AZ

Rəisinin qəza yerinə niyə tez çatmadılar?

Artıq 2 gündür ölkə və dünya gündəmi İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Abdullahianın ölümü ilə, daha doğrusu, 8 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopterin qəzası xəbərləri ilə çalxalanır. Hadisə ilə bağlı təhlil və araşdırmalar isə qəzanın əsas səbəbi kimi ölkə idarəetməsində önəmli rola sahib olan şəxs və ya şəxsləri daşıyan helikopterin istismar müddətini çoxdan tamamlamış olması, 6 nəfərlik tutuma sahib olmasına baxmayaraq, icazə veriləndən daha artıq sayda sərnişin daşıması, ehtiyat hissələri belə sanksiyalar altında olan və istehsalçı tərəfindən texniki xidmətin dayandırıldığı nəqliyyat vasitəsinin uyğunsuz hava şəraitində uçuş etməsi göstərilir.

Deyilənə görə, İranda bütün helikopterlərin vəziyyəti belədir. Hətta təkcə helikopterlər köhnə deyil, avtobus, qatar, avtomobil və digər minik vasitələri aşağı standartlarla xalqa və görünür, ölkənin rəhbər şəxslərinə xidmət göstərir – can bahasına səbəb ola biləcək təhlükədə olan nəqliyyat vasitəsinin xidmətinə “xidmət” demək olarsa...

Digər tərəfdən helikopterin qəza etməsindən təqribən 12 saat və daha artıq müddətə axtarış heyəti hadisə yerini müəyyənləşdirə bilib. Sonrakı təkzib xəbərlərini nəzərə almasaq, helikopterdəki şəxslərin bir və ya bir neçəsi ilə əlaqə saxlanıldığına, hətta Rəisi ilə danışıldığına dair xəbərlər də mediada əksini tapdığını xatırlamış olarıq. Helikopterin daha aşağı hündürlükdən uçduğunu, pilotun eniş üçün ən uyğun variantlardan istifadəyə çalışdığını nəzərə alaraq, qəza anından 8 nəfərdən hər hansı birinin bəlkə də sağ qurtulduğuna dair bir fikir yaranır. Çünki vaxtında müdaxilə həyat qurtarır...

Burada isə axtarış heyətinə qalxan kimi mane olan digər amil ortaya daxil olur: Yol infrastrukturunun olmaması. Güneyli fəallar, əraziyə yaxından tanış olanlar birmənalı şəkildə deyirlər ki, o ərazidə illərdir yol yoxdur. Yaxınlıqdakı kəndlərdə yaşayanlar bunun əziyyətini çəkir. Hətta bəzən yaşadıqları yerdən sadəcə ildə 2 dəfə çıxa bilirlər.

Yerli əhali arasında Rəisini sevənlər qədər sevməyənlər, bu hadisəyə görə yas saxlayanlar qədər bayram edib, şənlənənlər də var. Nə qədər xoş olmasa da, ölümə sevinənlər də onlardır: illərdir şəraitsizliyin, problemlərin içində ömür çürüdənlər.

Hazırki vəziyyət – İranda ümumiyyətlə həyat göstəricisini aşağı salan yaşam şəraitinin hökm sürməsi Rəisi ilə başlamayıb, heç Rəisi ilə də bitməyəcək. Sadə vətəndaş isə yaşadığı problemin kimdən və nədən qaynaqlandığının fərqinə varmır, görmür, heç görmək də istəmir.

Bəlkə də ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi, ölkənin iqtisadi cəhətdən böhran vəziyyətinə düşməsi və digər amillər İranın rəhbər şəxslərinin bu kimi hadisələrin önləmini almasına, problemləri zamanında görüb, aradan qaldırmasına imkan vermir.

Əlbət, tale, qismət, alın yazısı, Allahın hökmü kimi barışdırıcı kəlimələrin qarşısında bir yerdə səsimizi qısırıq. Amma məntiq dövrəyə girəndə İranın təhlükəsizliyin təmini cəhətdən bir qədər məsuliyyətsiz yanaşmasının nəticələrinin ölkənin rəhbər şəxslərindən də yan keçmədiyini görürük.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
1
axar.az

10Mənbələr