AZ

AZƏRTAC-ın təşəbbüsü ilə Tbilisidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan fotosərgi açılıb

Tbilisi, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” adlı fotosərgi açılıb.

AZƏRTAC-ın təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilən sərginin açılışında səfir Faiq Quliyev, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, dövlət və hökumət üzvləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fotosərgidə unudulmaz tarixi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, dünya siyasi liderləri, eləcə də Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə görüşlərini əks etdirən nadir fotolar nümayiş olunub.

Səfir Faiq Quliyev qonaqlara Ulu Öndərin fəaliyyəti, eləcə də Gürcüstanla bağlı siyasəti, dahi şəxsiyyətin gürcü xalqına olan dostluğu barədə ətraflı məlumat verib.

Newsday.ge portalının direktoru, politoloq Avtandil Otinaşvili AZƏRTAC-a müsahibəsində deyib ki, bu sərgi gənc nəslə Heydər Əliyev şəxsiyyəti, dühası barədə məlumatların çatdırılmasında mühüm rol oynayır: “İnsanlar yazılı tarixi oxuyurlar. Lakin fotolarda görünən məqamlar insana sanki həmin tarixi anları yaşadır. İstər-istəməz dahi şəxsiyyətlər, o cümlədən bizim də yaxın dostumuz olan fenomen şəxsiyyət Heydər Əliyev haqqında düşünürsən. Bu sərgi və ümumiyyətlə belə tədbirlər Heydər Əliyevi hələ uzun əsrlər yaddaşlarda yaşadacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
341
50
Mənbələr
Şərh ()
Bağla