AZ

“Hindular” 183 milyon avroluq yeni futbolçular alıb

“Atletiko” hazırda İspaniyanın transferlərə ən çox pul xərcləyən komandasıdı, dünyada isə yalnız “Çelsi”, “Aston Villa” və “Bavariya”dan geri qalır.

Artıq Le Norman (34,5 milyon avro), Sörlot (32 milyon) və Xulian Alvaresin (75 milyon) keçidi həll olunub. Madridlilər bununla da kifayətlənmək fikrində deyil. “Çelsi”dən Qallaherin keçidini çərşənbə günü bitirdilər (42 milyon), hazırda Kanteyə maraq göstərmələri ilə bağlı şayiələr dolaşır. Bu transferi də gerçəkləşdirmək mümkün olsa, xərclər 200 milyon avronu ötəcək. Madrid klubu 2019-cu ildən bəri belə çox pul xərcləmirdi. Bəs bu səviyyədə güclənmə “Atletiko”nun çempionluq şansını nə dərəcədə artırıb? Bu suala cavab tapmağa çalışaq.

Madridlilər işə əməkhaqqı cədvəlini təmizləməklə başladı. Klub veteranlardan və yaşlı oyunçulardan qurtuldu. Qabriel Paulista (33 yaş), Vitolo (34), Saviç (33), Depay (30) və Ermoso (29) pulsuz getdi, Saulu (29) “Sevilya” icarəyə götürdü, klub Morata (31) ilə Çağlar Söyüncünün (28) satışından 21,5 milyon avro qazandı. Bu addımlar baha transferləri reallaşdırmaq üçün yol açdı. Gedənlərin sayəsində əməkhaqqı cədvəli 25 milyon avro azaldı, elə bir o qədər də vergiyə gedəcəkdi.

“Atletiko”nu bu yay tərk edənlər
yaş hara transfer məğbləği* ötən mövsümdəki maaşı
Qabriel Paulista 33 Beşiktaş 0 1,2
Vitolo 34 azad agent 0 0,7
Stefan Saviç 33 Trabzonspor 0 2,2
Memfis Depay 30 azad agent 0 4,2
Mario Ermoso 29 azad agent 0 4
Alvaro Morata 31 Milan 13 6,5
Çağlar Söyüncü 28 Fənərbaxça 8,5 1,2
Saul Nyiqes 29 Sevilya icarə 5,8 21,5

* milyon avro ilə.
“Atletiko” hücumu (Alvares və Sörlot), müdafiənin mərkəzini (Le Norman) gücləndirdi və Qallaheri də “8 nömrə” mövqeyinə gətirir. Bununla yanaşı, problemli mövqelər qapanmayıb. Simeone ötən mövsüm “Atletiko”nu yaradıcı və hücumameyilli komandaya çevirmək yolunda addımlar atsa da, bəzi problemlərlə üzləşdi.

Profilcə müdafiəçi olmayan 35 yaşlı Vitsel müdafiənin mərkəzində hamıdan çox vaxt keçirdi. Komanda, sadəcə, müasir mərkəz müdafiəçilərinin yoxluğunda əziyyət çəkdi. Le Normanın gəlişi ilə problem qismən həll olundu. İndi isə komandaya oxşar planlı solaxay futbolçu lazımdı. Bunsuz “Atletiko” bir neçə mərhələdə tərəqqi etməkdə çətinlik çəkəcək: topun oyuna daxil edilməsində, topa nəzarət rəqibdə olarkən müdafiə olunmaqda.
İkinci problem dayaq yarımmüdafiəçisi ilə bağlıdı. Heyətdə bu mövqeyə də oyunçu yoxdu. Ötən mövsüm həmin mövqedə heç də “6 nömrə” olmayan 32 yaşlı Koke oynadı. Üstəlik onun əvəzedicisi də yoxdu. Qallaherin gəlişi komanda pressinqini tətbiq etmək baxımından irəliyə doğru böyük addım olacaq. İngiltərə çempionatının ötən mövsümündə yalnız Edeqor (41 dəfə) meydanın rəqibə aid hissəsində topu öz komandasına qaytarmaq baxımından Qallaheri (37) üstələyib.

Qallaher də start heyətini gücləndirmək baxımından möhtəşəm ad deyil. Konor premyer-liqanın ötən mövsümündə 5 qol vurub, 7 məhsuldar ötürmə verib. De Paul və Lyorente ilə müqayisədə bir qədər yüksək göstərici olsa da, qeyri-adi deyil.

Alvareslə Sörlot hücum xətti üçün əla transferlərdi. Xulian Qrizmannın varisi sayılır, onun kimi çoxyönlü və qeyri-adi dərəcədə işgüzar istedaddı. Aleksandr karyerasının ən yaxşı mövsümünü arxada qoyub – “Vilyarreal”ın heyətində 23 qol və 6 ötürmə. Norveçli, demək olar ki, bombardirlər üçün ayrılan Piçiçi mükafatını götürmüşdü, sadəcə, son turda Dovbik onu ötdü. Yəqin ki, La Liqanı premyer-liqaya dəyişdiyinə görə Sörlotun məhsuldarlığında müəyyən eniş olacaq. Ancaq istənilən halda mövsüm ərzində 10-15 qol vuracağını düşünə bilərik. Xüsusən də ona Qrizmann və Alvares kimi usta oyunçuların yardım edəcəyini nəzərə alsaq.

Ulduzları necə yerləşdirməli?
Başqa bir sual yaranır: bəs Dieqo Simeone üç forvardı heyətdə yerləşdirməyi bacaracaqmı? Bəli. İlk variant: üç hücumçu ilə oynamaq, belədə onlardan ikisi (Antuan və Xulian) insayd olacaq. İkinci variant: iki hücumçu ilə oynamaq, Qrizmannın və ya Alvaresin orta sahədə qərarlaşması. Bu variant ağılsızlıq deyil: hər iki oyunçu artıq “8 nömrə” mövqeyində oynayıb, onların iş keyfiyyəti və müdafiə bacarıqları bu rolda faydalı olmaq üçün kifayət edəcək.

“Atletiko”nun heyətində daha çox hücumameyilli olmaq ilə şərtlənən disbalans var, qapıçı mövqeyi də suallar doğurur. Oblak komandanın ən yüksək ödənişli oyunçusudu (ildə təmiz 10 milyon avro). Bunun səbəbi də aydındı: Yan uzun illər ərzində az qala dünyanın ən yaxşı qapıçısı idi, komandanı onlarla qoldan xilas edib. Ancaq son illərdə onun da oyununda qeyri-sabitlik var. Yanın əvvəlki qəhrəmanlıqlarından əsər-əlamət qalmayıb, onların yerini səhvlər tutub. Bu yay da qapıçı ilə bağlı suallar yaranıb. Oblak mövsümöncəsi hazırlıq dövrünü trenajor zalında keçirib, yoxlama oyunlarının heç birində iştirak etməyib. Sloveniyalının zədələnməsi ilə bağlı heç bir xəbər yoxdu, bütün başverənlər fonunda rəhbərliyin ultimatumu ilə bağlı şayiələr yayılıb: ya maaşının aşağı salınmasına razılıq ver, ya da komandadan get. Mövsümöncəsi hazırlıq dönəmində qapıda 26 yaşlı rumıniyalı, ötən mövsüm heç bir oyuna çıxmayan Horatsiu Moldovan dayanıb.

“Atletiko” mövsümlərarası dövrə yetərincə güclənib, xüsusən də yerində sayan, maliyyə problemindən əziyyət çəkən “Barselona”nın fonunda. Kataloniyalılar da problemli mövqeləri qapamayıb, onsuz da yüklənən mövqeyə transfer edib. Dani Olmo Avropa çempionatını yaxşı keçirsə də, çətin ki, mövsüm ərzində 20 qol vura, üstəlik zədələrdən əziyyət çəkib.

“Atletiko”nun transfer bazarında “Barsa”dan yaxşı çalışdığı şübhə doğurmur. Ancaq “Real”la müqayisə zamanı eyni sözü demək olmaz. Madrid nəhəngi heyətinə Endriklə Mbappeni qatıb. Düzdü, “kral klubu”nda da sağlam mərkəz müdafiəçiləri çatışmazlığı var, ancaq komanda ötən mövsüm “sınıq” Eder Militao və Alaba ilə Çempionlar Liqasını qazandı. Ötən mövsümün parlaq kəşfi, yenə də nəhənglərdən hansınısa ilk “3-lük”dən çıxarmağa çalışacaq “Jirona”nı da unutmaq olmaz.

“Atletiko” hər nə qədər güclənsə də, elə səviyyəyə çatmayıb ki, çempionluğu qazanmaq baxımından ikinci favorit kimi göstərilsin. Bukmekerlər hələ də “Barselona”nı daha şanslı sayır. Ancaq hər şey fərqli ssenari üzrə də cərəyan edə bilər. “Hindular” çempionluq ambisiyalarını gizlətmirlər.

Seçilən
82
1
football-plus.az

2Mənbələr