AZ

Ukraynada AZƏRTAC-ın təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi açılıb VİDEO

Jitomir, 6 dekabr, AZƏRTAC

Ukraynanın Jitomir şəhərində AZƏRTAC-ın təşəbbüsü və Ukrayna Azərbaycanlıları Həmrəylik Konqresinin birgə təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan fotosərginin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Jitomir vilayət Şurasının (Parlamentinin) Oleq Oljiç adına Regional Elmi Kitabxanasında keçirilən fotosərginin rəsmi açılış mərasimində Ukrayna Ali Radasının deputatı Sergey Kuzminix, Jitomir Vilayət Şurasının sədr müavini Volodimir Şirma, Jitomir vilayət, şəhər və rayon Şurasının deputatları və digər rəsmi şəxslər, eləcə də Estoniya, Almaniya və Çexiyanın Jitomirdəki icmalarının rəhbərləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Ukraynanın sabiq Prezidenti Leonid Kuçma, habelə dünya liderləri ilə görüşlərini, beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotolar da nümayiş olunub. Həmçinin, Ulu Öndərin həyat və yaradıcılığına dair Ukrayna dilində çap olunan kitablar tədbir iştirakçılarına təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Ukrayna Azərbaycanlıları Həmrəylik Konqresinin sədri İlqar Məmmədov bildirib ki, Heydər Əliyev dünya lideri olduğu üçün xarici ölkələrdə Ulu Öndərin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunur. “Azərbaycan diasporunun formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlıları dövlətimiz ətrafında birləşərək böyük gücə çevrildilər. Uğurlu diaspor siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Diaspor qarşısında artıq yeni hədəflər qoyulub. Bütün dünyada olan soydaşlarımız kimi Ukraynada yaşayan azərbaycanlılar bu hədəflərə çatmaq üçün səylərini daha da gücləndirməlidir”, - deyə İlqar Məmmədov əlavə edib.

Ukrayna Ali Radasının deputatı Sergey Kuzminix bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu, dövlətlərimiz arasında dostluq münasibətlərinin banisidir. Ukrayna üçün böyük işlər görmüş Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş fotosərginin Jitomirdə açılması qürurvericidir. “Heydər Əliyev Ukraynanın böyük dostu idi. SSRİ Nazirlər Kabineti sədrinin müavini işlədiyi dövrdə Ulu Öndər Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə köməklik göstərib. Onun xidmətləri və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarlar yüksək qiymətləndirilir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin Ukraynaya verdiyi dəstək əhəmiyyətli idi”, - deyə deputat əlavə edib.

Jitomir Vilayət Şurasının sədr müavini Volodimir Şirma qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, hörmət və qarşılıqlı dəstək dəyişməz olaraq qalır. Bu münasibətlərin banisi Heydər Əliyevdir. Onun xidmətlərini Ukrayna xalqı heç vaxt unutmayacaq. Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenskinin birgə səyləri nəticəsində iki ölkə arasında strateji əlaqələr mövcuddur. Azərbaycan genişmiqyaslı müharibənin ilk günlərindən Ukraynaya humanitar yardım göndərməyə başlayıb.

Daha sonra çıxış edən Jitomir rayon Şurasının sədr müavini Volodimir Paliy, Ukrayna Azərbaycanlıları Həmrəylik Konqresinin sədr müavini Olqa Məmmədova və digərləri Ulu Öndərin keçdiyi siyasi yoldan, tarixi xidmətlərindən danışıblar.

Fotosərginin rəsmi açılış mərasimi Ukraynanın yerli KİV-ə geniş işıqlandırılıb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
286
50
Mənbələr
Şərh ()
Bağla