununla razılaşmayıb pulu istəyəndə, Rəşad Tağıyev cibindən 100 manat çıxarıb, ona uzatdı. Bədirxan hesabı çıxandan sonra Rəşada qalan pulu qaytarıb və mətbəxə keçib. Obyektin icarədarı mənim xahişimi nəzərə almayıb, dostlarımın yanında biabır etdiyinə görə əsəbiləşərək özümə məxsus mobil telefonumu və pivə bokalını yerə çırpıb sındırdım. Bunu eşidən Bədirxan əsəbi halda yanımıza yaxınlaşdı. Aramızda mübahisə yarandı. Dostlarım məni kafedən həyətə çıxarsalar da, hirsim soyumadığından, obyektin girişində olan masanı və stulu qaldırıb yerə çırpdım.
Kafenin həyətində işıq plafonlarını da sındırdım. Taksi ilə yaşadığımız kəndə getdik".
Avqustun 1-i gecə saat 2 radələrində isə Taleh Atamoğlanov yaşadığı evdə televizora baxa-baxa, spirtli içki içib. O, küçədən səs-küy eşidib çölə çıxanda, qonşuluqda yaşayan dayısı oğlu Ələkbər Əmirovun qohumu Nahid Nuriyevlə mübahisə etdiyini görüb:
"Nəyə görə mübahisə etdiklərini soruşanda, Ələkbər məni söydü və buna görə bir-birimizə əl atdıq. Əsəbiləşərək evə qayıdıb mətbəx bıçağını götürdüm və geri qayıdaraq, evin qarşısında dayım oğlunun ayağına zərbə vurdum. Yerə yıxılıb qışqıran Ələkbərin səsinə ailə üzvlərim və ətrafda yaşayan sakinlər toplaşdılar. Əlimdəki bıçağı yerə atıb evə keçdim. Yarım saatdan sonra polis əməkdaşları gəlib, məni şöbəyə apardılar. Ələkbərin xəstəxanaya aparılarkən yolda öldüyünü bildim. Qohumumu öldürmək niyyətim yox idi. Söyüş söydüyünə görə, cəzalandırmaq məqsədilə bir dəfə bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim".
Zərərçəkmiş şəxsin hüquqi varisi Fəzail Əmirov ifadəsində göstərib ki, avqustun 1-də atası Məzahir Əmirovla birlikdə Sumqayıt şəhərində yaşayan bacısının evində olub:
"Gecə saat 3 radələrində qonşularımız atama zəng edib, Talehin Ələkbəri bıçaqladığını və onun xəstəxanaya aparıldığını xəbər verdilər. Rayona çatarkən Ələkbərin öldüyünü öyrəndik.
Sonradan mənə məlum oldu ki, qardaşım yaşadığı evdə dayım qızının əri Nahid Nuriyevlə spirtli içki qəbul etdikdən sonra küçədə aralarında mübahisə yaranıb. Onların səsini eşidən bibim oğlu Taleh Atamoğlanov alt paltarında küçəyə çıxanda, Ələkbər ona iradını bildirib. Bundan sonra Taleh evdən götürdüyü bıçaqla qardaşıma zərbə endirib".
Şahid Nahid Nuriyev bildirib ki, avqustun 1-də qayınatası Rövşən Qarayevlə birlikdə günəmuzd işlərini gördükdən sonra, saat 22 radələrində Ələkbər Əmirovun evinə qonaq gediblər:
"Həyətdə əyləşib yeyib-içərkən telefonuma zəng gəldiyindən, danışmaq üçün masadan qalxıb bir az aralandım. Danışarkən qayınatam qışqıraraq telefonu söndürməyimi bildirdi. Ardınca Ələkbər də qışqırıb ümumiyyətlə bizdən evini tərk etməyimizi tələb etdi. Buna görə, Ələkbərlə aramızda mübahisə başladı. Qonşuluqda yaşayan Taleh Atamoğlanov nəyə görə dalaşdığımızı soruşanda, Ələkbər ona kobud cavab qaytardı. Bu zaman onlar əlbəyaxa oldular. Taleh gözləməsini deyib evə qaçdı və geri qayıdaraq, bıçaqla Ələkbəri ayağından vurdu. Talehin anası evdən çıxaraq, oğlunun əlindən bıçağı aldı. Səs-küyə gələn Ələkbərin arvadı Günel və bacısı Lamiyə qışqıraraq insanları köməyə çağırmağa başladılar. Qonşuluqda yaşayan Elnur adlı şəxsin avtomobili ilə yaralını Xaçmaz Mərkəzi Xəstəxanasına apardıq".
Məhkəmə iclasında Taleh Atamoğlanov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş Bədirxan Muradov bildirib ki, ona qarşı şikayəti yoxdur.
Məhkəmə hesab edib ki, Taleh Atamoğlanova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.1-ci (xuliqanlıq) maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Atamoğlanov 12 il müddətinə azadlıqdan məhrum olunub.
Həmin görüntüləri təqdim edirik: