AZ

"Yardımlaşma kampaniyası” adı altında dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi keçirildi

"Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Tənzilə Kərimova ifadə verib.

O, bildirib ki, bu biznesi idarə edən vaxt özünə aid 5 bank kartı olub, həmin kartlar onun, qardaşının və yaxın qohumlarının adına olub:

"Ödənişlər ancaq kart vasitəsilə olub, heç vaxt kimdən nağd pul almamışam. İlk olaraq bir neçə qrup rəhbərini özüm cəlb etmişəm, sonrakı qrup rəhbərlərinin heç birini şəxsən tanımamışam. Şəbəkədə 11 qrup rəhbəri olub, hər qrupda da 10-12 nəfər oyunçu olub. Hər qrup rəhbərinin özünün və yaxınlarının bank kartı olub. Qrup rəhbəri olan İlahə xanım deyirdi ki, elə vaxt olub 1 gün ərzində bank kartında 200 minlik dövriyyə olub".

Daha sonra zərərçəkmiş qismində tanınan Nigar Orucova ifadə verib:

"Mən şəbəkəyə qoşulanda Tənziləyə dedim ki, uşağım qan xəstəsidir, ona görə bura qoşuluram ki, pul qazanım. Mən ancaq pul yatırmışam, heç vaxt pul çıxarmamışam. Bir gün Tənzilə mənə dedi ki, bu gün kartına pul yatıracam, ancaq bir qəpik də yatırmadı".

Digər zərərçəkmiş Rəşxəndə Abdulxalıqovanın sözlərinə görə, bütün pullar karta Tənzilə xanımın razılığı ilə atılıb: "Yəni şəxsən mən özü ilə danışıb sonra karta pul atmışam".

Məhkəmənin növbəti gedişində hakim Eldar İsmayılov tərəfindən məhkəməyə gəlməyən dindirilməmiş və adı ittiham aktında keçən qrup rəhbərləri və zərərçəkənlər barədə polis vasitəsilə məcburi gətirmə qərarı qəbul edildi.

Məhkəmə prosesi sentyabr ayının 25-nə kimi təxirə salındı.

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp” qrupu yaradıb. O, bu qruplar vasitəsi ilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. Belə ki, o vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Orxan Rasifoğlu

Seçilən
157
20
e-huquq.az

10Mənbələr